Ölkəmizdə, eləcə də muxtar respublikamızda bir çox sahələr kimi, təhsilin inkişafına da böyük diqqət yetirilir, ildən-ilə bu sahəyə dövlət qayğısı daha da artırılır. Böyüklüyünə, kiçikliyinə, yaxınlığına, uzaqlığına fərq qoyulmadan bütün yaşayış məntəqələrində müasir təhsil infrastrukturunun qurulması təkcə paytaxt şəhərimizin deyil, qəbul imtahanlarında iştirak edərək ali məktəblərə qəbul olunanlar arasında ucqar yaşayış məntəqələrindən olan abituriyentlərin də sayını artırıb.
Ötən tədris ilinin qəbul imtahanlarında qazanılan uğurlar Ordubad rayonunun timsalında da özünü göstərir. Muxtar respublikamızın əksər ümumi təhsil müəssisələrində olduğu kimi, bu rayonun bir çox məktəblərinin məzunları da ali məktəblərə builki qəbul imtahanında müvəffəqiyyətlə iştirak ediblər. Belə ki, qəbul imtahanları zamanı Ordubad rayonunun abituriyentlərindən 213-ü ali təhsil müəssisələrinə sənəd verib, onlardan 20 nəfəri 500, 1 nəfəri isə 600-dən yuxarı bal toplayıb. Rayonun bütün məktəbləri üzrə ən yüksək nəticəni Aza kənd tam orta məktəbinin məzunu Leyla Əsgərli göstərib. Qəbul imtahanlarında III ixtisas qrupu üzrə iştirak edən Leyla 642 bal toplayıb.
O deyir ki, qəbul imtahanlarında uğur qazanmağımda başlıca amil məktəbimizdə yaradılmış müasir şərait, zəngin kitabxana, elektron lövhəli siniflər, fənn kabinələri və ən əsası müəllimlərimizin danılmaz zəhmətidir. Təhsil aldığım məktəb hərtərəfli maddi-texniki baza ilə təchiz olunub. Məsələn, informatika dərsləri əvvəllər qiyabi şəkildə tədris edilirdisə, bu gün artıq əyani olaraq kompüterlər vasitəsilə tədris olunur. Həmçinin dərslərin elektron lövhəli siniflərdə keçilməsi də mövzunun tam şəkildə mənimsənilməsinə şərait yaradır. Bundan başqa, dərsliklər məktəblilərə ödənişsiz verilir, lazımi dərslikləri asanlıqla əldə edə bilirik. Təbii ki, bu da biliklərə yiyələnməyimizdə mühüm rol oynayır.
Leyla ilə söhbət zamanı o, məktəb vaxtlarında qazandığı uğurlardan danışaraq qeyd etdi ki, sınaq imtahanlarında həmişə yüksək nəticələr göstərmişəm. Rayonda, eləcə də Naxçıvan şəhərində keçirilən bilik yarışlarında, inşa yazı müsabiqələrində, fənn olimpiadalarında bir sıra uğurlar əldə etmişəm. Respublika fənn olimpiadasında 3-cü yerə layiq görülmüşəm.
Leyla deyir ki, uşaqlıqdan humanitar elmlərə marağım III ixtisas qrupunu seçməyimi gerçəkləşdirib. Təhsilimi Dövlət Gömrük Komitəsinin Akademiyasında davam etdirib, bu sahədə biliyimi təkmilləşdirib, fəaliyyət göstərəcəyimə inanıram. Arzuma çatmaqda təhsil aldığım məktəbin pedaqoji kollektivinə borcluyam. Müəllimlərimiz hər bir dərsi dərindən öyrənib qavramağımız üçün səylə çalışıb və bilmədiklərimizi bizə ətraflı izah ediblər. Əlbəttə, mənim kimi, hər bir gəncin belə uğurlar qazanması dövlətimizin təhsilə olan yüksək diqqət və qayğısı sayəsindədir. Bunun müqabilində biz gənclərin üzərinə nümunəvi təhsil almaq və Vətənə layiqli övladlar kimi yetişmək vəzifəsi düşür. Bu gün əldə etdiyim nəticə hələ hər şeyə nail olmaq demək deyil. Mən bir gənc olaraq bundan sonra da daha səylə çalışacağam ki, müəllim və valideynlərimin etimadını doğruldum. Çünki məhz onların gərgin zəhmətləri yolumu işıqlandırır. Fürsətdən istifadə edərək bizim üçün belə yüksək şərait yaradanlara və əziyyətimizi çəkən müəllimlərimə, valideynlərimə dərin minnətdarlığımı bildirirəm.
“Hədəfin yoxdursa, çətin ki, uğura doğru böyük addımlar atıb, müvəffəqiyyətlər qazanasan”, – deyən Səkinə Yusifzadə isə Ordubad şəhər Məhəmməd Füzuli adına tam orta internat məktəbinin fəxrlərindəndir. 599 bal toplayaraq yüksək nəticə göstərən tələbələr sırasında olan Səkinə Yusifzadə orta məktəb illərində öz biliyi və çalışqanlığı ilə müəllimlərin hörmətini qazanıb, eyni zamanda ictimai işlərdə fəallıq göstərib. Məktəbdə, eləcə də rayon səviyyəsində keçirilən tədbirlərdə, fənn olimpiadalarında, sınaq-test imtahanlarında həmişə fərqlənib. Ali məktəblərə qəbul imtahanları zamanı I ixtisas qrupu üzrə imtahan verən Səkinə ali məktəblərə ixtisas seçimi zamanı Riyaziyyat-informatika müəllimliyi ixtisasını seçərək Naxçıvan Dövlət Universitetinin tələbəsi olmaq arzusundadır. O deyir ki, həmişə çox sevdiyim müəllimlərimə oxşamağa çalışmışam. Onlar mənə insanın ən yaxşı yol göstərəninin də, yoldaşının da kitablar olduğunu deyirdilər. Ona görə də məktəb illərini həmişə kitablarla keçirmişəm. Hər dəqiqənin qədrini bilərək oxuyub öyrənmişəm. Zəhmətimin bəhrəsi olan bu günlər mənim ən xoşbəxt günlərimdir. Bu gün qazandığım uğur üçün həddindən artıq qürur hissi keçirirəm. Çalışacağam ki, bundan sonra da mənə inananların etimadlarını doğruldum.
Yüksək nəticə əldə edən digər abituriyent isə Dəstə kənd tam orta məktəbinin məzunu Nobat Nəbiyevadır. Onun dediklərindən: “Orta təhsili başa vurduğum Dəstə kənd tam orta məktəbində oxuduğum illərdə müəllimlərimizin bizə diqqəti, qayğısı, valideynlərimin dəstəyi arzularımın gerçəkləşməsinə stimul yaratdı, sabaha böyük ümidlər verdi. Hələ orta məktəb illərində vətəndaşların hüquqlarını, qanunlarımızın aliliyini qorumaq ən ümdə arzum, istəyim olub. Qəbul imtahanlarında topladığım 578 balla ixtisas seçimi edərək Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi olmaq arzusundayam. Arzuma çatmaqda biz şagirdlərə nümunəvi təhsil şəraiti yaradan dövlətimizə, hər zaman mənə dəstək olan valideynlərimə və təhsil aldığım məktəbin pedaqoji kollektivinə borcluyam.
Ordubad şəhər Məhəmməd Füzuli adına tam orta internat məktəbinin digər bir məzunu – Hüseyn Süleymanlı da bu tədris ilində yüksək nəticə göstərən abituriyentlərdəndir. Qəbul imtahanlarında III ixtisas qrupu üzrə iştirak edən Hüseyn 574 bal toplayaraq tələbə adını qazanıb. O deyir ki, əldə etdiyim nəticə mənə uşaqlıqdan bəri təhsil almaq istədiyim Hüquqşünaslıq ixtisasına qəbul olmağıma imkan verir. Bu gün isə sevincimin həddi-hüdudu yoxdur. Qəbul imtahanlarında göstərdiyim bu yüksək nəticəni isə, ilk növbədə, dövlətimizə borclu olduğumu xüsusilə vurğulamalıyam. Ölkəmizdə, eləcə də muxtar respublikamızda bütün sahələrlə yanaşı, təhsilə də yüksək dövlət qayğısının göstərilməsi göz önündədir. Bu qayğının nəticəsidir ki, bu gün artıq biz ən müasir standartlarda və ən zəruri avadanlıqlara təchiz olunmuş məktəblərdə təhsil alırıq. Məktəblərin maddi-texniki bazaları gücləndirilir, təhsilin yüksək səviyyədə qurulması üçün hərtərəfli şərait yaradılır. Oxuduğum məktəbdə də təhsilin keyfiyyəti ilbəil yaxşılaşdırılır. Mənə dərs deyən müəllimlərimə də ayrıca olaraq dərin minnətdarlığımı bildirmək istəyirəm.
Hüseyn məktəbdə qazandığı uğurlardan danışaraq qeyd etdi ki, sınaq imtahanlarında həmişə yüksək nəticələr göstərib. Oxunması zəruri olan kitablar haqqında, keçirilən müzakirələrdə iştirak edib, inşa yazı müsabiqələrində, fənn olimpiadalarında bir sıra uğurlar əldə edib. Dərslərdə hər zaman fəallıq göstərib, öz üzərində çox çalışıb, müəllimləri, ailəsi ona dəstək olublar. Hüseyn təhsilini Hüquqşünaslıq ixtisası üzrə davam etdirmək istəyir. Biz də orta məktəb həyatı ilə vidalaşıb yeni, müstəqil bir həyata qədəm qoyan, dünənin şagirdi, bu günün tələbələri, sabahın layiqli vətəndaşları olacaq bu bacarıqlı gənclərin məqsədlərinə çatması üçün onlara uğurlar arzu edirik.
Gülcamal TAHİROVA