Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsi tərəfindən “Bank Savadlılığı Layihəsi” çərçivəsində Naxçıvan Dövlət Universitetinin tələbələri üçün “Mərkəzi Bankçılıq və Milli Pul Nişanları” adlı tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev açaraq tədbirin keçirilməsinin tələbələrin bank məhsul və xidmətlərini başa düşməsinə, onlarda rasional seçimlər etmək üçün zəruri olan məlumatlılıq səviyyəsinin artırılmasına və bacarıqlarının inkişaf etdirilməsinə və əldə olunan biliklərin onların gələcək uğurlu karyerasına da öz töhfəsini verəcəyini qeyd etmişdir.
Sonra Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev “Bank Savadlılığı Layihəsi” çərçivəsində İdarə tərəfindən istehlakçıların bank savadlılığının artırılması və bu yolla onların hüquqlarının qorunmasına yönəlmiş müxtəlif tədbirlər həyata keçirildiyini vurğulamışdır. Qeyd olunmuşdur ki, tədbirin keçirilməsində məqsəd bank savadlılığının ictimai dəyər kimi tanınması, tələbələrin savadlılıq səviyyəsinin artırılması, həmçinin bank məsələləri ilə bağlı düzgün qərarların verilməsini dəstəkləmək, bank sektoru ilə əlaqəli öyrənilən bilik və bacarıqların Mərkəzi Bank əməkdaşları ilə birlikdə daha da təkmilləşdirilməsindən ibarətdir.
Daha sonra videobağlantı ilə tədbirə qoşulan Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev qarşılıqlı əməkdaşlıq çərçivəsində belə tədbirlərin keçirilməsini yüksək qiymətləndirmişdir.
Tədbir zamanı iştirakçılara Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsinin “Bank Savadlılığı Komandası”nın üzvləri tərəfindən Mərkəzi Bankın inkişaf yolu, məqsəd və funksiyaları, pul siyasəti, valyuta ehtiyatlarının idarə olunması, milli pul nişanlarının dizayn və digər mövzular elektron slaydlarla tədris olunmuş, suallar cavablandırılmışdır.
Sonda iştirakçılar arasında oyun əsaslı tədris platforması olan “Kahoot” sistemi vasitəsilə yarışma keçirilmiş və ilk üç komandaya “Zəfər Yolu” kitabı, oxunması zəruri olan kitablar, sertifikatlar, “Naxçıvanbank” ASC, “Beynəlxalq Bank” ASC-nin və “Azər-Türk Bank” ASC-nin yerli filialları tərəfindən hədiyyələr təqdim edilmişdir.
Naxçıvan Dövlət Universitetinin
Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi