Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatında 1/4 final mərhələsinin döyüşləri keçirilib. Yarımfinala gedən yolda Azərbaycan millisinin 4 üzvü qüvvəsini sınayıb.
Milli komandamızın heyətində Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının yetirmələri də mundialda mübarizə aparırlar. Belə ki, 60 kiloqram çəki dərəcəsində rinqə çıxan Tayfur Əliyev ilk iki döyüşündə müvafiq olaraq Çarles Petit-Homm (Haiti) və Simone Spada (İtaliya) üzərində qələbə qazanıb. 1/8 final mərhələsində dəri əlcək sahibimiz Arslan Xatayevlə (Finlandiya) qarşılaşıb və rinqi məğlub tərk edib.
Digər boksçumuz Sərxan Əliyev isə dünya çempionatında yarımfinala yüksəlib. 71 kiloqram çəki dərəcəsində o, ilk görüşdə Stefen Nevnsi (Şotlandiya) məğlub edib. Növbəti mərhələdə Yuta Akiyama (Yaponiya) ilə qüvvəsini sınayan Sərxan bu görüşdən də qələbə ilə ayrılıb – 5:0. 1/4 finalda onun rəqibi ABŞ təmsilçisi Obed Bart olub. Bu görüşdə böyük əzmkarlıq göstərən idmançımız rəqibini məğlub etməklə (4:1) yarımfinala yüksəlib. Yarımfinala vəsiqə qazanmaqla özü üçün ən azı bürünc medalı təmin edən Sərxan Əliyev final üçün ukraynalı Yuri Zaxariyevlə üz-üzə gələcək. Görüş bu gün keçiriləcək.
Ceyhun MƏMMƏDOV