Muxtar respublikada təhsilin inkişafına hərtərəfli diqqət və qayğı göstərilir, bu sahədə ardıcıl tədbirlər həyata keçirilir, infrastruktur yenilənir. Müstəqillik illərində muxtar respublikanın şəhər, rayon və kəndlərində 200-dən çox məktəb binası istifadəyə verilmişdir.
Bu gün muxtar respublikanın təhsil müəssisələrində yaradılan müasir tədris şəraiti, mütərəqqi təhsil metodlarının tətbiqi, müəllim əməyinə verilən yüksək qiymət sayəsində tədrisin səviyyəsi yüksəlmiş, əvvəlki illərdə olduğu kimi, 2020-2021-ci tədris ilində də şagirdlər müxtəlif səviyyəli bilik yarışlarında, buraxılış imtahanlarında, eləcə də ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunda uğurlu nəticələr qazanmışdır. 2020-2021-ci tədris ilində ümumtəhsil məktəblərini tam orta təhsil bazasından bitirən məzunlardan 17-si “Qızıl”, 17-si “Gümüş” nişana, 41-i fərqlənmə attestatına, ümumi orta təhsil bazasından isə 121-i fərqlənmə attestatına layiq görülmüşdür. Muxtar respublika üzrə şagirdlərdən 26-sı Respublika fənn olimpiadasının qalibi olmuş, VI Respublika fənn müsabiqəsində isə şagirdlərdən 6-sı qızıl, 12-si gümüş, 18-i bürünc medala, 19-u isə IV yerə layiq görülmüşdür.
2020-2021-ci tədris ili üzrə ümumtəhsil məktəblərini Heydər Əliyev adına Hərbi Lisey də daxil olmaqla, bitirən məzunların 1960-ı, yəni 73 faizi ali və orta ixtisas təhsili müəssisələrinə daxil olmuşdur. 261 məzun 500-700 bal intervalında nəticə göstərmiş, onlardan 3-ü Prezident təqaüdünə layiq görülmüşdür.
Ötən il ali məktəblərə qəbulda muxtar respublikanın 109 məktəbinin məzunları 500-700 arası nəticə göstərmişdirsə, cari tədris ilində bu nəticəni göstərən məktəblərin sayı artaraq 114-ə çatmışdır. Bu gün ən ucqar dağ kəndində belə, ümumtəhsil məktəbləri üçün müasir binaların tikilib istifadəyə verilməsi, müasir tədris avadanlıqları ilə təchiz olunması və məktəblərin pedaqoji kollektivlərinin komplektləşdirilməsi nəticəsində tədrisin keyfiyyəti yüksəlmişdir. Naxçıvan şəhəri və rayon mərkəzlərindəki tam orta məktəblərlə yanaşı, yüksək nəticə göstərənlər sırasında kənd məktəblərinin də məzunları çoxluq təşkil edir. Yüksək nəticə göstərən məktəblərin 83-ü kənd, 31-i isə şəhər məktəbləridir. Bununla yanaşı, 33 ümumtəhsil məktəbinin məzunlarının hamısı tələbə adını qazanmışdır.
Muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrində yaradılan müasir infrastrukturun nəticəsidir ki, abituriyentlər ixtisas seçimi zamanı muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinə üstünlük vermişlər. Belə ki, 500-700 arası nəticə göstərən abituriyentlərin 150-si, yəni 57 faizi muxtar respublika ali təhsil müəssisələrinə qəbul olmuşdur. Ümumilikdə, ali məktəblərə qəbul olanların 1117-si, yəni 75 faizi muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil almağa üstünlük vermişlər.
Müəllim nüfuzunun artırılması, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, sosial müdafiənin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamlı xarakter alması bu peşəyə olan marağı artırmış, 500-700 intervalında nəticə göstərən 261 məzunun 65-i, yaxud 25 faizi, ümumilikdə isə cari ilin məzunlarından 548-i, yaxud 37 faizi pedaqoji yönümlü ixtisasları seçmişlər.
Naxçıvan Muxtar Respublikasında məktəblilərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi diqqət mərkəzində saxlanılır. Belə ki, təhsil müəssisələrində hərbi kabinələrin fəaliyyət göstərməsi, onlara lazımi avadanlıqların verilməsi, eyni zamanda bu sahə üzrə həyata keçirilən müxtəlif tədbirlər, yarış və müsabiqələr məktəbli gənclərin ibtidai hərbi hazırlığına, vətənpərvərlik hissinin gücləndirilməsinə müsbət təsir göstərmiş, hərbi təhsilə marağı xeyli artırmışdır. Nəticədə, 2021-ci ildə məzunlardan 32-si xüsusi təyinatlı ali təhsil müəssisələrinə qəbul olmuşdur. Tam orta təhsil bazasından isə 20 nəfər Naxçıvan Tibb Kollecinin Hərbi feldşer ixtisasına qəbul olmuşdur. 2021-ci ildə muxtar respublikanın 149 ümumtəhsil məktəbindən Heydər Əliyev adına Hərbi Liseyə qəbul üçün 425 şagird sənəd vermiş, onlardan 156-sı kursant adını qazanmışdır.
Muxtar respublikada təhsilin dövlət qayğısı ilə əhatə edilməsi əldə olunan uğurlu nəticələrin gələcək illərdə də davamlı xarakter alacağını şərtləndirir.
“Şərq qapısı”