Futbol üzrə Azərbaycan Region Liqasının Naxçıvan zonasında ikinci turun oyunları keçirilib.
İlk turda böyük hesablı qələbə qazanan Şərurun “Arpaçay” komandası doğma meydanda Babəkin eyniadlı komandasını sınağa çəkib. Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Culfanın “Əlincə” komandası isə sədərəkli həmkarlarından üstün olub – 10:1.
Çempionatın favoriti “Araz-Naxçıvan” muxtar respublika stadionunda Şahbuzun “Batabat” komandası ilə üz-üzə gəlib. Üstün oyun sərgiləyən “qırmızı-ağlar” meydanı böyük hesablı qələbə ilə tərk ediblər – 12:0. Uzunoba Təlim-Məşq İdman Kompleksində keçirilən günün digər görüşündə “Dübəndi” və “Kəngərli” komandaları qarşılaşıb. Gərgin keçən oyunda Ordubad komandası qələbə qazanıb – 6:3.
İlk iki turdan sonra turnir cədvəlinə 6 xalla “Araz-Naxçıvan” başçılıq edir. Eyni xala malik “Arpaçay” ikinci, 3 xalı olan “Əlincə” isə üçüncü yerdə qərarlaşıb.
Ceyhun MƏMMƏDOV