06 Dekabr 2024, Cümə

 

 

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2020-ci ilin dekabr və 2021-ci ilin iyun aylarında imzaladığı sərəncamlarla respublikamızın ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçuları müxtəlif orden və medallar ilə təltif etmişdir.


Noyabrın 3-də Naxçıvan Şəhər İcra Hakimiyyətində ölkə başçısı tərəfindən təltif olunan medalların, həmçinin onların vəsiqələrinin Vətən müharibəsi iştirakçılarına və şəhid ailələrinə təqdim edilməsi münasibətilə tədbir keçirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin birgə təşkilatçılığı, Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin iştirakı ilə keçirilən tədbirdən əvvəl İkinci Qarabağ müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək bildirib ki, bu gün ölkəmizdə milli ordumuz, əsgər və zabitlərimiz hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər muxtar respublikamızda da uğurla davam etdirilir. Hərbi hissələrin maddi-texniki təminatı möhkəmləndirilir, hərbçi ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, şəxsi heyətin döyüş və mənəvi hazırlığı yüksəldilir. Bu mənada, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2020-ci il 3 dekabr tarixli Sərəncamına əsasən hər il noyabrın 8-də Zəfər Gününün qeyd olunması sözügedən uğurlu addımların davamıdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun müntəzəm olaraq sərhəd bölgələrində, hərbi hissələrdə olması, xidmətin vəziyyəti, əsgərlərin həyat şəraiti ilə maraqlanması şəxsi heyətə mənəvi-psixoloji dəstək verməklə, onlarda vətənpərvərlik hisslərini daha da gücləndirir. Bu sahədə görülən işlərin, həyata keçirilən tədbirlərin nəticəsidir ki, Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri tarixi torpaqlarımızı işğaldan azad etdi. Vətən uğrunda qəhrəmanlıqla vuruşaraq şəhid olan, döyüşdən qəhrəman kimi ayrılan, bizim hər birimizə qalib ölkənin vətəndaşı kimi başıuca gəzməyi bəxş edən cəsur, igid, qorxmaz Azərbaycan oğullarına xalqımız daim minnətdar olacaqdır.
Qeyd edilib ki, Vətən uğrunda canından keçən şəhidlərimizin 15-i Naxçıvan şəhərinin qeydiyyatında olmuşdur. Vətən müharibəsində böyük şücaət və qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksəlmiş Naxçıvan şəhər sakinləri mayor Həsənov Sadiq Əli oğlu, baş leytenant Zeynalov Elnur Elsəvər oğlu, baş leytenant Əlizadə Fuad Nazim oğlu, baş leytenant Hüseynov Raqib Adil oğlu, əsgər Qurbanov Xansu Elsevər oğlu, əsgər Məmmədov Araz Qəhrəman oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunublar. Baş leytenant, qazi Həsənov Hüseyn Azad oğlu “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Sonra Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin rəisi, mayor Anar Aqilov çıxış edərək bildirib ki, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə, xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdi. Nəticədə, işğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, zabit və əsgərlərimizin, qazilərimizin qanı və canı bahasına azad olundu.
Sonra “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “ Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları Vətən müharibəsi iştirakçılarına və şəhid ailələrinə təqdim edilib.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.

Məcid RƏŞADƏTOĞLU

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR