Noyabrın 5-də muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Xatirə Muzeyi arasında “Zəfər tarixi” dərsliyi əsasında interaktiv dərs keçilib.
İnteraktiv dərsi Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin əməkdaşı Emin Şıxəliyev aparıb. Emin Şıxəliyev qələbə qazandığımız 44 günlük Vətən müharibəsi barədə şagirdlərə ətraflı məlumat verib.
Bildirilib ki, Azərbaycan Ordusunun cəsur əsgər və zabitləri Ermənistanın 30 il ərzində qurduğu nəhəng istehkamları yarıb keçdi, düşmənin silahlı qüvvələrini darmadağın etdi. Dünyanın 50 ən güclü silahlı qüvvəsi sırasında yer alan Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməyən, sarsıdıcı zərbələr altında geri çəkilən işğalçı Ermənistanın silahlı birləşmələri yenə də öz çirkin ənənələrinə sadiq qalaraq müharibə cinayətləri törətməkdən çəkinmədilər. Bu hərbi cinayətlər və terror aktları Azərbaycan xalqının məğrurluğunu və iradəsini qıra bilmədi. Qəlbində Vətən sevgisi yaşadan igidlərimiz mənfur düşmənin layiqli cavabını verdilər.
Qədim Şuşa qalasının alınması tam qələbəmizi müjdələyən zəfər oldu. Azərbaycanın şanlı tarixinə parlaq, qürurverici 8 Noyabr – Zəfər Günü qızıl hərflərlə daxil oldu. Uzun illərboyu xalqımız bu tarixi ədalətin təntənəsini gözləyirdi. 44 günlük Vətən müharibəsi və tarixi qələbəmiz Azərbaycan xalqının nəyə qadir olduğunu göstərdi. Bu inamlı tarixi qələbədə, 44 günlük zəfər yürüşündə Naxçıvandan cəbhəyə yollanan hərbi qulluqçuların xüsusi əməyi olmuş, onlar əsl qəhrəmanlıq nümayiş etdirmişlər. Döyüş meydanlarında böyük şücaət göstərən igid əsgər və zabitlərimiz Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə orden və medallara layiq görülmüşlər.
Emin Şıxəliyev bildirib ki, bu gün biz qalib ölkənin vətəndaşlarıyıq. Hər bir Azərbaycan vətəndaşı xoşbəxtdir ki, bu tarixi qələbənin şahidi oldu.
İnteraktiv dərs 200-dən çox ümumtəhsil məktəbində izlənilmişdir.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti
* * *
Naxçıvan Qarnizonu Qoşunlarında 8 Noyabr – Zəfər Gününün təntənəli şəkildə qeyd edilməsi ilə əlaqədar hazırlanan “Tədbirlər Planı”na əsasən növbəti tədbirlər Təlim-Tədris mərkəzlərində, Heydər Əliyev adına Hərbi Liseydə, Naxçıvan Qarnizonu tam orta məktəbində və uşaq bağçalarında keçirilib.
Şəhidlərimizin əziz xatirəsinin yad edildiyi və Dövlət Himnimizin səsləndirildiyi tədbirlərdə çıxış edənlər 44 günlük Vətən müharibəsində qazanılan qələbədən, dövlət-xalq-ordu birliyindən danışıb, müharibə iştirakçıları öz döyüş xatirələrini bölüşüblər.
Heydər Əliyev adına Hərbi Liseydə keçirilən viktorinada kursantlar böyük həvəslə iştirak edərək birinci olmaq üçün yarışıb, viktorinanın sonunda qalib komandalar mükafatlandırılıb.
Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdləri qələbəyə aparan yolu özündə əks etdirən səhnəcikləri canlandırıb və ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Naxçıvan Qarnizonunun “Nərgiz” və “Bənövşə” uşaq bağçalarında keçirilən tədbirlərdə hərbi şəhərciklərin ərazisində yürüş olub.
Nəriman NƏCƏFOV