06 Dekabr 2024, Cümə

 

Azərbaycanın digər regionlarında olduğu kimi, Naxçıvanda da ziyalılar XIX əsrin ikinci yarısından etibarən Azərbaycan, Rusiya və Şərq mətbuatında iştirak etmişlər. Naxçıvan ziyalılarının mətbuatla əlaqələrinin yaranması və genişlənməsi regionda milli maarifçilik hərəkatının inkişafına müsbət təsir göstərmişdir. Yerli ziyalıların təşəbbüsü ilə dünyanın müxtəlif yerlərindən alınan “Tərcüman” (Baxçasaray), “Həblülmətin” (Kəlküttə), “Sürəyya”, “Pərvəriş” (Qahirə), “Əxtər” (Tehran), “Novoye obozreniye” (Peterburq), “Kavkaz” (Tiflis), “Tərcüman” (Baxçasaray) və sair mətbuat orqanları Naxçıvan maarifçiləri arasında geniş şəkildə oxunub müzakirə olunmuşdur. 

 

Naxçıvanda müxtəlif qəzetlərin xüsusi təmsilçilərinin müəyyənləşdirilməsi mətbuat orqanları ilə əməkdaşlığın və əlaqələrin yaranmasına və inkişaf etməsinə səbəb olmuşdur. Qurbanəli Şərifzadənin “Həblülmətin”, Əliməmməd Xəlilovun “Kavkaz”, Eynəli Sultanovun “Novoye obozreniye”, Məhəmməd Tağı Sidqinin, Paşa ağa Sultanovun “Tərcüman” qəzetlərinin bölgə üzrə daimi müvəkkili vəzifəsini daşımaları abunəçilərin sayca artması ilə bərabər, həm də adıçəkilən qəzetlərdə Naxçıvana dair xəbərlərin, məlumatların dərc olunmasına şərait yaratmışdır. Axtarışlar göstərir ki, “Əkinçi” qəzeti də Naxçıvanda alınıb oxunmuşdur. Mətbuatla əlaqələrin genişlənməsində Məhəmməd ağa Şahtaxtlının nəşr etdirdiyi “Şərqi-Rus” qəzeti mühüm rol oynamışdır. Cəlil Məmmədquluzadənin baş redaktoru olduğu “Molla Nəsrəddin” jurnalında da Naxçıvanın əhli-qələmləri fəal iştirak etmişlər.
Bütün bunlarla bərabər, Naxçıvanda ilk mətbuat orqanı XX əsrin ikinci onilliyində yaradılmışdır. Belə ki, 1 noyabr 1921-ci ildə Naxçıvan Sosialist Şura Cümhuriyyətinin Cavanlar İttifaqı Ölkə Komitəsinin orqanı olan “Cavanlar həyatı” qəzetinin nəşrə başlaması ilə burada qəzetçilik işinin təməli qoyulmuşdur. Bundan sonra Naxçıvanda “Füqəra səsi” adlı başqa bir qəzet çap olunmuşdur. Cəmisi bir neçə sayı çap olunan həmin qəzetlərin indiyədək heç bir nüsxəsi qalmamış, yalnız haqqında müəyyən məlumatlar dövrümüzə qədər gəlib çıxmışdır.
Naxçıvanda mükəmməl, əsaslı və davamlı şəkildə çap olunan mətbuat orqanı “Şərq qapısı” qəzetidir. “Şərq qapısı” bir əsr ərzində ardıcıl şəkildə fəaliyyət göstərib, özünün qəzetçilik və publisistika məktəbini yaratmış mətbuat orqanıdır. “Şərq qapısı” qəzeti 9 noyabr 1921-ci il tarixdən etibarən kiçik fasilələrlə bu günədək fəaliyyətini uğurla davam etdirməkdədir. Naxçıvan Xalq Komissarları Şurasının sədri Həmid Sultanovun köməyi ilə nəşrə başlamış “Şərq qapısı” qəzetinə keçən iyirminci illərində Naxçıvan Xalq Komissarı Həmid Mahmudov və nazirliyin digər məsul şəxsləri: Rzaqulu Axundov, Vahab Həsənzadə, Əli Həsənzadə, Həsən Əlizadə, Əlisəttar Qılmanov və Abbas Gülməmmədov qısa müddətdə bir-birlərini əvəz etməklə redaktorluq etmişlər. “Şərq qapısı” qəzeti 1926-1927-ci illərdə sonralar tanınmış yazıçı kimi çıxış edən Əvəz Sadığın redaktorluğu ilə nəşrini davam etdirmişdir.
“Şərq qapısı” qəzetinin inkişafında 1933-1934-cü illərdə Naxçıvanda yaşayıb, bu qəzetə redaktorluq etmiş gənc yazıçı Əli Vəliyevin mühüm rolu olmuşdur. Əli Vəliyevin redaktorluğu dövründə “Şərq qapısı” qəzetinin ictimai təsir imkanları daha da genişləndirilmiş, ədəbiyyat və mədəniyyət məsələlərinə diqqət artırılmışdır. Öz növbəsində, “Şərq qapısı” qəzetindəki fəaliyyəti Əli Vəliyevə gənc bir yazıçı kimi həyatı və insanları daha yaxından tanımaq baxımından zəngin təcrübə bəxş etmişdir. Əli Vəliyev “Budağın xatirələri” romanında “Şərq qapısı”nın muxtar respublikadakı ədəbi qüvvələrin, yaradıcılıq mühitinin inkişafından söz açarkən aşağıdakıları yazmışdır: “Azərbaycan şura yazıçılarının birinci qurultayı qarşısında hər nömrədə material çap edirdik. Bircə nömrəsi buraxılan “Ədəbiyyat qəzeti”ndə (“Şərq qapısı” qəzetinin ədəbiyyat əlavəsi nəzərdə tutulur – İ.H.) bir çox yeni müəlliflərin əsərləri çap olunmuşdur. Siyasi şöbə rəisinin (həmin dövrdə Naxçıvan MTS-si siyasi şöbəsinin rəisi Mirzə İbrahimovun – İ.H.) ilk hekayəsi maraqlı idi. Qəzetdə təkcə Naxçıvan həyatı işıqlandırılmırdı. Bakıda nəşr olunan kitablar haqqında rəylər də var idi. Proletar Yazıçılar Cəmiyyətinin rəhbər işçilərinə müəyyən eyhamlar vuran baş məqalədə bəzi tənqidçilərin səhvləri də göstərilirdi”.
Xalq yazıçısı Mirzə İbrahimov da 1933-1934-cü illərdə Naxçıvanda çıxan “Sürət” adlı qəzetin redaktoru kimi fəaliyyət göstərmiş, Əli Vəliyevlə birlikdə burada ədəbi-ictimai mühitin inkişafı yollarında çalışmışdır. Naxçıvan Maşın-Traktor Stansiyasının orqanı olan “Surət” qəzetindəki fəaliyyəti, paralel olaraq “Şərq qapısı” qəzeti ilə əməkdaşlığı Mirzə İbrahimov üçün böyük həyat məktəbi olmuşdur. Vaxtilə Mirzə İbrahimov dərin səmimiyyətlə etiraf etmişdi ki, “siyasi şöbədəki iş məni xalqın həyatı və mübarizəsi ilə canlı surətdə bağladı. Mənə elə şey verdi ki, onu heç bir kitabdan öyrənmək olmazdı. Mən canlı insanları, onların gərgin əmək, həyəcan və iztirablarla dolu gündəlik həyatını gördüm, o dövrdə kənddəki qızğın sinfi mübarizənin natural səhnələrini müşahidə etdim”.
Mirzə İbrahimovun “Həyat” pyesi onun Naxçıvanda çalışdığı dövrün zəngin hadisələri əsasında yazılmışdır. Əli Vəliyevin “Budağın xatirələri” romanındakı “Araz qırağında” fəslindən Əli Vəliyevin həyatı və fəaliyyətinin Naxçıvan dövrünə, “Şərq qapısı” qəzetinin redaktoru kimi fəaliyyətinə aid qiymətli məlumatları da öyrənmək olur.
Siyasi repressiya dövründə ölkədə baş verən ictimai-siyasi hadisələrin gərginliyi ilə əlaqədar olaraq “Şərq qapısı” qəzetinin kollektivi də ciddi təqiblərlə üzləşməli olmuşdur. Qanlı 1937-ci ildə “Şərq qapısı” qəzetinin redaktorları tez-tez dəyişdirilmiş, həmin vəzifədə çalışan Hüseyn Mahmudov, Şirəli Şirəliyev, Ə.Hacızadə, Xəlil Əmirov, Musa İsmayılov siyasi təqiblər və təzyiqlər nəticəsində işdən çıxarılmış, ağır cəzalara məhkum edilmişlər.
İkinci Dünya müharibəsi dövründə, “Şərq qapısı” qəzetinə yazıçı-publisist Məhəmmədəli Tarverdiyevin baş redaktorluq etdiyi 1941-1945-ci illərdə qəzet müharibə illərinin arxa cəbhədəki və döyüş mövqelərindəki ritmini əks etdirmiş, səfərbərlik və vətənpərvərlik ruhunda təsirli yazılar çap etmişdir. Şair İslam Səfərlinin xatirələrindən, şeirlərindən aydın olur ki, müharibə dövründə “Şərq qapısı” qəzeti “cəbhə ilə xalq arasında körpü yaradan mətbuat orqanı kimi müharibə bölgələrinə, döyüş səngərlərinə qədər gedib çata bilmişdir. Müharibədən sonrakı dövrlərdə “Şərq qapısı” qəzeti tarixi yolunu davam etdirərək, Azərbaycanda gedən proseslərin zəminində Naxçıvan həqiqətlərini əks etdirmişdir. Müxtəlif illərdə “Şərq qapısı” qəzetinə baş redaktorluq etmiş Manaf Xudiyev (1953-1956), Fərman Tağıyev (1956-1960), Məmməd Bektaşi (1961-1962) və Hüseyn İbrahimov (1962-1965) dövrün ruhunu əks etdirməklə bərabər, regionda baş verən yeniləşmə hadisələrinin, ictimai meyillərin inkişafına da müəyyən diqqət yetirmişlər.
Rəsmi dövlət qəzeti olmasına baxmayaraq, “Şərq qapısı” qəzetində ədəbiyyat və incəsənət məsələlərinə, mədəniyyət tədbirlərinin işıqlandırılmasına həmişə xüsusi diqqət yetirilmiş, bu, sonralar ədəbiyyat və incəsənət məsələlərinə geniş yer ayırmaq “Şərq qapısı” qəzetində təməldən gələn bir ənənə kimi daim daha da qüvvətləndirilmişdir. “Şərq qapısı” qəzeti Naxçıvan Vilayət Partiya Komitəsinin rəsmi mətbuat orqanı olmaqdan başqa, həm də “Ədəbiyyat və incəsənət” qəzetinin də funksiyalarını həyata keçirmişdir. Müharibədən sonrakı dövrdə, xüsusən də XX əsrin əllinci illərinin ikinci yarısından sonra “Şərq qapısı” qəzetində ədəbiyyat və incəsənət məsələlərinə diqqət daha da artırılmışdır. Bu həm də bədii yaradıcılıqla məşğul olan Məmməd Bektaşinin və yazıçı Hüseyn İbrahimovun qəzetə redaktorluq etdiyi illərdə daha çox nəzərə çarpır. Ədəbiyyat məsələlərinin önə çıxması keçmiş sovet cəmiyyətində XX əsrin əllinci illərinin ortalarında “Xruşov dövrü” kimi səciyyələnən mərhələnin gətirdiyi “istiləşmədən” başqa, qəzetin redaktorlarının bədii yaradıcılıqla məşğul olduqları ən qaynar dövrünə təsadüf etməsi də əhəmiyyətli rol oynamışdır. Bundan başqa, Azərbaycanda ədəbiyyatda və mətbuatda “altmışıncılar” dalğasının yaranması da, bütövlükdə, ədəbi-mətbu sözə, o cümlədən də “Şərq qapısı”nın ab-havasına müsbət təsir göstərmişdir. “Şərq qapısı” qəzetində çap olunmuş bir çox bədii-publisist yazılardakı milli mövqeyin, vətəndaş münasibətinin bəzi hallarda mərkəzin senzurasından uzaq olduğu üçün Azərbaycan rəsmi mətbuatında baş verən canlanmadan da irəli gəldiyi müşahidə edilir. Buna görə də qeyd etmək olar ki, “Şərq qapısı” qəzeti XX əsrin altmış-yetmişinci illərində daha peşəkar və demokratik bir dövrünü yaşamışdır.
