07 Dekabr 2024, Şənbə

Yeni nəşrlər 

Söz ilahi bir güc, ilahi bir qüvvədir. Ancaq onu dərk edənlər, duyanlar, qüdrətinə inananlar onun mahiyyətini anlaya bilər. Hər kəsə nəsib olmur sözü ilə, qələmi ilə ədəbi məkana işıq sala bilmək. Çox az insanlar bu mühitdə özünü görə bilir. Ancaq bu gün diyarımızın da xoş günlərindən ilham alıb bir-birindən bənzərsiz yazıları ilə minlərlə insan qəlbini fəth edən söz adamlarımız az deyil. Onlara yaradıcılıq ruhunu bəxş edən, sözsüz ki, gündən-günə çiçəklənən doğma – Naxçıvanımızdır. Ana yurdumuzun əsrarəngiz gözəlliyindən ilham alıb onu sətirbəsətir səhifələrə çələngtək toxuyan söz adamlarımızdan biri də Naxçıvan Mətbuat Şurasının sədri, peşəkar jurnalist Rövşən Hüseynovdur. Ömrünü mətbuata həsr edən Rövşən müəllimin yaxın günlərdə işıq üzü görən “Çıraq işığında başlanan yüksəliş yolu” adlı kitabı da söz adamının muxtar republikamızın gündən-günə çiçəklənməsindən, tərəqqi və inkişafından, güclü ordu quruculuğundan, tarix-mədəniyyət abidələrinə ikinci həyatın verilməsindən, milli dəyərlərin qorunması və təbliğindən, insanların səmərəli məşğulluğundan, ədəbi mühitlə yanaşı, digər bütün sahələrin inkişafından bəhs edən dəyərli bir mənbədir. Kitab jurnalistin ölkə və muxtar respublika mətbuatında dərc olunmuş, fotolarla müşayiət olunan publisist məqalələri, şeirləri, müsahibələri və yaradıcılıq nümunələri toplusudur. Redaktor “Şərq qapısı” qəzetinin məsul katibi Muxtar Məmmədov olan kitabın ilk səhifəsinin ilk sətirləri böyük öndər Heydər Əliyevin “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planların yerinə yetirilsin” sözləri ilə başlayır. Həmçinin həmin səhifədə Prezident cənab İlham Əliyevin, Ali məclisinin Sədri cənab Vasif Talıbovun da Naxçıvanla bağlı dəyərli fikirləri yer alır. Kitabın ilk fəslində – “Arzu və istəklərimizin gerçəkləşdiyi məkan” adlı fəsildə dahi rəhbərə həsr edilən “Çıraq işığından başlanan yüksəliş yolu”, “böyük Novator” başlıqlı məqalələr diqqətçəkicidir. Burada dahi xilaskar Heydər Əliyevin xalqımızın və dövlətimizin xoşbəxt gələcəyi naminə misilsiz xidmətlərindən bəhs olunub. Həmin fəsildə yer alan “Xeyirxah alim, xeyirxah insan” adlı məqalədə isə görkəmli akademik Zərifə xanım Əliyevanın Azərbaycan səhiyyə elminin tərəqqisinə həsr etdiyi ömür yolu qələmə alınıb.


Kitabın “Sərbəst” adlı ikinci fəslində isə “Bir payız günü”, “Yağan yağışlar, əsən küləklər bizi qorxutmur”, “Onun ədəbi qəhrəmanı təbiətimiz idi”, “Vətən nədir və ya qeyrət qalanın hekayəti” və neçə-neçə bir-birindən maraqlı məqalələr yer alır. Bu fəsildə qələmə alınan məqalələrdə hər tərəfdən blokadaya alınmış Naxçıvanın 90-cı illərin əvvəllərindəki çətin həyat şəraitindən, acı günlərindən, eyni zamanda mübarizliyindən, bütün çətinliklərə mərdliklə sinə gərmələrindən bəhs olunur. Həmçinin burada Naxçıvanın qədim yaşayış yerləri və memarlıq abidələri, əsrarəngiz təbiəti, görkəmli şəxsiyyətləri, iqtisadiyyatı, ictimai-siyasi mövqeyi haqqında qələmə alınan məqalələr Naxçıvanı dünyaya böyük vətənpərvərlik sevgisi ilə sevdirməyə, Naxçıvan həqiqətlərinin dünyaya düzgün çatdırmağa sövq edir.
Milli təəssübkeşlik və bəşəri duyğularla yazılmış kitabın “Milli dəyərlər” başlıqlı fəslində qədim dövlətçilik tarixinə malik olan Azərbaycan xalqının hər zaman milli dəyərlərinə sadiqliyindən, milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasından, milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsirindən və milli dövlətçiliyimizin möhkəmləndirilməsindəki xüsusi rolundan bəhs edir.
4 iyun 1993-cü ildə “Şərqin səhəri” qəzetində dərc olunan “Qarşıdurma orbitində qazancımız nə?” adlı müsahibə “Dialoq” başlıqlı fəslə aid edilən qiymətli publisistik nümunədir. Burada Naxçıvan Muxtar Respublikasının deputatı Mərdan Novruzov və Rövşən Hüseynovla cəmiyyətdə baş verən ictimai-siyasi və iqtisadi hadisələrlə bağlı dialoq həmin illərdə iqtidarda olanlarla müxalif qüvvələrin eyni hadisə və proseslərə yanaşmasından, demokratik cəmiyyətdə iqtidar-müxalifət qarşıdurmasından bəhs olunur.
Kitabı vərəqlədikcə diqqəti bir amil cəlb edir. Müəllif baş vermiş hadisələri təhlil süzgəcindən keçirərək, ən incə detallara toxunaraq oxucuya faktlarla çatdırır.
“Misralarda yaşayan və ucalan Naxçıvan”... Bu fəsil Rövşən Hüseynovun həssaslıqla qələmə aldığı bir-birindən mənalı, düşündürücü və maraqlı şeirlər toplusudur. “Vətən oğlu”, “Yeni tarixim yazılır bu gün”, “Naxçıvan dönübdür bir gülüstana”, “Mərdlik qalası”, “Şöhrətimdir Naxçıvan”, “Zəfər günün mübarək!” – Vətənə sevgi, yurda bağlılıq hissi ilə qələmə alınan 30-a yaxın şeiri oxuduqca insanın qəlbindəki vətənpərvərlik hissləri coşub-daşır.
Son fəsildə – “Mahnılar” adlı fəsildə isə şairin vətənpərvər ruhda qələmə aldığı “Vətən oğlu”, “Sönməyən günəşim”, “Zərifə həkim”, “Üçrəngli bayrağım”, “Xocalım”, “Naxçıvanım” adlı şeirlər böyük həvəslə bəstələnən və səsləndirilən ifalar sırasındadır.
Qələmi, peşəkarlığı, səmimi, mehriban rəftarı ilə böyük hörmət bəslədiyimiz, Naxçıvanın mətbuat həyatında özünəməxsus rolu olan peşəkar jurnalist Rövşən Hüseynovu yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik edir, sözü sehrli qələmiylə misralara çevirən şair-publisistə daha yüksək yaradıcılıq uğurları diləyirik.

Gülcamal TAHİROVA

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR