Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin sərgi salonunda Təsviri incəsənət kafedrasının baş müəllimi Siddiqə Hacıyevanın müəllifi olduğu “Naxçıvan xalçaları və tikmələri” adlı dərs vəsaiti və “Naxçıvan xalçaçılıq məktəbi” fənn proqramının təqdimatı keçirilib.
Təqdimatda milli-mənəvi dəyərləri əks etdirən, eləcə də Naxçıvanın xovlu, xovsuz xalça nümunələrindən kilim, cecim və sair detalların köməyilə kompozisiya qurulub. Kompozisiyanın mərkəzində milli geyimli tələbə qızlar qədim xalçaçılıq və bədii tikmə nümunələrini ictimaiyyətə təqdim ediblər.
Tədbiri giriş sözü ilə açan ali təhsil ocağının rektoru, dosent Elbrus İsayev dərs vəsaitini “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrasına mühüm töhfə olaraq dəyərləndirib. Bildirilib ki, təqdim edilən dərs vəsaiti muxtar respublikada xalçaçılığın inkişafı, tətbiqi istiqamətində görülən işlərin əməli nəticəsidir. Universitetdə də bu istiqamətdə görülən işləri diqqətə çəkən rektor vurğulayıb ki, ali təhsil ocağında iki xalçaçılıq kabinəsi yaradılıb ki, onlardan biri Pedaqoji, digəri isə İncəsənət fakültəsində yerləşir. Bildirilib ki, artıq xalçaçılıq sahəsində toxunma əl işləri hazırlanır, sərgilərdə nümayiş etdirilir və satışa çıxarılır. Rektor kitabın nəinki tələbələr, hətta bu işlə həvəskar məşğul olanlar üçün də faydalı olacağını bildirib.
Universitetin Təsviri incəsənət kafedrasının professoru, Xalq rəssamı Hüseynqulu Əliyev, Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru, Naxçıvan Rəssamlar Birliyinin üzvü Ülviyyə Bağırova, Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, Azərbaycan Rəssamlar Birliyinin üzvü Fizzə Quliyeva çıxış edib, yeni dərsliyin elmi dəyərlərindən bəhs ediblər.
Yeni nəşrin müəllifi Siddiqə Hacıyeva göstərilən qayğıya görə minnətdarlığını bildirib.
Sonda milli üslubda tərtib olunan təqdimat zalında tələbələrin miniatür kompozisiyalı, milli tikmə sənəti nümunələrindən ibarət 30-dan artıq əl işi sərgilənib.
Etibar DƏRBƏNDƏLİYEV
Naxçıvan Dövlət Universitetinin
Jurnalistika ixtisasının IV kurs tələbəsi