Təcrübəli yazıçı Hüseyn İbrahimovun “Şərq qapısı” qəzetinə rəhbərlik etdiyi 1962-1965-ci illərdə qəzetdə “Sadə adamlar haqqında hekayələr” başlığı altında gedən bədii-publisistik materiallar mətbuatda və ədəbiyyatda yenidən sadə insanlara, təkcə onun fəaliyyətinin ideoloji məqamlarına deyil, həm də adi əhvalatlarına, gündəlik yaşayış tərzinə, əmək cəbhəsindəki işinin romantikasına, mənəvi aləminə də qayıdışın əks-sədasına çevrilmişdir. Xüsusən altmış-yetmişinci illərdə “Şərq qapısı” qəzetində oçerk janrında yazıların genişlənməsi qəzetdə sadə insanların həyatı, mənəvi mühiti və fəaliyyətinə diqqətin artmasının göstəricisidir. “Şərq qapısı”nın oçerkləri jurnalistika baxımından olduğu kimi, bədiilik xüsusiyyətləri ilə də diqqəti cəlb edirdi. Bu oçerklər, sözün həqiqi mənasında, sadə əmək adamlarının fəaliyyətinə və yerli ziyalıların axtarışları və nailiyyətlərinə həsr edilmiş publisist hekayələr təsiri bağışlayır. Oçerk janrında yazılmış məqalələr sonrakı mərhələlərdə də yaradıcılıqla davam etdirilmişdir. Fikrimizcə, “Şərq qapısı” qəzetində oçerk mövzusunda elmi cəhətdən əhəmiyyətli bir dissertasiya, sanballı bir monoqrafiya janrı” yazmaq olar. Eyni zamanda “Şərq qapısı” qəzetində felyeton janrı mövzusu da ciddi elmi tədqiqatın mövzusu ola bilər. Müxtəlif illərdə “Şərq qapısı” qəzetində rəngarəng publisistika janrlarında məqalələrlə çıxış etmiş Məmmədəli Tarverdiyev, Sənubər Kərimova, Məmməd Məmmədov, Nurəddin Babayev, Aydın Tarverdiyev və başqalarının yüksək peşəkarlıq səviyyəsindəki jurnalistlik fəaliyyəti, sözün həqiqi mənasında, publisistika sənətkarlığına əsl nümunə sayıla bilər.
Ümumiyyətlə, “Şərq qapısı” qəzetinin fəaliyyətində ideologiyanın təbliği ilə yanaşı, həm də ədəbiyyatda və mətbuatda ölkə həyatının, xalq amilinin, milli-mənəvi dəyərlərin, sadə insanların həyatının təsvirinə və təqdim edilməsinə xüsusi bir meyil olmuşdur. Bu mənada, qəzetin partiya mətbuatı olmasına baxmayaraq, “Şərq qapısı” qəzetindəki xalq və ölkə maraqlarının ifadə olunmasına həmişə xüsusi diqqət yetirilmişdir. “Şərq qapısı” qəzeti ümumi siyasi təbliğatçılıq funksiyasından çox Naxçıvanın tarixinə, mədəniyyətinə, ədəbiyyatına və mənəviyyatın inkişafına uğurla xidmət göstərmişdir.
Xüsusən XX əsrin yetmişinci illərindən etibarən “Şərq qapısı” qəzetinin həyatında yeni tarixi dövr başlanmışdır. Əvvəla, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan Sovetlər İttifaqının ən qabaqcıl respublikalarından biri səviyyəsinə çatdırması və ölkədə milli-mənəvi dəyərlərin inkişafına xüsusi diqqət yetirilməsi mövcud ideologiyaya da öz təsirini göstərmişdir. Bu zamandan etibarən, bütövlükdə, respublika mətbuatında, o cümlədən də “Şərq qapısı” qəzetində Azərbaycanın, o cümlədən Naxçıvan Muxtar Respublikasının çoxəsrlik tarixinin, ədəbiyyatının və milli mədəniyyətin təbliği zamanın əsas sifarişinə çevrilmişdir. Bu tarixi mərhələdə “Şərq qapısı” qəzetində dil məsələlərinə, ədəbiyyat və incəsənətə, mənəviyyata və tarixə həsr olunmuş, vətənpərvərlik ruhunun qüvvətlənməsinə xidmət edən yazılar geniş yer tutmuşdur. Keçən əsrin yetmiş-səksəninci illərində “Şərq qapısı” qəzetində redaktorluq etmiş Rəşid Qazıbəyov (1965-1970), Vahid Bağırov (1970-1975), Sənubər Kərimova (1975-1985), Akif Axundov (1986-1990) qəzetdə dövrün ruhuna uyğun ictimai-mədəni proseslərin əks etdirilməsi təmin edilmiş, bu yolla tarixə qayıdış, milli-mənəvi özünüdərk istiqamətində geniş marifləndirilmə işləri aparılmışlar.
Sonrakı dövrdə “Şərq qapısı” qəzetinin redaktoru olmuş Səxavət Kəngərli, Məmməd Məmmədov, Rabil Kətanov yeni tarixi dövrün vəzifələrini və nailiyyətlərini işıqlandırmaq yollarında fəaliyyət göstərmişlər. Məmməd Məmmədovun “Şərq qapısı” qəzetindən başlanan jurnalistlik fəaliyyəti ölkə mətbuatı miqyasında müasir publisistika nümunələrinin yaradılması səviyyəsinə qədər inkişaf etmişdir. Məmməd Məmmədovun müstəqillik illərində “Şərq qapısı” və “Azərbaycan” qəzetlərində dərc olunmuş publisistik məqalələri yeni dövr ölkə publisistikasının ən yaxşı örnəklərindən olmuşdur. Hazırda “Şərq qapısı” qəzetinin baş redaktoru vəzifəsində çalışan Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti, filologiya üzrə fəlsəfə doktoru Mehriban Sultan jurnalistikanın tarixi təcrübəsi ilə müasirlik imkanlarını üzvi surətdə əks etdirən elmi və publisistik məqalələri ilə özünəməxsus qəzetçilik missiyasını məsuliyyətlə həyata keçirir. Cəlil Məmmədquluzadənin redaktoru olduğu “Yeni yol” qəzetinin ənənələri, Naxçıvan Dövlət Universitetinin mətbuat xidməti və jurnalistika ənənələri əsasında formalaşmış Mehriban Sultanın “Müasir Naxçıvan” kitabında toplanan məqalələr yeni dövrün elmi publisistikasının mükəmməl nümunələrindəndir.
Muxtar respublikanın ədəbi-mədəni mühitinin işıqlandırılmasında və istiqamətləndirilməsində “Şərq qapısı” qəzeti mühüm rol oynamışdır. Uzun illər ərzində “Şərq qapısı” qəzetində redaktorluq etdiyi dövrdə xalq yazıçısı Hüseyn İbrahimov və Ədəbiyyat və incəsənət şöbəsinə uğurla rəhbərlik etmiş görkəmli şair Hüseyn Razi “Ədəbiyyat səhifələri” vasitəsilə muxtar respublika ədəbi mühitini idarə etmişdir. Yeni nəsil yazıçı və şairlərin üzə çıxarılmasında və istiqamətləndirilməsində Xalq yazıçısı Hüseyn İbrahimovun, “Şərq qapısı” qəzetinin və vətəndaş şair Hüseyn Razinin müstəsna dərəcədə böyük xidmətləri vardır. “Şərq qapısı” qəzetinin “Ədəbiyyat səhifəsi” muxtar respublikanın “Ədəbiyyat qəzeti” funksiyasını yerinə yetirmişdir. Böyük tələbkarlıq şəraitində qəzetdə şeirləri və hekayələri “Ədəbiyyat səhifəsi”ndə yer alan gənc qələm sahibləri böyük ədəbiyyata vəsiqə almaq etimadı qazanmışlar. “Şərq qapısı”nın “Ədəbiyyat səhifəsi” muxtar respublikada böyük ədəbiyyat cəbhəsinin hərəkətverici qüvvəsi, ədəbi kompası vəzifəsini həyata keçirmişdir. Belə ki, “Ədəbiyyat səhifəsi”ndə bir neçə dəfə sanballı bədii yazılarla çıxış etmək səlahiyyəti qazana bilən istedadlı gənclər Azərbaycan Yazıçılar İttifaqına zəmanət almış hesab olunurdular. Uzun illər ərzində, sözün həqiqi mənasında, “Şərq qapısı” qəzeti ədəbi məktəbi yaradılmışdır. Naxçıvanda yaşayıb-yaratmış elmi-ədəbi qüvvələr “Şərq qapısı” qəzeti ədəbi məktəbində yetişib formalaşmışlar. “Şərq qapısı” qəzetində dərc olunmuş ədəbi icmallar, ədəbiyyatşünaslıq tədqiqatları, ədəbi-tənqidi məqalələr bu qəzet vasitəsilə ədəbi mühitin gedişatının dəyərləndirilməsinə və istiqamətləndirilməsinə xidmət etmişdir.
XX əsrin II yarısından bu günə qədər Naxçıvanda yaranmış ədəbiyyat ordusunun bütün üzvləri olan yazıçı və şairləri Müzəffər Nəsirli, Hüseyn İbrahimov, Hüseyn Razi, Əliyar Yusifli, Kəmalə, Əkbər Məftun, Adil Qasımov, Həmid Arzulu, Elman Həbib, Muxtar Qasımzadə, Asim Yadigar, Xanəli Kərimli, Fərəc Fərəcov, Vaqif Məmmədov, Elxan Yurdoğlu, Nərgiz İsmayılova və başqaları “Şərq qapısı” məktəbini təmsil edirlər.
Naxçıvanda elmin bir çox sahələri: ədəbiyyatşünaslıq, tarix, arxeologiya, dilçilik, folklorşünaslıq kimi elmlərin sürətlə inkişaf etməsinə “Şərq qapısı” qəzeti böyük qapı açmışdır.
Xüsusən ədəbiyyatşünasların böyük bir nəsli “Şərq qapısı” zəminində yetişib formalaşdırılmışdır. Akademik İsa Həbibbəyli, ustad Lətif Hüseynzadə, Yavuz Axundlu, İzzət Maqsudov, Məhərrəm Cəfərli, Hüseyn Həşimli, Yusif Səfərov, Əsgər Qədimov, Fərman Xəlilov kimi elmlər doktorları, İman Cəfərli, Hikmət Mehdiyev, Ramiz Qasımov, Elxan Yurdoğlu, Şəhla Şirəliyeva, Xumar Məmmədova, Seyfəddin Eyvazov, Mehriban Sultan, Aygün Orucova və başqaları kimi filologiya üzrə fəlsəfə doktorları əsas elmi tapıntılarını, mühüm elmi nəticələrini ilk dəfə “Şərq qapısı”nda dərc etdirərək elmi ictimaiyyətə tanıtmışlar.
Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanı olan “Şərq qapısı” qəzetinin adı və mövqeyi regional funksiyaları deyil, böyük strateji mənaları ifadə etdiyi üçün sovet dövlətinin ən yüksək dairələrini düşündürməli olmuşdur. XX əsrin əvvəllərində “Şərq qapısı” adı SSRİ-nin Şərq siyasətinə uyğun gəldiyinə görə məqbul sayılaraq qəbul edilmişdir. Əslində, qəzetə verilən ad bu mətbuat orqanını yaradanların uzaqgörən baxışlarının ifadəsi idi. “Şərq qapısı” adında Azərbaycanın qonşu ölkələrlə münasibətlərdə Naxçıvan Muxtar Respublikasının rolu və yeri məsələsi öz əksini tapmışdır.
Bundan başqa, “Şərq qapısı” sözü keçən əsrin əvvəllərində bolşeviklərin Ermənistan dövləti yaratmaq üçün Zəngəzuru zorla Azərbaycandan qoparmaqla ölkənin əsas ərazisindən təcrid edilmiş Naxçıvanın Şərq tərəfdən olan dayaqları mənasını da ifadə edirdi. Bu ad Sovetlər İttifaqının rəhbərliyindəki Naxçıvana Ermənistanın maraqları bucağından baxan qüvvələrə də cavabın ifadəsi idi. Bütün bunlardan başqa, həm də artıq XX əsrin səksəninci illərindən tədricən Naxçıvan Muxtar Respublikasının yaxın xarici türk-müsəlman dövlətləri ilə, həmin ölkələrdə yaşayan azərbaycanlı əhali ilə əlaqələrinin yaranması ehtimalı sovet rejiminin bu dövrdəki Şərq siyasəti ilə üst-üstə düşmürdü. Analoji proseslər Orta Asiya respublikalarında mövcud idi. Ona görə də sovet hökumətinin Azərbaycanda və Özbəkistanda çıxan yerli qəzetlərin həm də rus dilində eyni adla çap edilməsi haqqındakı bəhanə xarakterli qərarına əsasən “Şərq qapısı” qəzeti 30 oktyabr 1979-cu ildən “Sovet Naxçıvanı” adı ilə hər iki dildə nəşrini davam etdirməli olmuşdur.
Geniş məna daşıyan “Şərq qapısı” əvəzinə müəyyən olunmuş “Sovet Naxçıvanı” adı sosialist ideologiyasının təbliğinə xidmət edən format kimi mövcud rejimin prinsiplərinə daha çox uyğun gəlirdi. Lakin adının dəyişməsinə baxmayaraq, qəzetin yaradıcı kollektivi “Şərq qapısı”nın ənənələrini qoruyub saxlamış və daha da inkişaf etdirmişlər. Rus dilində çıxan “Sovetskaya Naxçivan” qəzetindən isə yalnız ideoloji tribuna kimi yox, həm də muxtar respublikanın daha geniş miqyasda tanıdılması üçün istifadə edilmişdir. Muxtar respublika ziyalıları, “Şərq qapısı”nın kollektivi müxtəlif vasitələrlə doğma qəzetlərinin adının qaytarılması üçün səylər göstərmişlər.
Həmin dövrdə “Sovetskaya Naxçivan” qəzetinin redaktoru olmuş Sənubər Kərimovanın Azərbaycan KP MK Naxçıvan Vilayət Komitəsinə göndərdiyi məktubda rusdilli jurnalist kadrlarının və zəruri maddi-texniki bazanın olmaması səbəbi ilə “Sovetskaya Naxçivan” qəzetinin çap edilməsinin qeyri-mümkünlüyü diqqət mərkəzinə çatdırılmışdır. Məktubda deyilirdi: “Naxçıvanda rus dilində hazırlıqlı qəzet işçiləri olmadığından kadr məsələlərində ciddi çətinliklərlə rastlaşırıq. Peşəkar tərcüməçilər olmadığından tərcüməçi ştatlarına rus dili müəllimlərini cəlb etmişik. Onlar isə tərcümə işini operativ və lazımi keyfiyyətdə yerinə yetirə bilmirlər. Bakıda yaşayan bir neçə tərcüməçiyə müraciət etmişik. Lakin razılıq verməmişlər. …Habelə Bakıdan işə dəvət olunan yoldaşlara mənzil sahəsi ayrılması zəruridir.
Qəzetin rus variantı üçün Naxçıvan mətbəəsində maşın və mexanizmlər çatışmır. Dəfələrlə müraciət olunmasına baxmayaraq, mətbəə bu günədək lazımi texniki avadanlıqla təchiz olunmayıb. Sinkoqrafiya sexi işə salınmayıb. Peşəkar linotipçilər olmadığından yazma sexinə orta məktəb məzunları cəlb olunur.
Qeyd olunan çətinliklər qəzetin rus variantının vaxtında və keyfiyyətli çap edilməsini təhlükə altına alır”.
Beləliklə, ziyalıların səyləri ilə, nəhayət, 1989-cu ildə “Şərq qapısı” qəzetinin adı yenidən bərpa olunmuş, “Şərq qapısı” ruhu davam etdirilmişdir.
“Şərq qapısı” qəzetinin nəşri tarixində 1990-cı ildə daha bir tarixi addım atılmışdır. Yaxın tariximizdən məlum olduğu kimi, 19 yanvar 1990-cı ildə SSRİ dövlətinin dəstəyi ilə Ermənistan SSR Naxçıvan Muxtar Respublikasını işğal etmək niyyətini həyata keçirmək məqsədilə muxtar respublikanın ərazilərinə genişmiqyaslı hərbi hücumlar təşkil etmişdir. Sovet dövlətinin rəhbərliyindən heç bir dəstək ala bilməyən yerli əhalinin tələbi ilə 20 Yanvar 1990-cı ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Ali Soveti həm də Bakıda baş vermiş qanlı hadisələrə etiraz əlaməti olaraq Naxçıvanın SSRİ-nin tərkibindən çıxması haqqında qərar qəbul etmişdir. “Şərq qapısı” qəzeti həmin qərarı çap etməklə müstəqil Naxçıvan Muxtar Respublikasının mətbuat orqanı funksiyasını həyata keçirmişdir. 1990-cı ilin yanvar-fevral aylarında “Şərq qapısı” qəzetinin 8 sayı “Bütün ölkələrin proletarları, birləşin!” şüarı ilə deyil, “Birlik və demokratiya uğrunda” çağırışlı başlığı ilə çap olunmuşdur. Bu təkcə “Şərq qapısı” qəzetinin yox, XX əsr sovet mətbuatının tarixində nadir hadisədir. Deməli, “Şərq qapısı” qəzeti sovet dövründə müstəqil qəzet kimi fəaliyyət göstərmiş ilk mətbuat orqanıdır.
“Şərq qapısı” qəzetinin senzura nəzarəti olmadan çıxan həmin tarixi saylarında Naxçıvan Muxtar Respublikasının konstitusiya hüquqlarının müdafiəsi, torpaqlarımızın işğaldan qorunmasını təşkil etmək üçün əhalinin səfərbər edilməsi, vətənpərvərlik çağırışlarının xalqa çatdırılması, çaşqınlıq, təxribat yaratmaq niyyətlərinə ayıq-sayıq baxış kimi məsələlər haqqında aktual məqalələr dərc olunmuşdur. Eyni zamanda həmin dövrdə “Şərq qapısı” qəzeti Bakıda Qanlı 20 Yanvar hadisələri zamanı Sovet ordusu tərəfindən susdurulmuş ölkə mətbuatının da funksiyalarını yerinə yetirərək faciəli Azərbaycan həqiqətlərinin xalqa və qonşu ölkələr vasitəsilə dünya ictimaiyyətinə çatdırılmasına məsuliyyətlə xidmət etmişdir.
Siyasi rəhbərliyin təzyiqi ilə ölkə mətbuatında görkəmli dövlət xadimi Heydər Əliyevin fəaliyyətinin işıqlandırılmasına məhdudiyyətlərin qoyulduğu 1990-1993-cü illərdə “Şərq qapısı” qəzeti ulu öndərin ideallarının və tarixi addımlarının hər anını cəmiyyətə təqdim etmişdir. Hələ Moskvada həyatının istefadan sonrakı məsuliyyətli dövrünü yaşadığı illərdə “Şərq qapısı” qəzeti xalqımızın ümummilli lideri Heydər Əliyevin “Teatr” jurnalında çap olunmuş müsahibəsini tərcümə edərək oxuculara çatdırmışdır. Fərdi təqaüdçü kimi Azərbaycana qayıtdıqdan sonra Heydər Əliyev ilk müsahibələrindən birini “Şərq qapısı” qəzetinə vermişdir. Hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməmişdən əvvəl Heydər Əliyevin xalqla görüşləri, müxtəlif tədbirlərdə iştirakı və çıxışları “Şərq qapısı” qəzetində özünə yer almışdır. Beləliklə, “Şərq qapısı” qəzeti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin çoxcəhətli fəaliyyətinin şərəfli salnaməsini yaratmışdır. Görkəmli dövlət xadimi Heydər Əliyevin həyatı və fəaliyyətinin Naxçıvan dövrünün bütün məqamları “Şərq qapısı” qəzetində çap olunan məqalələrdə və nadir fotoşəkillərdə qorunub saxlanılır. Ümummilli lider Heydər Əliyev “Şərq qapısı” qəzetinin roluna və xidmətlərinə yüksək qiymət vermişdir. Onun 1990-cı ildə “Şərq qapısı” qəzetinə verdiyi ilk müsahibədə dediyi aşağıdakı sözlər bu qəzetin çoxillik tarixinin pozulmaz naxışları kimi yaddaşlara yazılmışdır: “Mən “Şərq qapısı” qəzetinin təsiri ilə tərbiyələnmişəm. Hələ gənc ikən burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm. O vaxtdan “Şərq qapısı” nüfuzlu qəzet kimi hafizəmdə qalıb”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov “Şərq qapısı” qəzetinin ideya və peşəkarlıq baxımından nüfuzlu mətbuat orqanı kimi fəaliyyətini davam etdirməsi üçün geniş tədbirlər həyata keçirmiş, ardıcıl olaraq böyük diqqət və qayğı göstərmişdir. Bunun nəticəsidir ki, “Şərq qapısı” qəzeti ən müasir poliqrafiya avadanlıqları ilə təchiz olunmuşdur. Ali Məclis Sədrinin qayğısı sayəsində bu gün “Şərq qapısı” qəzeti ölkə üzrə özünəməxsus yüksək maddi-texniki bazaya malik mətbəəsi olan azsaylı mətbuat orqanlarından biridir. “Şərq qapısı” qəzetinin yaradıcı kollektivi peşəkar jurnalistika ilə məşğul olmaq üçün ən müasir imkanları olan nümunəvi mətbuat evində fəaliyyətlərini davam etdirirlər. Ölkə mətbuatının inkişafına daim böyük qayğı göstərən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə yüksək fəxri adlara layiq görülmüş mətbuat işçiləri arasında Naxçıvan Muxtar Respublikasının jurnalistləri, radio və televiziya işçiləri, o cümlədən “Şərq qapısı” qəzetinin əməkdaşları da vardır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması haqqında 2021-ci il 1 iyun tarixdə Sərəncam imzalaması birəsrlik şərəfli yol keçmiş bu qəzetin tarixi ənənələrinə verilmiş qiymətin və bundan sonrakı fəaliyyətinə göstərilən qayğının əməli ifadəsidir.
“Şərq qapısı” qəzetinin keçdiyi 100 illik məsuliyyətli və uğurlu yol Azərbaycan mətbuatının tarixi inkişafının şərəfli salnaməsidir.
“Şərq qapısı” qəzeti – Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının tarixinin və müasir inkişafının güzgüsüdür.
“Şərq qapısı” dünyası – müxtəlif inkişaf mərhələlərində bu qəzetin səmərəli fəaliyyəti yollarında yorulmadan çalışmış, xidmət göstərmiş mətbuat xadimlərinin, qəzetlə əməkdaşlıq etmiş yaradıcı qüvvələrin unudulmaz həyat və sənət dünyasıdır.
“Şərq qapısı” – əsl qəzetçilik və müstəqil dövlətçiliyə xidmət məktəbidir.
Hələ tələbə ikən mənə ilk məqaləmin çap edilməsinin qeyri-adi sevincini yaşatmış, hər ay əlaçı tələbə təqaüdündən çox qonorar aldığım, elmi və ədəbi axtarışlarıma geniş meydan açmış, uzun illər ərzində qələmi yerə qoymadan yazıb-yaratmaq vərdişləri qazanmağımda müstəsna rolu olan doğma qəzetimizin 100 yaşını minnətdarlıq duyğuları ilə ürəkdən təbrik edirəm.

İsa HƏBİBBƏYLİ
AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR