06 Dekabr 2024, Cümə

Sənaye istehsalı bu gün iqtisadiyyatın inkişafın əsas aparıcı sektoru sayılır.  Çünki bu cür istehsal sahələri iqtisadiyyatın davamlılığında mühüm rol oynayır və istehsal vərdişlərinin qorunmasına xidmət edir. Buna görədir ki, inkişaf etmiş ölkələrin əksəriyyətində iqtisadiyyatın inkişafı daxili istehsalla birbaşa əlaqəlidir. Ölkə istehsalçıdırsa, deməli, müəyyən bir kütlənin tələbatını ödəyir. Tələbatını ödəyirsə, deməli, bunun qarşılığını alır və bu mənfəətindən iqtisadiyyata öz töhfəsini verir.  

 

Sənayenin inkişafı xammala əsaslandığından, bu xammaldan istifadə imkanları, o cümlədən emalı, daşınması, yeni məhsulun istehsalında yararlılıq faizi əsas amillərdən hesab olunur. Muxtar respublikanın ötən əsrin 90-cı illərindən blokada vəziyyətinə salınması sənaye infrastrukturunun yaradılmasında çətinliklər törətsə də, qarşıya qoyulmuş məqsədyönlü tədbirlər nəticəsində bu sahənin inkişafı təmin olunub. Təsadüfi deyil ki, son illərdə muxtar respublikada çoxsaylı yeni müəssisələr istifadəyə verilib, mövcud müəssisələrin fəaliyyətlərinin bərpası və yenidən qurulması diqqət mərkəzində saxlanılıb. Görülmüş işlərin nəticəsidir ki, bu gün muxtar respublikada çörəkbişirmə, qənnadı, mineral su, meyvə şirələri, spirtli içkilər, siqaret, pivə, plastik qapı və pəncərə, plastik su boruları, hörgü və döşəmə üçün kərpic, üzlük daş, gips, gips lövhələr, əhəng, məsaməli beton, karbon qazı, metaləritmə və onlarla digər istehsal sahələri yaradılıb. Son illərdə sənaye sahələrinə böyük investisiyaların qoyulduğu müəssisələrin fəaliyyəti nəticəsində məhsul istehsalının həcmi artıb. Bu isə, öz növbəsində, muxtar respublikanın ümumi daxili məhsul istehsalında sənaye məhsullarının həcmini dəfələrlə yüksəldib. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-sentyabr aylarında istehsal olunan sənaye məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz artıb. Əvvəlki dövrlərdə olduğu kimi, 2021-ci ilin ilk 9 ayında da sənaye məhsullarının həcmi ümumi daxili məhsul istehsalında ön yerdə dayanır. Belə ki, bəhs edilən dövrdə ümumi daxili məhsul istehsalı 2 milyard 151 milyon 583 min manat olub ki, bunun da 27,7 faizini sənaye məhsulları təşkil edir.

Hazırkı dövrdə mövcud sənaye imkanlarından maksimum yararlanmaq, dinamik məhsul istehsalında dayanıqlılığı təmin etmək məqsədilə yeni istehsal müəssisələrinin yaradılması qarşıda duran əsas vəzifələrdəndir. Buna görə də həyata keçirilən iqtisadi tədbirlər sənayeləşmə prosesini sürətləndirməklə yanaşı, rəqabətədavamlı və ixracyönümlü məhsullar istehsalını zərurətə çevirir. Yeni dövrün bu cür tələblərinə uyğun olaraq hazırda rəqabətqabiliyyətli məhsul istehsal edən yeni müəssisələrin yaradılmasına lazımi dövlət dəstəyi göstərilir. Statistikaya görə, 2021-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada sahibkarlara 25 milyon 69 min 800 manat kredit verilib. Verilmiş kreditlərin 8 milyon 580 min manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 16 milyon 489 min 800 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunub.

Həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikada 384 növdə məhsul istehsal olunur. Bu məhsulların 127-si ərzaq, 257-si qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilib. Bunu da qeyd edək ki, həyata keçirilən tədbirlər məşğulluq məsələlərinin həll olunmasına da öz müsbət təsirini göstərib. Bu ilin yanvar-sentyabr aylarında muxtar respublika üzrə 377 yeni iş yerinin yaradılması da bunu bir daha təsdiq edir.
Rəqabətədavamlı məhsul istehsal etmək bu gün muxtar respublika sahibkarlarının qarşısında qoyulmuş mühüm tapşırıqlardan biridir. Sənaye məhsulları istehsalçıları da yaradılmış şərait nəticəsində qarşıya qoyulmuş tapşırıqların öhdəsindən layiqincə gəlməyə çalışırlar.

Səbuhi HƏSƏNOV

 

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR