06 Dekabr 2024, Cümə

Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində görülən tədbirlər sırasında heyvandarlığın inkişafı mühüm yer tutur. Heyvandarlıq təsərrüfatlarında intensiv metodların tətbiqi, yem bazasının möhkəmləndirilməsi, səmərəli satış mexanizminin qurulması, fermerlərə subsidiyaların verilməsi, yeni layihələrin reallaşdırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilir.


Heyvandarlığın inkişafında intensiv metodların tətbiqinin genişlənməsində və məhsuldarlığın artmasında bu sahədə normativ-hüquqi bazanın davamlı olaraq möhkəmləndirilməsinin böyük rolu var. Muxtar respublikada heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması və məhsuldarlığın yüksəldilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 sentyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Süni Mayalanma Mərkəzinin yaradılması heyvandarlığın inkişafı sahəsində yeni perspektivlər açıb.
Heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldar­lığın inkişafı üçün heyvanların süni mayalanması davam etdirilib. Belə ki, cari ilin 9 ayı ərzində heyvandarlıq təsərrüfatlarında 10074 baş inək, düyə və camış süni yolla mayalandırılıb, bu dövrdə 7168 baş sağlam bala alınıb. 1 oktyabr 2021-ci il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 125 min 426 baş, qoyun və keçilərin sayı 771 min 372 baş olmuşdur ki, bu da 1 oktyabr 2020-ci il tarixə olan göstəriciləri 2,9 və 2,1 faiz üstələmişdir.
Əhalini keyfiyyətli heyvandarlıq məhsulları ilə təmin etmək məqsədilə mütərəqqi təsərrüfatçılıq metodlarından istifadə olunaraq yeni heyvandarlıq təsərrüfatları yaradılır. Cari ilin 9 ayı ərzində 41 heyvandarlıq təsərrüfatı yaradılıb, 14 heyvandarlıq təsərrüfatı genişləndirilib. Yeni yaradılan və ya genişləndirilən heyvandarlıq təsərrüfatlarında yem bazasının möhkəmləndirilməsi üçün hərtərəfli şərait yaradılıb.
Heyvandarlıqla məşğul olan sahibkarların fəaliyyətinin inkişaf etdirilməsi məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2021-ci ilin 9 ayı ərzində 66 layihənin maliyyələşdirilməsinə 1 milyon 152 min manat dövlət maliyyə dəstəyi göstərilmişdir.
Bu gün regionlarımızda heyvandarlığın inkişafı istiqamətində atılan addımlar ölkəmizin ət və ət məhsulları ilə özünü təmin etməsini reallaşdırmaqla yanaşı, bölgələrin inkişafına da əhəmiyyətli təsir göstərir.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR