01 Noyabr 2024, Cümə

Noyabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən Məhəmməd Tağı Sidqinin ev-muzeyinə görkəmli pedaqoqa aid əlyazma nüsxələri təqdim olunub.


Təqdimat mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə Məhəmməd Tağı Sidqiyə aid sənədlərin sürətlərinin çıxarılması və görkəmli maarifçinin Ordubad şəhərindəki ev muzeyinə təqdim olunması barədə Azərbaycan Milli Elmlər Akademiyasına müraciət edilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə görkəmli maarifçi Məhəmməd Tağı Sidqiyə və oğlu Məhəmmədli Sidqiyə aid olan və akademiyanın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan sənədlər araşdırılmış, onların hər birinin sürəti elektron və çap variantında hazırlanaraq muxtar respublikaya gətirilmişdir. Bu gün Məhəmməd Tağı Sidqinin Ordubad şəhərindəki ev muzeyinə görkəmli maarifçinin və oğlu Məhəmmədəli Sidqinin həyat və yaradıcılığı ilə bağlı 46 qovluqdan ibarət 232 çap sənədi, eləcə də elektron qaydada 237 qovluqdan ibarət sənədlər təqdim olunur.

Ülvi Hüseynli bütün bunlara görə akademik İsa Həbibbəyli və bu işdə əməyi keçən hər kəsə Naxçıvan Muxtar Respublikası Ali Məclisi adından təşəkkür etmişdir.
Qeyd olunmuşdur ki, görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin Azərbaycan təhsili, ədəbiyyatı, teatrı və mətbuatı sahəsindəki mühüm xidmətləri nəzərə alınaraq 2004-cü ildə 150 illik yubileyi geniş qeyd olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin 160 illik yubileyinin keçirilməsi haqqında” 20 avqust 2014-cü il tarixli və “Görkəmli maarifçi Məhəmməd Tağı Sidqinin ev muzeyinin yaradılması haqqında” 17 sentyabr 2014-cü il tarixli sərəncamları da görkəmli pedaqoqun yaradıcılığına, onun pedaqoji fəaliyyətinə verilən qiymət kimi yüksək dəyərə malikdir. 2014-cü ildə muxtar respublikada Sidqinin 160 illik yubileyi qeyd olunmuş, təhsil və mədəniyyət müəssisələrində maarifçi-şairin həyat və yaradıcılığını əks etdirən guşələr yaradılmış, tədbirlər keçirilmişdir. 2015-ci ildə Məhəmməd Tağı Sidqinin həyatının və yaradıcılığının öyrənilməsi və təbliği məqsədilə görkəmli pedaqoqun Ordubad şəhərində ev muzeyi istifadəyə verilmişdir. Bu gün təqdim olunan yeni sənədlərlə muzey fondu daha da zənginləşəcək, buradakı eksponatlar Sidqi yaradıcılığını tədqiq edənlər üçün dəyərli elmi mənbələrə çevriləcəkdir.

Təqdimat mərasimində Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək deyib ki, muxtar respublikada dövlətçilik konsepsiyasının tərkib hissəsi kimi muzey siyasətinin həyata keçirilməsinin, bu mədəniyyət ocaqlarının genişləndirilməsinin, inkişaf etdirilməsinin böyük ictimai-siyasi, elmi-mədəni və tarixi əhəmiyyəti vardır. Görkəmli şəxsiyyətlərin adını daşıyan, eləcə də tarix-diyarşünaslıq muzeylərinin yaradılması, həmin müəssisələrin daim eksponatlarla zənginləşdirilməsi azərbaycançılıq ideologiyasının təbliği baxımından mühüm əhəmiyyətə malikdir. Ümumiyyətlə müstəqillik illərində Naxçıvanda ölkəmizdə ilk dəfə virtual muzeylərin yaradılması, yeni tipli muzey şəbəkələrinin qurulması, rəqəmsallaşdırılması, muzeylərlə təhsil müəssisələri arasında əlaqələrin möhkəmləndirilməsi, açıq dərslərin keçilməsi, muzeylərə kollektiv gedişin təmin olunması reallaşdırılan uzaqgörən siyasətin bəhrələridir. Məhz Məhəmməd Tağı Sidqinin ev-muzeyinin də nadir eksponatlarla zənginləşdirilməsi istiqamətində qarşıya qoyulan tapşırıqların icrası, əlyazmaların təqdimatı ümumilikdə ölkə səviyyəsində əlamətdar hadisə olmaqla yanaşı, azərbaycanşünaslığa böyük töhfədir.
İsa Həbibbəyli qeyd edib ki, ölkəmizdə muzeylər əsasən funksiyalarına uyğun olaraq ədəbiyyat və mədəniyyət müəssisəsi kimi fəaliyyət göstərir, yalnız 3 muzey elmi-tədqiqat xarakteri daşıyır. Bu gün Ali Məclis Sədrinin təşəbbüsü ilə görkəmli pedaqoq Məhəmməd Tağı Sidqi və onun oğlu, böyük publisist, mətbuat xadimi Məhəmmədəli Sidqiyə aid arxiv sənədlərinin tam halda bu muzeyə hədiyyə olunması ilə Naxçıvan Muxtar Respublikasında ilk elmi tədqiqat muzeyi fəaliyyətə başlayır. Bununla həm böyük elmi əhəmiyyətə malik, həm də əsl ədəbiyyat ocağı olan ilk muzeyin əsası qoyulur. Təqdim olunan mühüm, zəngin arxiv sənədləri eyni zamanda mədəniyyət siyasətinin elmi əsaslarla həyata keçirilməsinə böyük təkan verəcək.
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək qeyd edib ki, Azərbaycanda milli və dünyəvi məktəbin, maarifçilik hərəkatının inkişafına mühüm töhfələr verən, xalq müəllimi kimi böyük şöhrət qazanan Məhəmməd Tağı Sidqi Naxçıvanın bütöv bir ziyalı nəslini yetişdirib. O, Azərbaycan ədəbiyyatının və ictimai fikrinin inkişafında mühüm xidmətlər göstərən görkəmli maarifçi və yaradıcı şəxsiyyət idi. 49 il ömür sürən görkəmli təhsil və mədəniyyət xadimi Ordubadda anadilli “Ulduz” məktəbinin açılmasına nail olub və bu məktəb ona böyük şöhrət gətirib. Azərbaycan romantik dramaturgiyasının banisi Hüseyn Cavid, tarixi roman janrının banisi Məmməd Səid Ordubadi, realist rəssamlığın banisi Bəhruz Kəngərli və digərləei Məhəmməd Tağı Sidqinin təsis etdiyi “Ulduz” və “Tərbiyə” məktəblərinin yetirmələridirlər. Maarif fədaisi, şair Məhəmməd Tağı Sidqinin yubileylərinin müxtəlif elmi-mədəni tədbirlərlə geniş şəkildə qeyd edilməsini, görkəmli pedaqoqun yaratdığı əsərlərin nəşrini, adına muzeyin yaradılmasını, eləcə də bu gün əlyazmalarının təqdimatının keçirilməsini dövlətimiz tərəfindən ziyalılığa verilən yüksək qiymət kimi dəyərləndirən İsmayıl Hacıyev muxtar respublikanın elm ictimaiyyəti adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli çıxında bildirib ki, gələcək nəsillərin, ümumilikdə isə xalqın mədəni inkişafına töhfə verən insanlar daim öz əməlləri ilə tarixdə qalır, bütün dövrlərdə yaşayırlar. Məhz əlyazmalarının təqdimatı keçirilən Məhəmməd Tağı Sidqi də belə ziyalılarımızdandır. Görkəmli pedaqoqun və oğlunun əlyazmalarının bu gün öz doğma yurdunda, ocağında yerləşən ev muzeyinə təqdim olunması görkəmli şəxsiyyətin irsinə həssas münasibətin, dəyərin ifadəsidir.
Sonra tədbir iştirakçıları ev muzeyinə təqdim olunan görkəmli pedaqoq Məhəmməd Tağı Sidqiyə aid yeni əlyazma nüsxələri və muzey ekspozisiyası ilə tanış olublar.

“Şərq qapısı”

 

 

 

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR