Muxtar respublika ərazisində ekoloji tarazlığın qorunması, əlverişli ekoloji mühitin yaradılması, insanların sağlam ətraf mühitdə yaşamasının təmin edilməsi məqsədilə uğurlu sosial-ekoloji siyasət həyata keçirilir.
Hesabat ayında ətraf mühitin mühafizəsi, qanunsuz ov edilməsi, meşə fondu torpaqlarından qanunsuz istifadə, ətraf mühitə təsir hallarının qiymətləndirilməsi məqsədilə 27 yoxlama-reyd keçirilmişdir. Bu sahədə 12 inzibati xəta qeydə alınmış və qanunauyğun tədbir görülmüşdür. Muxtar respublikamızın təbiətinin qorunması üçün ekoloji-hüquqi maarifləndirici tədbir keçirilmişdir. Maarifləndirmə tədbirlərində ətraf mühitin mühafizəsi, yaşıllıqların artırılması, çay vadilərinin, suların qorunması və ailə təsərrüfatlarının inkişaf etdirilməsində yabanı meyvə, dərman bitkilərindən səmərəli istifadə yolları haqqında məlumatlar verilmişdir.
Ay ərzində Şərur, Sədərək, Ordubad, Babək, Şahbuz, Kəngərli və Culfa rayonlarının 25-dən çox yaşayış məntəqəsi ərazisində monitorinqlər aparılmış, su mühiti, məişət, tibbi və bərk tullantıların idarə olunması və mərkəzi avtomobil yollarının kənarlarında yerləşən yaşıllıq zolaqlarındakı mövcud vəziyyət öyrənilmişdir. Monitorinqlər zamanı bir sıra çatışmazlıqlar da qeydə alınmışdır. Həmin çatışmazlıqların aradan qaldırılması üçün aidiyyəti üzrə məlumat verilmişdir.
Sədərək Rayon Su Monitorinq Laboratoriyasında hesabat ayında Araz çayının muxtar respublika ərazisinə daxil olan hissəsindən və Sədərək rayonu ərazisindən keçən “Şir arxı”ndan hər birindən 7 su nümunəsi, Arpaçayın muxtar respublika ərazisinə daxil olan hissəsindən isə 4 su nümunəsi olmaqla, ümumilikdə, 18 su nümunəsi götürülmüş və 180 analiz aparılmışdır. Aparılan analizlərin nəticəsində sularda çirklənmə hallarının yol verilə bilən qatılıq həddini keçməsi halı qeydə alınmamışdır.
Muxtar respublika ərazisində ekoloji tarazlığın qorunması sahəsində mühüm amil olan yaşıllıqların, meşələrin qorunması və artırılması diqqətdə saxlanılmışdır. Payız aylarında yeni yaşıllıqların salınması ilə bağlı hazırlıqlara başlanılmış, ümumilikdə, 8,5 hektar sahədə texnika vasitəsilə torpaq hazırlığı işləri aparılmış, çalalar qazılmış, əraziyə üzvi gübrə gətirilmişdir. Həmçinin ötən illərdə salınmış meyvə bağlarında bərpa işləri görülmüş, 27 həmişəyaşıl, 1100 meşə və meyvə tingi əkilmişdir. İlin əvvəlindən təsdiq olunmuş toxum bölgüsünə uyğun olaraq 876 kiloqram müxtəlif meyvə və meşə cinslərinin toxumları tədarük olunmuşdur. Toxum tədarükü mövsümə uyğun olaraq davam etdirilir.
Qurumuş ağacların kəsilərək muxtar respublika ərazisində yerləşən hərbi hissələrə verilməsi davam etdirilmişdir. Qış mövsümündə fauna ehtiyatlarının qaba yemə və daşduza olan tələbatının ödənilməsi məqsədilə, ümumilikdə, 500 kipə yaxın qaba yem, 8 tondan artıq daşduz ehtiyatı yaradılmışdır. Toplanmış qaba yem və daşduzun sahələrə daşınması işləri ay ərzində davam etdirilmişdir. Bu məqsədlə Şahbuz Dövlət Təbiət Qoruğunun və Arpaçay Dövlət Təbiət Yasaqlığının ərazisində biotexniki tədbirlərin keçiriləcəyi sahələrə 200 kipə yaxın qaba yem və 3000 kiloqrama yaxın daşduz yerləşdirilmişdir. Eyni zamanda 600 kiloqram daşduz ərazilərə dağıdılmışdır.
Muxtar respublika ərazisində meteoroloji şəraitin öyrənilməsi, hava haqqında dəqiq məlumatların, proqnozların hazırlanması, əlaqədar dövlət orqanlarının və ictimaiyyətin hidrometeoroloji məlumatlarla təmin edilməsi üçün zəruri tədbirlər ay ərzində davam etdirilmişdir.
Ali Məclis Sədrinin müvafiq Sərəncamından irəli gələn vəzifələrin icrası məqsədilə hamiliyə verilmiş Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin Ekologiya və Geologiya mühəndisliyi ixtisaslarının tələbələrinə Geoloji Axtarış və Kəşfiyyat İdarəsinin Əlincəçay vadisində səpinti qızıl axtarışı işlərinin aparılması haqqında geniş məlumat verildikdən sonra iştirakçılar Geoloji Axtarış və Kəşfiyyat İdarəsinin Culfa şəhərində yerləşən muzey fondu, laboratoriya və texniki avadanlıqlarla tanış olmuşlar.
Yaylaq mövsümü dövründə Şahbuz rayonunun Gömür və Kükü dağı istiqamətində məskunlaşmış fermerlərlə fərdi maarifləndirici görüşlər keçirilmiş və yaylaqdan istifadə qaydaları, məişət tullantılarının idarə olunması haqqında söhbətlər aparılmışdır.
Təbii sərvətlərdən istifadəyə, çirkləndirici maddələrin ətraf mühitə atılması və axıdılmasına görə təyin edilmiş ekoloji ödənişlərin icrasına nəzarət həyata keçirilir, ödənişlərin dövlət büdcəsinə köçürülməsi davam etdirilir.
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti