06 Dekabr 2024, Cümə

Noyabrın 27-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında dünya şöhrətli rus yazıçısı Nikolay Vasilyeviç Qoqolun “Müfəttiş” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın nümayişi olmuşdur.

 

 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tamaşaya baxmışdır.

 XIX əsr dahi rus realist yazıçılarından olan Nikolay Vasilyeviç Qoqolun yaradıcılığının ən səciyyəvi cəhətlərindən biri təsvir etdiyi surətlərin reallığı əks etdirməsi, insanların daxili aləmini, onların mənəvi dünyasındakı ziddiyyətləri əsərlərinin əsas süjet xəttinə çevirməsidir. Müəllifin “Müfəttiş” komediyası da bu baxımdan xüsusi qeyd olunmalıdır. Əsər komediyanın klassik nümunəsidir. Çar Rusiyasının kiçik bir əyalət şəhərində imperiyanın iç üzünü açıb gülüş hədəfinə çevirən Qoqol tamahkar, tənbəl və bacarıqsız çar məmurlarını satira hədəfinə tutur.

 Xalq artisti Kamran Quliyevin rejissoru olduğu tamaşanın rəssamı Naxçıvan Muxtar Respublikasının “Əməkdar rəssamı” Səyyad Bayramov, musiqi tərtibatçısı Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi” İmamqulu Əhmədovdur. Xalq artistləri Rza Xudiyev, Rövşən Hüseynov, əməkdar artistlər Əli Əliyev, Behruz Haxverdiyev, Əbülfəz İmanov, Səməd Canbaxşıyev, aktyorlardan Zakir Fətəliyev, Zəminə Məmmədova, Ələsgər Quliyev, gənc aktyorlar Səyyad Məmmədov, Anar Eyvazov, Şölə Alışova, Uğur Nəsirli və Məmməd Mehdiyev yaratdıqları obrazlarla əsərin ideyasını tamaşaçıya dolğun çatdırmışlar.

 Tamaşadan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov səhnə arxasına keçərək yaradıcı heyətlə görüşmüşdür.

 Ali Məclisin Sədri uğurlu tamaşa münasibətilə kollektivə təşəkkür edərək demişdir: Rejissor işi, aktyor seçimi və musiqi tərtibatı səhnə əsərinin uğurla təqdim olunmasına imkan verdi. Bu əsərin prototipi Cəlil Məmmədquluzadənin “Ölülər” və İsi Məlikzadənin “Qatarda” əsərlərində də vardır. Qoqolun “Müfəttiş” əsəri və əsərdəki obrazlar da “Ölülər” əsərindəki kimi ölməz və bütün dövrlər üçün aktualdırlar. Əsər yazıldığı dövrdə qadağan olunmuş, ancaq sonradan Peterburqda tamaşaya qoyulmuşdur. Tamaşadan sonra Qoqola verilən “Əsərdə nə üçün heç bir müsbət obraz yoxdur?”- sualına o, aydın və konkret cavab vermişdir: “Vardır! Bu, namuslu və alicənab şəxs - gülüşdür!”

 “Teatr həyatı öyrədən məktəbdir”,- deyən Ali Məclisin Sədri bildirmişdir ki, teatr, tamaşa hər zaman lazımdır. Bütün dünyada yayılmış pandemiya bir sıra çətinliklər yaradıb. Buna baxmayaraq həyat davam edir. Yeni tamaşalar hazırlanmalı və nümayiş olunmalıdır. Çünki səhnə əsərinə verilən ən böyük qiymət də tamaşaçı alqışıdır.

 Ali Məclisin Sədri bundan sonra da uğurlu tamaşaların səhnəyə qoyulacağına əminliyini bildirmiş, kollektivi təbrik etmişdir.

 Teatrın direktoru, Xalq artisti Rza Xudiyev kollektiv adından minnətdarlıq edərək demişdir ki, pandemiya dövründə Naxçıvan Dövlət Musiqili Dram Teatrı öz fəaliyyətini dayandırmadı, məşqlər davam etdirildi, repertuara yeni əsərlər daxil olundu və onlayn formada tamaşaçılara nümayiş edildi. Tamaşada gənc və təcrübəli aktyorlar birlikdə çalışıblar. Növbəti repertuarlarımızda da tamaşaçı zövqünü oxşayan əsərlər təqdim edəcəyik.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR