30 Dekabr 2024, Bazar ertəsi

Müasirləşən kəndlərimiz

Cümə günü səhərin erkən çağıdır. Didilib pilələnmiş yun kimi çəngə-çəngə olub göy üzünə səpələnən bulud laylarını yarmaqla öz hünərini göstərməyə çalışsa da, istəyinə çata bilməyən solğun çöhrəli Günəşin və arabir təlatümə gələrək ağacların bahar həsrətli göz yaşlarını damla-damla axıtdıran küləyin müşayiəti ilə kiçik kəndin böyük büsatının tamaşasına tələsirəm. Naxçıvan şəhərindən Araz kənd mərkəzinədək uzanan geniş, abad yolla irəliləyən maşının pəncərəsindən ətrafa nəzər yetirəndə gözlərim önündə müstəqillik illərinin bəhrələri fonunda rəngarəng çalarlı zəngin bir albom vərəqlənir: Payız albomu. Düşünürəm: – Müəllifi payız olan bu albomun səhifələri bir-birini necə də müfəssəl şəkildə tamamlayır. Mahir bir rəssamın incə qələmindən süzülən mükəmməl sənət əsərini xatırladan, rənglərin harmoniyasından doğan bu gözəlliklər qarşısında heyranlığı gizlətmək, onu vəsf etməmək mümkün deyil. Uzun pərli qanadlarını gərərək məğrur-məğrur süzən, ov görərkən ildırım sürəti ilə aşağıya şığıyan leyləklərin, baharın müjdəçisi sayılan qaranquşların, eldən-elə qatarlaşıb köç edən durnaların bir daha geri dönmək ümidi ilə tərk etdikləri yuvalar xəbər verir fəslin gəlişini. Yol kənarlarına xüsusi nizamla əkilən ağacların xəfif küləyin təsiri ilə budaqlardan qoparaq aramla yerə enən yarpaqları, sıra ilə düzülən, sanki bu torpağı bədnəzərlərdən qorumağa çalışan dağların üzərinə sığal çəkən, ağ örpəyə bənzəyən çən, duman qatı, asta templə yağan yağışın ağaclarda son anlarını keçirən qızılı rəngli yarpaqların üzərindəki almaztək parıldayan damlaları bir payız nəğməsinin notlarıdır, sanki...

 

Təbiətlə insan zəhmətinin harmoniyasından doğan bənzərsiz mənzərələri seyr edə-edə yolun çox hissəsini necə qət etdiyimin fərqində olmuram, rahat asfalt yolla şütüyən avtomobilimiz çox keçmir ki, ünvana yetişir. Budur, artıq qarşımdadır, kiçik kəndin böyük büsatı. Hələ buraya üz tutmazdan bir neçə gün əvvəl Araz kəndində yeni sosial obyektlərin açılış tədbirini qəzetdən oxuyanda düşünmüşdüm bu sərlövhəni. Və kənd elə ilk baxışdan düşüncələrimdə yanılmadığımı əyani şəkildə təsdiq edir. Yaşayış məntəqəsinə ayaq basdığım andan özümü, sanki Naxçıvan şəhərinin mərkəzi küçələrindən birində hiss edirəm: Bir tərəfdə bir-birinə boyverən yaraşıqlı kənd, xidmət mərkəzləri, həyətində uşaqların şən-şaqraq gülüş səslərinin ətrafa yayıldığı məktəb binası, digər yanda da rahat, səliqəli səkilər, asfalt yollar, baxımlı, göz­oxşayan həyət evləri...

Kəndlə yaxından tanışlığıma ilk vəsilə olan şəxs əlində ərzaq dolu torbalarla xidmət mərkəzindən çıxıb evə tələsən Əli Vahabovdur. Ayaqüstü söhbətimiz zamanı ürəkdolusu böyük razılıqla danışan kənd sakini deyir ki, 18 ildir, yaranan, adını məşhur çayımızdan alan yaşayış məntəqəsi qısa zamanda böyük yol qət edib: Əvvəllər Arazda yaşayış indi gördüyünüz kimi ürəkaçan deyildi. Kənddə nümunə üçün bir ərzaq mağazası belə, yox idi. Evimizə bir qonaq gələndə, sözün əsl mənasında, canımıza üşütmə düşər, nə edək, necə edək deyərdik. Adi ərzaq məhsullarını belə, almaqdan ötrü kilometrlərlə məsafə qət etməli olurduq. Ümid yeri kimi üz tutduğumuz ünvan ya Nehrəm qəsəbəsi idi, ya da Babək şəhəri. Təbii ki, bu həm əlavə xərcə yol açır, həm də vaxtımızı alırdı. Yaşasın dövlətimiz ki bu problemi aradan qaldırdı. Özünüz də istəsəniz buyurub xidmət mərkəzinin içərisinə baxa bilərsiniz. İndi buradan nə istəsən, tapmaq olar: bütün ərzaq, təsərrüfat malları, məktəbli ləvazimatları... Əlimdə gördüyünüz bu torbalarda ərzaq məhsulları ilə yanaşı, ədviyyatlar da var. Evin xanımı “həftəbecər” turşusu qoyacaq qışa, onun üçün almışam, “Naxçıvan qovurması” da hazırlayırıq, qonağımız ola bilərsiniz...
Ulu babalarımızın “Abad el yolundan və suyundan bəlli olar” hikmətli sözünü xatırladan Əli kişi bildirir ki, Araz kəndində həm yollar yüksək səviyyədə qurulub, həm də həyətlərə içməli su və kanalizasiya xətləri çəkilib. Yəni elimizin abadlığı tam şəkildə bəllidir. Ancaq keçmişi də unutmaq olmaz. Bəli, yay-qış bilmədən, qarda, boranda, soyuqda, istidə Nehrəmdən bidonlarla su daşıyanda heç ağlımıza da gəlməzdi ki, gün gələcək həyat mənbəyimiz sayılan bu təbii varlıq özü evimizə gələcək. Həm də qonaq qismində yox, həmişəlik, daimilik. Onu da deyim ki, ümumiyyətlə, kəndin köhnə simasından əsər-əlamət belə, qalmayıb. Rabitə, poçt xidmətlərindən yararlanmağımız və digər həyativacib məsələləri vaxtlı-vaxtında həll etməyimiz üçün müasir kənd mərkəzi istifadəyə verilib, elektrik xətləri, dirəkləri yenilənib. Yaxşı yadımdadır, əvvəllər yararsız naqillər, dirəklər üzündən havanın küləkli vaxtlarında küçə-bacadan qorxa-qorxa, ehtiyatla keçərdik. Özümüzdən də çox övladlarımızın səhlənkarlığından təlaşlanardıq. Hamımız uşaq olmuşuq. Bir dəfə deyirsən, bala, çıxma belə vaxt küçəyə, iki dəfə deyirsən, üçüncü dəfə yenə çıxır. Şükürlər olsun ki, bu xoşagəlməz hal da tamamilə aradan qaldırıldı. Fikirlərimə yekun olaraq deyim ki, bir kənd sakini üçün bundan böyük diqqət, bundan böyük qayğı təsəvvür etmək mümkün deyil. Biz də üzərimizə düşən məsuliyyəti dərindən dərk edib, Ali Məclis Sədrinin kənd camaatı ilə görüşündə qurub-yaradılanları qorumaq, məskunlaşma, torpaqlardan səmərəli istifadə olunması, yaşıllıqların salınması, ailə təsərrüfatlarının inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqları əldə rəhbər tutaraq kəndimizin daha da gözəlləşməsi, böyüməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik. Fürsətdən istifadə edib bütün bu yaradılanlara görə həmkəndlilərim adından dövlətimizə minnətdarlıq edirəm.

Alman filosofu Artur Şopenhauerin gözəl bir sözü var: “Sağlamlıq hər şey deyil, amma sağlamlıq olmadan hər şey bir heçdir”. Bəli, canımız sağlam olduqda ətrafımızdakı bütün gözəlliklərdən müsbət enerji alır, naz-nemətin ləziz dadını, tamını duya bilirik. Ömrümüzə qonaq gələn hər fəsil öz bənzərsizliyi ilə sağlam ruhumuzu daha da təzələyir, həyatımız maraqlı və xoş anlarla yaddaşımıza yazılır. Xəstələnən zaman isə gülün, çiçəyin ətrini duya bilmir, giley-güzarımız çoxalır, həyata küskünləşir, əlimizi işdən soyuduruq. Məhz insan sağlamlığını prioritet vəzifə kimi qarşıya qoyan dövlətimiz bütün yaşayış məntəqələrində olduğu kimi, Araz kəndində də səhiyyə ocağı üçün müasir şərait yaradıb. Kənd mərkəzində fəaliyyət göstərən feldşer-mama məntəqəsi ilə tanışlıq zamanı məntəqənin müdiri, 19 ildir, səhiyyə sahəsində çalışan Şərəbanı Hüseynova deyir ki, əvvəllər məktəbin tərkibində ayrılmış bir otaqda fəaliyyət göstərirdik. Otaqda bir şkaf var idi, bir dənə də çarpayı. Dərmanları daşımaq üçün çanta da yox idi. Hər hansı avadanlıqdan söhbət gedə bilməzdi. İndi kənd mərkəzində müasir iş şəraiti yaradılıb: ilk yardım üçün ləvazimatlar, təzyiq, şəkər, boyölçən aparat, tərəzi, dərmanları saxlamaq üçün soyuducu və daha nələr. Bir kəndin tibb müəssisəsi üçün zəruri olan nə lazımsa, vardır. Əvvəllər insanlar səhhətlərində yaranan adi nasazlığa görə kilometrlərlə məsafə qət etmək məcburiyyətində qalır, yolların da bərbadlığı üzündən xoşagəlməz hallar qaçılmaz olurdu. Ancaq indi daha bu çətinliklər arxada qalıb, xəstələrə istər məntəqədə, istərsə də, ehtiyac olarsa, ev şəraitində tibbi yardım göstərmək imkanımız vardır. Azyaşlılar vaxtlı-vaxtında peyvənd olunur, sakinlər arasında maarifləndirici söhbətlər aparılır ki, bu da insanların ən həssas məsələyə diqqətini artırır və beləliklə də, müsbət nəticələr əldə edilir...
Deyirlər, təhsil çörək və sudan sonra xalqın əsas zəruri ehtiyacıdır. Təqdirəlayiq haldır ki, bu gün muxtar respublikamızın bütün şəhər, qəsəbə və kəndlərində insanların bütün zəruri ehtiyacları yüksək səviyyədə, tam şəkildə ödənilir. Araz kəndində də istifadəyə verilən sosial obyektlər içərisində məktəb binasının olması müəllim və şagirdlərin hədsiz sevincinə səbəb olub. Elə kəndlə tanışlıq zamanı binanın həyətində qovalaqaç oynayan uşaqların şən-şaqraq gülüş səslərindən, müəllimlərin çöhrələrini bürüyən təbəssümdən də onların sevincini hiss etmək çətin deyil. Təhsil ocağının Azərbaycan dili və ədəbiyyat müəllimi, 32 illik pedaqoji təcrübəyə malik Zeynəb Babayeva söhbət zamanı köhnə məktəbdəki tədris şəraitinin acınacaqlı vəziyyətini xatırladır. Deyir, dəmir konstruksiyalardan düzəldilmiş məktəb his qoxan otaqları, tozlu-torpaqlı döşəməsi, sınıq-salxaq partaları ilə “seçilirdi”. İlin bu dövrlərində isə vəziyyət daha acınacaqlı hal alır, uşaqlar arasında mövsümi xəstəliklər yayılırdı ki, bu da dərslərdə ləngimələrə yol açırdı. Nə valideynləri qınamaq olurdu, nə də uşaqları. Nə özümüz paltonu çıxara bilirdik, nə də şagirdlər. Yenə qarşıdan soyuq qış ayları gəlir. Ancaq daha nə qar, nə də boran pedaqoji kollektivi, şagirdləri qətiyyən qorxutmur. Çünki dövlətimizin qayğısı sayəsində yeni istifadəyə verilən bina istilik sistemi ilə tam təchiz olunub. Yeni bina özü ilə çoxlu yeniliklər gətirib. Əvvəllər uşaqlar laboratoriyaları ya televiziya ekranlarından, internetdən görər, ya da başqa kəndlərdəki həmyaşıdlarından eşidərdilər bu haqda. Ancaq bu gün onların biliklərinin praktik surətdə zənginləşdirilməsi üçün ən yeni texnologiyalarla təchiz olunan fizika və kimya-biologiya laboratoriyaları istifadəyə verilib. Digər tərəfdən məktəbdə idman dərslərinin keçilməsi üçün şərait olmadığından uşaqların fiziki hazırlığı da aşağı səviyyədə idi. İndi isə müxtəlif idman oyunlarını öyrənmək üçün geniş zal, binanın həyətində qurğular, eləcə də şahmat otağı vardır.
Aqillərin “Kitab bir nəslin o biri nəslə qoyub getdiyi mənəvi vəsiyyətdir” hikmətli fikrini xatırladan Zeynəb müəllimə qeyd edir ki, kitablar bizim mənəvi qidamızdır, mütaliəsiz insan, ruhsuz bədən kimidir. Məktəbimizin acınacaqlı vaxtlarında ən çox qorxumuz bu mənəviyyat xəzinəsini itirməklə bağlı olub. Kitabxanamız olmadığından kitabları müəllimlər otağında saxlayırdıq, tüstüdən, hisdən, küləkdən qorumağa çalışırdıq onları. Bəlkə də, ixtisasımdan irəli gəlir, deyə bilmərəm. Ancaq təvazökarlıqdan uzaq olmasın, kitablara qarşı çox həssasam. Hər zaman şagirdlərimə deyirəm ki, dəftəri, qələmi, çantanı yaddan çıxarmaq, itirmək olar, amma mənəvi qidamız sayılan kitabı yox. Bu mənada, yeni binada məni ən çox sevindirən də məhz zəngin kitabxananın istifadəyə verilməsi oldu. Həmçinin məktəbdə yeni Steam kabinəsi də yaradılıb ki, bu da şagirdlərin düşüncə tərzlərinin, dünyagörüşlərinin müasir dövrün yeniliklərinə uyğun inkişaf etdirməsinə yol açacaq. Ümumiyyətlə, yeni məktəbimizin bütün üstün məziyyətləri pedaqoji kollektiv, valideyn və şagirdlər tərəfindən dərin minnətdarlıq hissi ilə qarşılanır. Düşünürəm ki, Beynəlxalq Müəllimlər Günü ərəfəsində biz müəllimlər üçün bundan böyük hədiyyə ola bilməzdi. Uzun illər təhsil sahəsində çalışan təcrübəli pedaqoq kimi bütün bu sadaladığım və digər üstünlükləri bizlərə bəxş etdiyi üçün dövlətimizə minnətdarlıq edirəm.
Araz kəndi ilə tanışlıq zamanı öyrənirəm ki, son illərdə burada təsərrüfat qurub, iş-güc sahibi olanların sayı xeyli artıb, məskunlaşma çoxalıb. Yaşı 50-dən yuxarı olan kənd sakini İlyas Əlirzalı 6-7 il olar öz ailə təsərrüfatını yaradıb. Deyir, heyvandarlıq sahəsinə 10 xırdabuynuzlu ilə başladım, daha sonra vəziyyəti götür-qoy edib təsərrüfatı genişləndirmək qərarına gəldim. Bu zaman isə dövlətimin dəstəyi köməyimə yetdi. Maliyyə vəsaiti götürərək həm heyvanların sayını artırdım, həm də təsərrüfat üçün digər tədbirləri uğurla həyata keçirdim. İndi artıq 250 başa çatıb xırdabuynuzlu heyvanların sayı. Kəndin coğrafi vəziyyətindən, yaradılan əlverişli şəraitdən istifadə edərək bu işi daha da genişləndirmək niyyətindəyəm.
Kəndin digər bir ailə təsərrüfatçısı İbrahim Sadiqov 130 iribuynuzlu heyvan bəsləyir. Deyir, 2-si pay, 5-i isə icarə olmaqla, 7 hektar ərazidə arpa, buğda, qarğıdalı əkini də həyata keçirir. Təsərrüfatında istehsal olunan süd, qatıq və pendirin alıcısı da, necə deyərlər, başının üzərindədir. Ətlik heyvanları da Nehrəm qəsəbəsində açdığı şəxsi qəssabxanasında kəsib satır, yaradılan şərait hesabına qazandığı halal məvaciblə övladlarını böyüdüb. Araz kəndində istifadəyə verilən sosial obyektlərin iş-güc adamı kimi onun da işini xeyli asanlaşdırdığını vurğulayan İbrahim kişi bütün bunlara görə dövlətimizə minnətdarlıq edir.

Böyük şairimiz Nizami Gəncəvi “Leyli və Məcnun” poemasında yazır ki, bir xərabə görsən, qurmağa tələs, məsləhət belədir, əməyin itməz. Bəli, hünər daşı daş üstünə qoymaq, qurub-yaratmaqdır, dağıtmağa nə var ki... Müstəqillik illərində Ali Məclis Sədrinin rəhbərliyi ilə muxtar respublikamızda bütün sahələrdə həyata keçirilən genişmiqyaslı tədbirlər, qurub-yaradılanlar artıq öz bəhrəsini ən yüksək səviyyədə göstərməkdədir. Qüdrətli ordu və güclü iqtisadiyyat bu yüksəlişin sütunlarıdır. Ötən il 44 günlük Vətən müharibəsi və cari il mayın 10-da ölkə Prezidentinin muxtar respublikaya səfəri çərçivəsində Naxçıvanı “rekordsmen bölgə” adlandırmaqla burada gedən işləri yüksək qiymətləndirməsi çəkilən zəhmətin hədər getmədiyini bir daha sübut etdi. Əminliklə demək olar ki, digər yaşayış məntəqələrimizlə yanaşı, böyük zəhmət hesabına yeni görkəminə qovuşan Araz kəndinin də gələcəkdə bu inkişaf və tərəqqidə böyük payı olacaq...

Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR