Naxçıvan Müəllimlər İnstitutunda Yeni Azərbaycan Partiyası Naxçıvan Müəllimlər İnstitutu ərazi ilk partiya təşkilatının təşkilatçılığı ilə 10-17 noyabr Beynəlxalq Tələbə-Gənclər Həftəsi çərçivəsində “Azərbaycan gəncliyi xalqımızın gələcəyidir” mövzusunda tədbir keçirilib.
Tədbirdə institutun rektoru, dosent Azad Novruzov və Yeni Azərbaycan Partiyasının Naxçıvan Şəhər Təşkilatının sədri, dosent Elman Cəfərli giriş nitqi ilə çıxış ediblər.
Azad Novruzov bildirib ki, Naxçıvan Müəllimlər İnstitutunda tələbə-gənclərin milli ruhda tərbiyəsi və əsl vətəndaş kimi formalaşması xüsusi diqqət mərkəzində olan məsələlərdəndir. Onların yüksək səviyyədə təhsil almaları üçün innovativ metodlar tətbiq edilir, tariximiz və milli mədəniyyətimiz təbliğ olunur. Görülən işlər gənclərin daha savadlı və hərtərəfli inkişafında mühüm rol oynayır.
Elman Cəfərov çıxışında diqqətə çatdırıb ki, gənclərin siyasi fəaliyyətinin düzgün istiqamətlənməsi yolunda Yeni Azərbaycan Partiyada gəncləşmə prinsipi hər zaman ön cərgələrdən birini tutur. Partiyamızda gənclər siyasətinin uğurla davam etdirilməsi də bunun ifadəsidir. Ümummilli liderimiz Heydər Əliyev azad, firavan, demokratik, müasir, davamlı iqtisadi uğurlara əsaslanan dünyəvi dövlətin möhkəmləndirmək və milli mənafeyi üstün tutmaq məqsədilə öz layiqli davamçısını yetişdirərək xalqın sonrakı taleyini Prezident cənab İlham Əliyevə həvalə edib. Naxçıvan Muxtar Respublikasında da ümummilli liderin dövlətçilik siyasəti uğurla davam etdirilir. Bu varislik siyasəti muxtar respublikamızda sürətli inkişafın əsasında dayanan əsas amil kimi gənclərin gələcəyə ümid və inamının möhkəmlənməsində əsas təsiredici və formalaşdırıcı stimuldur.
Sonra institutun Humanitar və ictimai fənlər kafedrasının müəllimi Qorxmaz Hacızadə, pedaqoji fakültənin tələbələri Bəhriyyə Əhmədova və Abutalıb Ağa Kəngərli müxtəlif mövzularda məruzə ediblər.
Sonda tələbələrin hazırladıqları bədii hissəyə baxış olub.
Naxçıvan Müəllimlər İnstitutu mətbuat və
ictimaiyyətlə əlaqələr xidməti