07 Dekabr 2024, Şənbə

Mütəxəssis sözü

Sığorta iqtisadi maraqlardan bilavasitə qaynaqlanan ictimai münasibətlər sistemidir. Hazırda dünyada saysız-hesabsız sığorta məhsulları ictimaiyyətə təqdim olunmaqdadır. Həmin sığorta məhsullarının da hər birinin özünəməxsus önəm və mahiyyəti var.

 

Azərbaycanda, həmçinin muxtar respublikamızda sığorta sektorunda, xüsusilə də son dövrlər daha aktual istiqamət məhz “Daşınmaz əmlakın icbari sığortası” növüdür. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda da qeyd edildiyi kimi, bu sığorta növü daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəymiş zərərin ödənilməsi məqsədilə tətbiq edilir. Bura yalnız hüquqi yox, eyni zamanda fiziki şəxslərə məxsus tikililər, yaşayış və qeyri-yaşayış sahələri, yaşayış evləri və binalarla yanaşı, həm də dövlət əmlakları daxildir. Geniş trayektoriyalı predmet əhatəsinə malik olan bu sığorta növü icbari olaraq tətbiq edilir, yəni məcburidir. Bu məcburiyyət isə sosial ehtiyac əhəmiyyətlidir. Çünki burada risklər tənzimlənir və ehtimal olunan potensial itki minimuma endirilir və ya tamamilə aradan qaldırılır. Göründüyü kimi, sosial rifahın təmin olunması bu sığorta növünün prioritet predmetidir.
“Daşınmaz əmlakın icbari sığortası” növü üzrə sığorta hadisəsi hesab olunan hallara diqqət yetirək:
– yanğın və ya ildırım düşməsi;
– məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı;
– elektrik naqillərində baş verən qısaqapanma;
– buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı;
– su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, eyni zamanda qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma;
– hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri;
– yerüstü nəqliyyat vasitələrinin dəyməsi;
– təbii fəlakətlər – zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan və yer sürüşməsi.
Bu sığorta növünün tarif və təminat tutumu da əhəmiyyətli dərəcədə münasibdir. Belə ki, Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığortahaqqı 50, sığorta təminatı isə 25 min manatdır. Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində isə sığortahaqqı 40, sığorta təminatı isə 20 min manat, digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə sığortahaqqı 30, sığorta təminatı isə 15 min manatdır.
Hər birimiz daşınmaz əmlaklara zərər yetirən genişmiqyaslı yanğın hadisələri, təbii fəlakətlər və başqa xoşagəlməz hadisələr barədə məlumatlıyıq. Bu hadisələr bizim illərlə topladığımız, əldə etdiyimiz əmlakımızı bir anda tamamilə itirməyimizə gətirib çıxara bilər.
Əslində, məhz bu kimi hallarda vətəndaş və ya sahibkar əlavə xərc ilə üzləşərək çarəsiz qalmamaq üçün daşınmaz əmlakını vaxtında sığortalamalı, zərərini sığorta ilə qarşılamalıdır. Hər il sığortaçılar tərəfindən yüzlərlə zərər tənzimlənir, sığorta ödənişləri həyata keçirilir. Amma məsələnin digər tərəfini də yaddan çıxarmaq olmaz. Bəzən sığorta şirkətləri ilə vətəndaşlar arasında hadisə zamanı dəymiş zərərlə, hesablanmış sığortahaqqı ilə bağlı anlaşılmazlıqlar yarana bilir. Ciddi mübahisələr yarandığı hallarda sığortaçı vəziyyəti rəsmi olaraq izah edib şirkətin mövqeyini əsaslandırmalıdır. Əgər sığortaçının mövqeyi ilə razılaşmırsınızsa, məsələnin araşdırılması üçün sığorta nəzarəti orqanına müraciət edə bilərsiniz. Nəzarət mexanizmi ondan ötrüdür ki, siz öz vəsaitlərinizi etibarlı sığortaçılara əmanət edəsiniz, bu vəsaitlər elə idarə olunsun ki, şirkətin lazımi vaxtda lazımi məbləğdə ödəniş etmək qabiliyyəti olsun, sığortaçı əsassız olaraq sığorta ödənişini həyata keçirməkdən imtina etməsin və sair.
Muxtar respublika sakinlərinin diqqətinə çatdırmaq istəyirik ki, regionda sığorta bazarlarının fəaliyyətinə nəzarəti Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi həyata keçirdiyindən sığorta sahəsində yaranan mübahisəli məsələlərlə əlaqədar idarəmizə yazılı müraciət edə bilərsiniz.
Gəlin sığortadan faydalanaraq əldə etdiklərimizi birdəfəlik itirilmə ehtimalı ilə deyil, onun yenidən bərpa ola biləcəyi ümidi ilə yaşayaq.

Nərgiz Allahverdiyeva
Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar
Respublikası İdarəsinin əməkdaşı

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR