Naxçıvan Muxtar Respublikasında gənc nəslin sağlamlığının qorunması, onların asudə vaxtlarının səmərəli təşkili, eyni zamanda idmana cəlb olunması yönündə mühüm addımlar atılır. Bu gün muxtar diyarımızda bütün sahələrdə olduğu kimi, idmana da diqqət və qayğı ilə yanaşılır. Muxtar respublikanın şəhər və rayonlarında, həmçinin kəndlərində yeni idman obyektləri, zalları tikilərək uşaq, yeniyetmə və gənclərin ixtiyarına verilib.
İdmana, idmançılara göstərilən dövlət qayğısının bariz nümunəsi kimi ötən gün Kəngərli rayonunun Xok kəndində güləş zalı istifadəyə verilib. Xok kənd tam orta məktəbinin idman zalında fəaliyyət göstərəcək güləş bölməsi bütün avadanlıqlarla təmin edilib.
Zalın açılış mərasimində çıxış edən Kəngərli Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüsal Hüseynzadə bildirib ki, Naxçıvanda uğurlu idman siyasəti nəticəsində daim beynəlxalq yarışlar, turnirlər təşkil edilir, idman infrastrukturu müasirləşdirilir, idmanın inkişafına davamlı qayğı göstərilir. Bunun nəticəsidir ki, idmançılarımız keçirilən bütün yarışlarda uğur qazanır, idman ənənələrini layiqincə davam etdirirlər. Yeni istifadəyə verilən güləş zalı bu gün diyarımızda idmana qayğının təcəssümüdür.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov çıxışında vurğulayıb ki, yaradılan müasir idman infrastrukturu muxtar respublikada beynəlxalq yarışların yüksək səviyyədə keçirilməsinə imkan verir. Mövcud infrastruktur, eyni zamanda uşaq, yeniyetmə və gənclərin sağlam, peşəkar idmançı kimi formalaşması baxımından böyük rol oynayır. Şəhər və rayonlarımızla yanaşı, muxtar respublikanın kəndlərində də idman obyektlərinin tikilməsi, mövcud obyektlərin yenidən qurulması, idman zallarının fəaliyyətə başlaması artıq ənənə halını alıb. Kəngərli rayonunun Xok kəndində yeni güləş zalının idmançıların ixtiyarına verilməsi burada idmana marağı daha da artıracaq, gələcəkdə onların uğur qazanmasına bilavasitə təsir göstərəcək.
Çıxış edənlər sonda yaradılan şəraitə görə muxtar respublika rəhbərinə idmançılar adından minnətdarlıqlarını bildiriblər.
Sonra idmançılara Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası tərəfindən idman geyim dəstləri və güləş tirkoları hədiyyə edilib.
Ceyhun MƏMMƏDOV