AMEA Naxçıvan Bölməsində Rəyasət Heyətinin növbəti iclası keçirilib. Bölmənin sədri, akademik İsmayıl Hacıyev iştirakçıları iclasın gündəliyinə çıxarılan məsələlərlə tanış edib.
Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Emin Şıxəliyev “İkinci Qarabağ müharibəsi və Cənubi Qafqazda meydana gələn yeni geosiyasi reallıqlar” mövzusunda elmi məruzə edib. 30 illik zaman müstəvisində tariximizə nəzər salan tədqiqatçı əzəli torpaqlarımıza qarşı irəli sürülən saxta iddialar, Qarabağ məsələsinin ortaya çıxma səbəbləri, problemin həlli istiqamətində görülən işlər, BMT-nin qəbul etdiyi qətnamələr, ATƏT-in Minsk Qrupunun səmərəsiz fəaliyyəti və digər məsələlərlə bağlı fikirlərini bölüşüb, reallıqları təhlil edib. Dünyadakı güc təmərküzləşməsi, geosiyasi maraqlar, süni münaqişə ocaqları, beynəlxalq hüquq və Qərb dövlətlərinin sərgilədikləri ikili standartlar məruzənin aparıcı mövzuları olub.
Bildirilib ki, 30 ilə yaxın düşmən tapdağı altında olan tarixi Azərbaycan torpaqları mütəşəkkil əks-hücum əməliyyatı sayəsində işğaldan azad olundu. Bu qələbə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə hərb və siyasət meydanındakı qətiyyətli mübarizənin bəhrəsidir.
Alim Qarabağ məsələsində Türkiyə, Rusiya, Fransa, İran, kimi dövlətlərin mövqeyindən, Şuşa Bəyannaməsinin imzalanması və Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin önəmindən söz açıb. Zəngəzur dəhlizinin əhəmiyyətindən, daşıyacağı mühüm tarixi missiyadan bəhs edən tədqiqatçı türk dövlətlərinin birliyinin labüd tarixi reallıq olduğunu diqqətə çatdırıb.
İclasda digər məsələlər də müzakirə olunub.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti