06 Dekabr 2024, Cümə

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin cari il avqust ayının 28-də 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirəsində rayon icra hakimiyyətlərinə də bir sıra tapşırıqlar verilib. Ötən dövr ərzində həmin tapşırıqların icrası diqqət mərkəzinə çəkilib. Şərur rayonunda da qarşıya qoyulan vəzifələrin icrasına ciddi önəm verilib. Bu günlərdə əlaqə saxladığımız aidiyyəti təşkilatlarda görülən işlərlə tanış olduq.


Öyrəndik ki, rayonun elektrik təsərrüfatının qış mövsümündə fasiləsiz işləməsi, elektrik enerjisi sahəsində itkinin minimuma endirilməsi və küləkli hava şəraitində məftillərdə yarana biləcək problemlərin qarşısını almaq məqsədilə 140 kilometr hava xətti ağaclardan təmizlənib, 10 və 0,4 kilovoltluq transformator yarımstansiyaları və hava xətləri baxışdan keçirilib, mövcud olan texniki qüsurlar aradan qaldırılıb. Rayon mərkəzinin işıqlanma sisteminin qış mövsümünə hazır vəziyyətə gətirilməsi üçün park və xiyabanlar daxil olmaqla, ümumilikdə, 2 min 200 metr məsafədə məftillər təmir edilib, müxtəlifölçülü lampalar dəyişdirilərək yenisi ilə əvəz olunub. 7 transformator, 1800 metr məftil, 10 dib gövdə, 1100 metr katanka sim, 60 keçid izolyatoru, 25 dayaq, 2600 metr müxtəlif diametrli kabel, 40 cərəyan transformatoru, 1100 litr transformator yağı, 10 kilovoltluq 3 xətt ayırıcısı, 0,4 kilovoltluq 18 avtomat açar alınaraq rayon Elektrik Şəbəkəsinin anbarında ehtiyat kimi saxlanılır. Rayonun sel suları təhlükəsi olan ərazilərində yerləşən hava xətləri və transformatorlar yoxlanılaraq qabaqlayıcı tədbirlər görülüb. İş texnikaları saz vəziyyətə gətirilib, lazım olan ehtiyat hissələri əldə edilib və elektrik enerjisindən qanunsuz istifadə hallarının qarşısının alınması üçün nəzarət tədbirləri gücləndirilib, yüksəkixtisaslı mütəxəssislər tərəfindən mütəmadi olaraq işçi heyəti ilə texniki təhlükəsizlik tədbirləri ilə əlaqədar nəzəri praktik yığıncaqlar keçirilib.
Rayonun yaşayış məntəqələrində qaz xətlərinin qış mövsümünə davamlılıq vəziyyəti yoxlanılıb, bəzi xətlərdə cari təmir işləri aparılıb. Hazırda rayon ərazisində quraşdırılmış müasirtipli 240 qazpaylayıcı şkafdan 122 ədədi istismardadır. 118 ədəd qazpaylayıcı şkaf isə qış mövsümündə istismara veriləcək. Abonentlər tərəfindən qaz sayğaclarına müdaxilənin qarşısını almaq məqsədilə yerlərdə 30 mühafizə qutusu quraşdırılaraq mühafizə qutularının sayı 14 min 255-ə çatdırılıb. Bütün qazpaylayıcı şkaflara texniki baxış keçirilib, lazım olan tədbirlər görülüb. Texniki səbəbdən dayanmış 94 sayğac dəyişdirilərək yenisi ilə əvəz olunub. Baxış zamanı yerüstü və yeraltı xətlərdə qaz sızmaları aşkar edilərək qarşısı alınıb. Orta və aşağı təzyiqli qaz boru xətlərinin üzərində quraşdırılmış müxtəlifdiametrli kran və siyirtmələrə baxış keçirilib, ehtiyac duyulan bəzilərində təmir işləri aparılıb, 4 siyirtmə yenisi ilə əvəz olunub, filtrlər təmizlənib və qoruyucu qurğular yoxlanılıb. Qaz istismar sahəsində işləyən işçilərin, xüsusilə qəza xidmətində çalışanların peşəkarlıq səviyyəsinin artırılması məqsədilə 44 nəzarətçi-çilingər və dispetçerdən 37-si ixtisasartırma kursuna cəlb olunub.
Rabitə sahəsində də xeyli iş görülüb. İstismarda olan 53 generator qurğusunun yağı dəyişdirilib, 2 generator təmir edilib. Bütün generatorların akkumulyatorlarının sazlığı yoxlanılaraq mövsümə hazır vəziyyətə gətirilib. Rayon mərkəzində və bir sıra kəndlərdə kabel-kanalizasiya quyuları təmizlənib, quyu qapaqları dəmir qapaqlarla əvəz olunub. Ümumiyyətlə, 40 min 500 metr uzunluğunda müxtəlif tutumlu rabitə xəttində əsaslı və cari təmir işləri aparılıb. Təmir-bərpa işləri zamanı 128 dirək yenisi ilə əvəz olunub, 81 dirəyin yeri dəyişdirilib, telefon kanalizasiya xətlərinin quyu və borularında təmir işləri aparılıb. İstismarda olan avtomobillərə və elektrik avadanlıqlarına baxış keçirilib, dirəklərin yararlılığı yoxlanılıb və onlar arasındakı məsafə normativə uyğun nizamlanıb.
Rayonun təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin və inzibati ərazi dairələri üzrə nümayəndəliklərin payız-qış mövsümündə fasiləsiz işini təmin etmək məqsədilə veriləcək yanacaq və qışa hazırlıqla bağlı tələb olunan digər avadanlıqların alınması üçün aidiyyəti üzrə tapşırıqlar verilib. Rayon üzrə 53 təhsil, 56 səhiyyə, 104 mədəniyyət müəssisəsi və 48 inzibati ərazi dairəsi üzrə nümayəndəlik istilik sistemi ilə işləyir. Hazırda abadlıq və yenidənqurma işləri aparılan Şərur şəhərində Mədəniyyət Sarayı, Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Çərçiboğan kəndində tikilən yeni obyektlər yaxın gələcəkdə müasir istilik sistemi ilə təchiz olunacaqdır.
Rayonda istilik sistemi ilə işləməyən səhiyyə və mədəniyyət müəssisələrinin tələbatı öyrənilib, ümumilikdə, 3 min 600 litr yanacağa ehtiyac olduğu müəyyən edilib və sifariş verilib.
Rayonun əhatə etdiyi avtomobil yollarında təhlükəsiz hərəkətin təmin olunması üçün Şərur Rayon Yol-Təmir Tikinti İdarəsinin balansında olan texnikalar təmir edilib. Qış təkərləri və zəncirlər alınıb ehtiyatda saxlanılıb. Eyni zamanda qış mövsümü üçün 250 ton qum və 80 ton duz ehtiyatı yaradılıb, 300 ton isə əlavə qum ehtiyatının yaradılması nəzərdə tutulub.
Kommunal Müəssisələr Kombinatının balansında olan 4 kommunal təyinatlı texnika, 1 ekskavator, 1 qartəmizləyən maşın təmir edilib, digər ehtiyat tədbirləri görülüb.
Mənzil İstismar Sahəsi tərəfindən payız-qış mövsümü ilə bağlı Şərur şəhərində yaşayış binalarının çardaq örtüklərində təmir işləri aparılıb, onların giriş qapıları və pəncərələri təmir olunub, bütün binaların tüstü bacaları təmizlənib. Binaların zirzəmilərinin, dam örtüklərinin, su-kanalizasiya və istilik sistemi borularının təmiri üçün kifayət qədər su və müxtəlif diametrlik vintillər alınaraq anbarda saxlanılıb.
İçməli su və kanalizasiya sistemlərinin normal işləməsini təmin etmək məqsədilə rayon ərazisində 15,13 kilometr məsafədə içməli su xəttində, 6,37 kilometr məsafədə suvarma boru xəttində, 16,82 kilometr məsafədə isə təzyiqli boru xəttində təmir işləri aparılıb, 301 subartezian nasosu əsaslı təmir olunaraq yenidən istismara verilib, 29 yeni artezian quyusu quraşdırılıb. Bunlarla yanaşı, 0,75 kilometr məsafədə içməli su xətti çəkilib, subartezian quyularında və içməli su xətlərində 16 paylayıcı quraşdırılıb, 0,36 kilometr məsafədə isə kanalizasiya xətti çəkilib.
Payız-qış mövsümünə hazırlıqla əlaqədar hərbi hissələrin yun corablarla və yun boyunluqla təmin edilməsi istiqamətində rayon Məşğulluq Mərkəzi tərəfindən iş aparılaraq corab toxuyan sağlamlıq imkanları məhdud 6 qadınla müqavilə bağlanılıb. Bağlanmış müqavilə əsasında vətəndaşlar tərəfindən toxunacaq geyimlərin aidiyyəti üzrə təhvil verilməsi təmin olunacaqdır.
Ümumilikdə, rayonu əhatə edən bütün idarə və müəssisələr, Şərur şəhərində yerləşən yaşayış binaları, məktəblər, mədəniyyət müəssisələri, səhiyyə obyektləri və inzibati ərazi dairələri üzrə 148 qazanxanada işləyən işçilərin kurs keçmələri barədə şəhadətnamələri yoxlanılıb və 34 nəfər qazanxana maşinisti kursuna cəlb olunub.

Muxtar MƏMMƏDOV

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR