22 Dekabr 2024, Bazar

Azərbaycanda həyata keçirilən sosial siyasət ölkənin hər bir vətəndaşını əhatə edir. Dövlətimizin başçısının müvafiq Sərəncam və fərmanları ölkə ictimaiyyəti, o cümlədən müharibə veteranları, şəhid ailələri, müharibədə sağlamlıqlarını itirənlər tərəfindən də yüksək qiymətləndirilir, insan amilinə yüksək qayğı kimi dəyərləndirilir. Bu baxımdan ölkəmizin ayrılmaz tərkib hissəsi olan doğma Naxçıvanda da insanların rifah halının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər görülür. Azərbaycan Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlara minik avtomobillərinin verilməsi, tibbi və sosial bərpası diqqət mərkəzində saxlanılır. Təkcə 2021-ci ilin ötən dövründə müvafiq kateqoriyalı 23 şəhid ailəsinə mənzilin, müharibə zamanı sağlamlığını itirmiş 18 şəxsə isə avtomobilin təqdim edilməsi muxtar respublikada bu qəbildən olan insanların hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu təsdiq edir. Bu isə gənc nəsli Vətənin müdafiəsində daim səfərbər olmağa ruhlandırır. Aparılan dövlət siyasəti, eyni zamanda hər bir vətəndaşa da müharibə veteranlarına dərin ehtiram bəsləməyi, qayğı göstərməyi, onlardan vətənpərvərlik ruhunu əxz etməyi aşılayır. Yaxın günlərdə bu qəbildən olan 9 ailə yeni mənzilin sevincini yaşayıb. Belə ki, noyabrın 5-də – Zəfər Günü ərəfəsində 8 şəhid ailəsinə və 1 qaziyə mənzil, sağlamlıqları məhdudlaşmış 13 şəxsə isə avtomobil təqdim olunmuşdur. Onlardan biri də şəhid Ərtoğrul Nadirlinin ailəsidir. Bu günlərdə həmin mənzildə ailə ilə həmsöhbət olduq.


Hümbət Rzayev deyir:
– Muxtar respublika rəhbərinin qayğısı və diqqəti bir atanın öz övladına verdiyi dəyər idi. Heydərabad qəsəbəsində üçotaqlı bir mənzillə təmin olunmağım ailəmi, əzizlərimi sevindirməklə bərabər, dövlətimizin hər an öz vətəndaşının yanında olduğundan xəbər verir. Rahat, hər cür şəraiti olan bu gözəl mənzilin sahibi olmağın hədsiz sevincini yaşayırıq. Bütün bunlar sabaha inamımızı daha da artırıb. Bu mənzil bizim üçün əsl bayram hədiyyəsidir. Ali Məclis Sədrinin də qeyd etdiyi kimi, mənzil təminatı hər bir insanın rahat yaşayışı və əsas qayğılarının həll olunması deməkdir.

Muxtar respublikada bu istiqamətdə aparılan məqsədyönlü tədbirlər bir daha sübut edir ki, insan amili, müstəqilliyimiz, Vətən torpaqlarının işğaldan azad olunması uğrunda şücaət göstərərək döyüşənlərə, şəhidlərimizə qayğı dövlət siyasətinin əsasını təşkil edir. Atılan hər bir addım, dövlətimizin bu istiqamətdə həyata keçirdiyi tədbirlərin ardıcıl olduğunu sübut edir. Belə böyük qayğı üçün Ali Məclisin Sədri cənab Vasif Talıbova ailəm adından minnətdarlığımı bildirirəm.
Şəhid anası Nahidə xanım deyir ki, oğlu Ərtoğrul Vətən müharibəsində Murovdağ yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Həmin gündən bu günə kimi dövlətimizin qayğısını hər an hiss etmişik. Düzdür, heç bir hədiyyə övladın əvəzini verə bilməz, amma bütün bunlar bizim üçün böyük təsəllidir.
“Prezidentimiz öz fəaliyyəti ilə həmişə sübut edib ki, O, hər bir azərbaycanlının Prezidentidir. Dövlət başçımız bütün vətəndaşlara qayğı göstərir, onların problemlərinin həlli istiqamətində ardıcıl işlər görür, – deyən şəhid qardaşı Cavid onu da qeyd edir ki, bu gün muxtar respublikada cəmiyyətin hər bir üzvü qayğı ilə əhatə olunur. İstər yaşlı, istər gənc bu qayğıdan yetərincə bəhrələnir. Hər an Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin əmrlərini icra etməyə, onun tapşırığı ilə Vətənimizin azadlığının və bütövlüyünün qorunması üçün sipər olmağa hazırıq.
Yeni mənzilində qonağı olduğumuz şəhid ailəsinin evində gördüklərimiz və onlardan dinlədiklərimizdən belə qənaətə gəlirik ki, Vətən yolunda canından, sağlamlığından keçən hər bir vətəndaş dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub.

Ramiyyə ƏKBƏROVA

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR