27 sentyabr 2020-ci il... Ordumuzun əks-hücum əməliyyatlarına başladığı gün el bir oldu, həqiqətən də, dağ oynatdı yerindən. 30 il müddətində yağı tapdağında qalan torpaqlarımız 44 gündə azad edildi. Bu yolda kimisi canını fəda edib şəhidlik məqamına yüksəldi, kimisi də sağlamlığını itirərək qazi kimi öz evinə qayıtdı. Qazi kimdir? Qazi bir Qəhrəmandır! Qazi canını və gəncliyini dövləti, Vətəni, xalqı yolunda özünü fəda etmək üçün od-alov meydanına heç bir qarşılıq gözləmədən atılandır.
Biz də Zəfər bayramımızın ilk ilini qeyd etdiyimiz bu günlərdə bir neçə qazi ilə görüşüb, həmsöhbət olduq. Onlardan leytenant Rauf Əbdürrəhimov həmin günləri həm kədər, həm də böyük qürur hissi ilə xatırlayır. Əslən Şəki rayonundan olan Rauf ilk xidmətinə Əlahiddə Ümumqoşun Ordudan başlayıb. Deyir ki, istər orta məktəbdə, istər hərbi liseydə, istərsə də Ali Hərbi Akademiyada ilk dərsimiz vətənpərvərlik mövzusunda olub. Biz erməni vəhşilikləri haqqında oxuyaraq, düşmənə nifrət hissi ilə böyümüşük. Uzun zaman idi ki, gözlədiyimiz əmr gəlmişdi. Ali Baş Komandanın əks-hücum əmrindən sonra yerimizdə dayana bilmirdik. Düşünürdük ki, görəsən, biz nə zaman döyüşlərə qatılacağıq. Nəhayət ki, oktyabrın 11-i biz də Qarabağa yollandıq. Vallah, inanın, hər birimiz elə böyük sevinclə yola düşdük ki, sanki müharibəyə yox, hansısa bayrama gedirdik. Elə ilk günlərdən Naxçıvanın xüsusi təyinatlıları döyüşlərdə şücaətlərini göstərdilər. Füzuli, Xocavənd, Şuşa kimi istiqamətlərin azad olunmasında iştirak etdik. Mənim üçün müharibənin ən ağır anı isə mənə və mənim kimi yüzlərlə hərbi qulluqçuya vətənpərvərlik dərsi keçən polkovnik-leytenant Qərib Baxşəliyevin və komandirimiz, polkovnik-leytenant Anar Əliyevin şəhid olması idi. Düzdür, kədərlənsək də, ondan sonra, sanki daha da əzm, iradə ilə döyüşərək həm komandirimizin, həm də digər şəhid qardaşlarımızın qisasını almağa başladıq. Hər şəhid olan yoldaşımız bizi daha da irəli istiqamətləndirirdi. Ya şəhid olmalı idik, ya da qalib qayıtmalıydıq. Gedən döyüşlər bizə bir daha düşmənin necə qorxaq olduğunu göstərirdi. Çünki onlar bizimlə üz-üzə döyüşə girməyə cəsarət edə bilmirdilər. Ağır artilleriyadan atəşə tuturdular. Üzbəüz gəldikdə isə silahlarını qoyub qaçırdılar. Qənimət götürdüyümüz düşmən maşınlarını, silahlarını onların özlərinə qarşı istifadə edirdik. Düzdür, şəhidlərimiz çox oldu. Lakin bütöv Azərbaycan uğrunda, illər öncə tapdanmış qürurumuz üçün can verməyə hər zaman hazır idik. Biz haqq savaşında idik. Və qalib olmağımızı şərtləndirən əsas amillərdən biri də bu idi. Bu gün “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medallarını fəxrlə daşıyıram. Nəinki, şəhid ailələri, qazilərimiz, ümumiyyətlə, Vətən müharibəsi iştirakçıları bu gün dövlətimiz tərəfindən yüksək diqqət və qayğı ilə əhatə olunublar. Qalib ordunun qalib nümayəndələri kimi bu gün başımız uca, üzümüz ağdır.
Digər müsahibim Vətən müharibəsi iştirakçısı Nurlan Hüseynovdur. Nurlan deyir ki, illərdir, həmin günü gözləyirdik. Bu təkcə mənə aid deyil. Bütün yoldaşlarım döyüşə yollanmaq üçün səbirsizlənirdi, əmr gözləyirdik. Yağı tapdağında qalan torpaqlarımızı azad etməkdə istəyirdik rolumuz olsun. Xüsusi təyinatlı qüvvələr kimi uzun müddət idi ki, iştirak etdiyimiz təlimlərdə bu gün üçün hazırlayırdıq özümüzü. Nəhayət ki, həmin gün həmin göstəriş gəldi və mən də yoldaşlarımla bərabər, Vətənin harayına yollandım. Tapdaq altında qalan bölgələrimizin işğaldan azad olunması uğrunda əlimizdən gələni etdik. Bu savaş bizdən sonrakı nəsillərə qalmamalı idi. Böyük qürur hissi ilə deyə bilərəm ki, müharibədən sonra Qələbə paradında iştirakımız həyatımızın ən önəmli günü oldu.
Azərbaycan Ordusu bu savaşa hər an hazır idi. İllərlə sülh yolu ilə torpaqlarımızın qaytarılması üçün aparılan danışıqlar nəticə vermir, hətta düşmən öz təxribatlarını daha da genişləndirirdi.
Bu gün xüsusi qeyd etmək istəyirəm ki, ulu öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlər günümüzdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin dinamik inkişafı ordumuzun büdcəsinin artmasına və nəticə etibarilə, güclənməsinə şərait yaradıb. Bunun nəticəsində ordumuzun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası möhkəmləndirilib. Hərbçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmaqdadır. Müasir döyüş texnikaları ilə təchiz edilmiş Azərbaycan Silahlı Qüvvələri hazırda yüksək nizam-intizama və döyüş qabiliyyətinə malikdir. Ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlər Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Ali Baş Komandan cənab İlham Əliyev Naxçıvanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsini daim diqqət mərkəzində saxlayır. Düşünürəm ki, qələbəmizi şərtləndirən əsas amillərdən biri elə yuxarıda sadaladığım kimi hərb sahəsində göstərilən diqqət və qayğı oldu.
Müharibədən sonra cənab Prezidentimiz tərəfindən “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif olunmuşam.
Döyüşə gülərək gedən qəhrəman əsgərlərimiz düşməni qovaraq Vətənimizin ayrılmaz hissəsi olan Qarabağı geri aldılar. Bu mübarizədə şəhidlik onlar üçün ən uca zirvə idi. Məhz bu amalla düşmənin üzərinə gedən əsgərlərimiz nə şəhid olmaqdan, nə də qazi olmaqdan çəkinmədilər. Onlar üçün bu yol şərəf yolu idi, xalqımızı doğma yurd-yuvasından qovan düşmənə layiqli cavab idi. Müharibə bitdikdən sonra bu torpaqların geri alınmasında əməyi olan qazilərimizi gördükdə onlara qarşı bir başqa hiss, duyğu yaranır insanda. Doğma Vətən torpağını qoruyan, canından, qanından keçməyə hazır olub Vətənin azadlığı uğrunda sağlamlığını itirən qəhrəmanlarımız gələcək nəsillərə bir örnəkdir.
Telli MƏMMƏDOVA