27 Dekabr 2024, Cümə

Xəbər verdiyimiz kimi, 17 noyabrdan etibarən yerli blogerlər muxtar respublikamızda səfərdədir. Noyabrın 19-da isə qonaqlar ilk olaraq Batabat yaylağı, Zəngəzur Dövlət Təbiət Qoruğu və Ağbulaq İstirahət Mərkəzi ilə yaxından tanış olublar. Qonaqlarımızın təəssüratlarını oxucularımıza çatdırırıq:


Baxşıyev Azər – interyer-dizayner, youtuber: – Naxçıvana ilk dəfə gəlməyimə baxmayaraq, bu diyar haqqında çox eşitmişdim. Kimlər ki bu yerlərdə olmuşdu, onlar bizdə müəyyən təəssürat yaratmışdı. Lakin gəlişimizlə eşitdiyimizdən tamamilə fərqli Naxçıvanla qarşılaşdıq. Fərqli üslubda gözəlliklər şəhəri adlandıra bilərəm buranı. Dizayner kimi əsas diqqətimi çəkən binaların qədimiliyini qorumaq yolu ilə müasirləşdirilməsi oldu. Memarlığı, şəhərsalma mədəniyyəti ilə yanaşı, bu yerin təbiəti məni valeh etdi. Hətta gələcəkdə bir interyer-dizayner kimi burada hər hansı bir ofis yaradıb Naxçıvan memarlığına öz töhfələrimi də vermək istəyərəm.

Biz bu gün Batabat yaylağında, Zəngəzur Dövlət Təbiət Qoruğunda və Ağbulaq İstirahət Mərkəzində olduq. Meşəlik sahəsi az olsa da, Batabat yaylağında vəhşi təbiəti hiss edə bildik. Gölləri, bulaqları ilə hər zaman dillərdə əzbər olan bu yerləri izləyicilərimizə çatdırmağa tələsirəm. Onu da deyim ki, insanların qonaqpərvərliyi bizi valeh etdi. İzləyicilərim içərisində naxçıvanlılar da var ki, onların hər biri burada olduğumuzu bilən kimi qonaq dəvət edir. Ümumiyyətlə, bu qonaqpərvərliklə hər addımbaşı rastlaşırıq. Mətbəxi isə, demək, olar ki, ağız dadımızı tamamilə dəyişdi. Düzdür, Azərbaycan mətbəxinin tərkib hissəsidir, lakin burada hazırlanan təamlar bizi daha çox cəlb etdi. Xüsusilə heyva dolmasını qeyd edə bilərəm.
Biz artıq üçüncü gündür ki, buradayıq. Bir çox yerlərdə olmuşuq. Onlardan Heydər Əliyev Muzeyi, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanış olduq. Burada dəyərli eksponatlar diqqətimizi çəkdi. Əsasən, ümummilli liderimizin adını daşıyan muzeydə dahi şəxsiyyətə məxsus əşyalar, çətin dövrdə şam işığında imzalanmış sənədlərə tamaşa etmək qürur hissi doğurdu. Möhtəşəm və ən yaddaqalan ekskursiyamız isə Əlincəqala Tarix-Mədəniyyət Muzeyinə oldu. İnsan tarixin qürurverici anlarını yaşayır, sanki. İllərlə işğalçıların mühasirəsində qalmaq və təslim olmamaq burada yaşayan insanların qəhrəmanlığının rəmzidir. Bir zamanlar texnikanın, şəraitin olmadığı dövrlərdə belə, bir qalanı inşa edənlərə isə, sadəcə, əhsən demək olar. Bu gün isə müasir standartlarla təmir-bərpa işlərinin aparılması burada yaşayan insanların tariximizə, milli dəyərlərimizə verdiyi qiymətdir. Başımızın üzərində süzən qartallar da, sanki Naxçıvan əhalisinin məğrurluğundan pay alıblar. Onu da deyim ki, 44 günlük Vətən savaşımızda Naxçıvan igidlərinin seçilməsi göz qabağında idi. Təbiidir ki, müharibə varsa, şəhid də olmalıdır. Lakin burada hər gələn şəhidin ehtiramla, elliklə qarşılanması diqqəti daha da cəlb edirdi.

Növbəti müsahibim 70 minlik izləyici kütləsinə sahib olan “Vitek” salonlar şəbəkəsinin direktoru Elnarə Nəhmədovadır: – Mən də bir çox iştirakçı kimi ilk dəfədir, Naxçıvandayam. Səfərimizin ilk başladığı gün gedəcəyimiz əraziləri öyrəndikcə xüsusi maraqla qarşılayırdıq. Görəsən, necə bir yerdi, nələrlə qarşılaşacağıq deyə... Amma artıq getdiyimiz hər bir bölgədə rastlaşdığımız auradan, insanların səmimiyyətindən bizdə bir əminlik yaranıb. Buradakı qardaşlıq, səmimiyyət, hər şey çox gözəldir. İlk olaraq onu deyim ki, Naxçıvan tam olaraq təbiət parkı kimi bir yerdir. Xüsusilə havası çox gözəldir. Şəhəriniz isə təmiz və səliqəlidir. Bir neçə gündür ki, buradayıq. Bu günlər ərzində fərqli yerlərdə olduq. Onlar arasında ən çox diqqətimi Duzdağ Fizioterapiya Mərkəzi çəkdi. Buradan görüntüləri paylaşan kimi bir çox izləyicilərim bu yerin faydasını necə gördüklərini yazdılar. Yəni Naxçıvan haqqında müsbət rəyləri tək mən yox, buraya ayrı-ayrı zamanlarda gələn izləyicilərim də vermiş oldu. Fürsətdən istifadə edib istirahət üçün xarici ölkələrə vəsait xərcləyən izləyicilərimə bu yerlərin səfasından danışacağam ki, öz doğma yerlərimizi gəlib görüb, faydalansınlar.
Burada diqqətimi çəkən məqamlardan biri də mətbəx nümunələri oldu. Çünki mən qidalanmağıma xüsusi diqqət yetirirəm. Öyrənəndə ki, Naxçıvanda qida məhsullarına xüsusi nəzarət var bu məni sevindirdi. Hətta 2 ildən artıqdır ki, ət yeməkləri dadmadığım halda burada ətin belə, dadına baxdım. Mətbəxi, bir sözlə, möhtəşəmdir. Mənim üçün burada ən heyrətamizi Əlincə qalası oldu. Bura qalxmaq o qədər asan olmasa da, hər bir iştirakçı alınmaz qala kimi tarixə düşən bu yerləri görmək üçün dəniz səviyyəsindən kilometrlərlə yüksəklikdə yerləşən bu qalaya qalxmağa can atdı. Aldığımız məlumatları, eləcə də buranın görüntüsünü izləyicilərimə çatdırmaq isə mənim üçün çox qürurverici bir vəzifədir. Mənim kimi bu yerlərdə ilk dəfə olanlar var ki, onlar həm özləri Naxçıvanı kəşf edir, öyrənir, tanış olur, həm də milyonlarla izləyicini bu yerlərə səyahət etdirməklə tanıtmış olurlar. Əminəm ki, geri qayıtdıqdan sonra danışmaqdan doymayacağım ünvanlar içərisində Əlincəqalanın, Duzdağ Fizioterapiya Mərkəzinin xüsusi yeri olacaq.
Səyahət etdiyimiz yerlər içərisində hazırda dayandığımız Ağbulaq İstirahət Mərkəzi haqqında onu deyə bilərəm ki, blokada şəraitində yaşayan bir diyarda bu cür infrastrukturun yaradılması inanılmazdır. Burada gördüklərimi mənə kənardan danışsaydılar, bəlkə də, inanmazdım. İnsanların istirahəti üçün yaradılan şərait möhtəşəmdir. Fürsətdən istifadə edib kanat gəzintisində də olduq. Məlumat verdilər ki, kanat 900 metrdən çox sahəni əhatə edir və 260 metrə yaxın yüksəkliyə qalxır. Burada qış turizminin ən maraqlı sahəsi olan xizəkçilik də fəaliyyət göstərir. Təəssüf ki, hazırda qar olmadığından biz ondan istifadə edə bilmədik, amma insanlar üçün bu cür şəraitin yaradılması, əlbəttə ki, ürəkaçandır.

Telli MƏMMƏDOVA

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR