26 Dekabr 2024, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı muxtar respublikamızda kifayət qədər istedadlı, bacarıqlı, müasir düşüncəli gənc startapçıların yetişməsinə böyük stimul oldu. Onlar hazırladıqları layihələrlə ölkəmizin daha da inkişafına çalışırlar. Naxçıvanlı gənc İsmayıl Əliyevin layihəsi də məhz bu məqsədə xidmət edir.

O, 2000-ci ildə Bakı şəhərində anadan olub. Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin məzunudur. Gənc startapçı Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin İnformasiya texnologiyaları ixtisası üzrə IV kurs tələbəsidir. Onun rəhbəri olduğu startap layihəsi respublika üzrə 95 layihə arasından seçilərək finala yüksələn 7 layihədən biridir.

İsmayıl deyir ki, layihə “Azərbaycanda elektron ticarət” adlanır: – Dünyada, eləcə də ölkəmizdə elektron ticarət sürətlə inkişaf edir. Müştərilər vaxt itirməmək, minlərlə, yüz minlərlə məhsul çeşidini bir yerdə görmək məqsədilə elektron ticarət platformalarından istifadə edirlər. Bu sektor gələcək dövrlərdə də özünü inkişaf etdirəcək və daha çox müştərini ətrafına toplayacaqdır. Bizim də layihəmizin məqsədi Azərbaycanda elektron ticarəti inkişaf etdirmək və müştərilərin xarici elektron ticarət platformalarından deyil, yerli platformadan istifadə etmələrini təmin etməkdir. Başlanğıcda Azərbaycan daxilində xidmət göstərib, daha sonra qonşu ölkələr və qlobal miqyasda xidmətimizi davam etdirəcəyik.
Adıçəkilən layihəni komanda şəklində işləmişik. Bu il avqustun 16-da layihənin biznes planına uyğun olaraq qurduğumuz şirkət “Fürsət” MMC olaraq qeydiyyatdan keçib. Vebsaytımız (fursetshop.com) açıqdır və mobil tətbiq playstorda öz yerini alıb. Burada hər hansı xidmət və ya məhsul satıcı ilə birbaşa ünsiyyətdə olmadan internet vasitəsilə satın alınır. Müştərilər vebsayta daxil olmaqla, xidmət şərtləri barədə ətraflı məlumat ala, almaq istədiyi məhsul və ya xidməti seçərək ödəniş edə bilərlər. Bu zaman satıcı alınmış məhsul və ya xidməti müştəriyə çatdırır.


“Xidmətimiz elektron ticarət üzrə pərakəndə satış sektorunda öz yerini alıb”, – deyən müsahibim onu da bildirir ki, rəqabətdə əsas üstünlüyümüz məhsulların birbaşa istehsalat firmalarından alınaraq platformaya yerləşdirilməsi və qiymətlərin ucuz olmasıdır. İkinci bir üstünlüyümüz mobil tətbiqimizdir. Platformamızda məhsullar mütəmadi olaraq yenilənəcək və yeni çeşiddə məhsullar əlavə olunacaq. Hər fəsil üçün xüsusi məhsul növləri hazırlanacaq. Fərqli çeşiddə məhsulların olması həm uşaqlar, həm ortayaşlı insanlar, həm də yaşlı insanlar üçün alış-verişi əlçatan edəcək.
İsmayıl Əliyev onu da diqqətimizə çatdırır ki, hazırladıqları layihə bu il Naxçıvan Dövlət Universitetində keçirilən startap turunda III yerə layiq görülüb: – Oktyabrın 16-sı Bakı şəhərində EKVITA və KOBİA-nın dəstəyi ilə Avropa İttifaqının maliyyələşdirdiyi “İdeyadan uğurlu biznesə” startap müsabiqəsində layihəmiz Azərbaycan üzrə təqdim edilən 95 layihədən ilk 7 yerdə qərarlaşıb və yarımfinal qalibi olmuşuq. Bu yaxınlarda Bakı şəhərində müsabiqənin final mərhələsi keçiriləcək, qaliblər bəlli olacaqdır. Final mərhələsində də qələbə qazanacağımıza inanırıq.
Biz də bu innovativ düşüncəli gəncə, gələcəyin uğurlu sahibkarına fəaliyyətində müvəffəqiyyətlər arzu edirik.

Güntac ŞAHMƏMMƏDLİ

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR