Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə təsdiq edilmiş Dövlət proqramlarında və verilmiş tapşırıqlarda qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində oktyabr ayında da işlərini davam etdirib. Nazirliyin əməkdaşları əkin sahələrində payız şumunun qaldırılması, payız taxıl əkinlərinin əkin atlaslarına uyğun keçirilməsi, rayonlaşdırılmış yüksək reproduksiyalı toxum materiallarından istifadə edərək şırım üsulu ilə əkinlərin aparılması və toxumların dərmanlanmasının əhəmiyyəti, əkinlərin keçirilməsində texnikaların gücündən səmərəli istifadə qaydaları haqqında torpaq mülkiyyətçiləri ilə maarifləndirici söhbətlər aparıblar. Həmçinin yağlı bitkilərin əkinlərinin genişləndirilməsi, torpaq mülkiyyətçilərinə əkdikləri əkin növlərinə görə subsidiyaların verilmə qaydaları, məhsul yığımından sonra meyvə və üzüm bağlarında xəstəlik və zərərvericilərə qarşı kimyəvi və bioloji mübarizə tədbirlərinin aparılması mövzularında müşavirələr keçirilib.
Babək Tingçilik Təsərrüfatının müraciəti əsasında təsərrüfat sahəsində olan tinglərə baxış olub və aşkar edilən zərərvericilərə qarşı aparılacaq mübarizə tədbirləri barədə tövsiyələr verilib. Cari ildə qarğıdalı biçinində iştirak etmiş kombaynların mülkiyyətçiləri və mexanizatorlarla fərdi qaydada söhbətlər aparılıb, texnika və texnoloji avadanlıqların saz vəziyyətə gətirilməsi diqqətdə saxlanılıb.
Ay ərzində nazirliyə meyvə bağları və üzümlüklərdə zərərverici və xəstəliklərə qarşı mübarizə ilə bağlı 5 vətəndaş tərəfindən müraciət daxil olub, onlara müraciət etdikləri məsələlərlə bağlı lazımi tövsiyələr verilib. Naxçıvan Dövlət Texniki Kollecinin Aqrar (fermer) təsərrüfatlarının təşkili ixtisasında təhsil alan tələbələrə nazirliyin əməkdaşları tərəfindən aqrar sahənin inkişaf istiqamətləri mövzusunda mühazirə oxunub. Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin Aqrokimya, torpaqşünaslıq və torpaqların kütləvi analizləri şöbəsinin əməkdaşları tərəfindən Culfa rayonunun Dizə, Gal, Şurud kəndlərindən torpaq nümunələri götürülərək analiz olunmuşdur. Nəticələrə əsasən əkiləcək bitkilərin qida maddələrinə tələbatından və məhsuldarlığından asılı olaraq hər bitki üçün üzvi və mineral gübrələrin normaları müəyyənləşdirilərək qida maddələri ilə təminolunma kartoqramları Naxçıvan Muxtar Respublikası Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunda hazırlanıb. Sort sınağı üçün əkilmiş 32 sort üzrə sınaq işləri başa çatıb, hesabatların dəqiqləşdirilməsi və hazırlanması üçün işlər görülür. Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin tələbələri birliyin laboratoriyasında torpaqların analizinin aparılması qaydaları haqqında təcrübə məşğələləri keçiblər. Cari il oktyabrın 25-də Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin Şərur dayaq məntəqəsinin inzibati binası yenidən qurularaq istifadəyə verilib.
Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsinin mütəxəssisləri muxtar respublikanın rayonlarında olub, taxıl əkini ilə məşğul olan fermerlərlə taxıl əkinlərindən yüksəkkeyfiyyətli bol məhsul götürmək üçün sahələrin düzgün seçilməsinin, şum altına fosfor, kalium və üzvi gübrələrin verilməsinin, sürmə və başqa xəstəliklərin qarşısının alınması üçün dərmanlanmış, təmizliyi və cücərmə faizi yüksək olan laboratoriya şəraitində analizdən çıxmış reproduksiyalı toxum materialından istifadə edilməsinin əhəmiyyəti barədə görüşlər keçiriblər. İdarəyə əkin sahələrində xəstəlik və zərərvericilərin aşkarlanması məqsədilə müraciət edən 35 torpaq mülkiyyətçisi və ailə təsərrüfatı sahiblərinə mütəxəssislər tərəfindən məsləhətlər verilib. Toxumçuluq təsərrüfatları və fermerlər tərəfindən laboratoriyaya gətirilən toxumlar analiz edilərək nəticəsi haqqında akt onlara təqdim olunub.
Hesabat ayında baytarlıq tədbirlərinin vaxtında aparılması, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasının əhəmiyyəti, ana malların süni mayalandırılması, yemləndirilməsi, qış otlaqlarından səmərəli istifadə olunması və qışlama dövründə mal-qaraya zoobaytar qaydalarına uyğun qulluq edilməsi ilə əlaqədar sahibkarlarla maarifləndirici görüşlər keçirilib, eyni zamanda mal-qaranın sığortalanmasının və aqrar sığortanın əhəmiyyəti, payız mövsümündə arıxanalarda baytarlıq tədbirlərinin aparılması və arıxanaların qışlamaya hazırlanması ilə bağlı sahibkarlarla fərdi qaydada maarifləndirici söhbətlər aparılıb.
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti