29 Dekabr 2024, Bazar

Azərbaycan müstəqillik qazandıqdan sonra informasiya sahəsinin də milli təhlükəsizliyin əsas problemlərindən biri kimi qorunması zərurəti yaranıb. 1998-ci il aprelin 3-də ulu öndər Heydər Əliyev ''İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında'' Qanun imzalayıb. 2012-ci il sentyabrın 26-da Prezident İlham Əliyev "İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında" Fərman imzaladıqdan sonra milli informasiya təhlükəsizliyi üzrə strategiyanın yeni mərhələsi başlanıb.

Ondan sonra da bu sahədə mühüm addımlar atılıb.
Azərbaycanda informasiya texnologiyaları əsasında dövlət əhəmiyyətli məsələlərin həlli naminə müvafiq, modern informasiya infrastrukturu yaradılır. Həmin infrastruktur qlobal informasiya, o cümlədən, internet şəbəkəsində yer aldıqca kiberhücumların da hədəfinə çevrilir. Dövlətin, cəmiyyətin və vətəndaşların maraqları baxımından vacib hesab edilən məsələlərin həlli məqsədilə yaradılan kritik informasiya infrastrukturunun sistem və şəbəkələri sıradan çıxarılır və ya onların funksionallığı pozulur ki, bu da ciddi zərərsiz başa gəlmir. Bu səbəbdən kritik informasiya infrastrukturunun kibertəhlükəsizliyi prioritet məsələyə çevrilir.

İnformasiya təhlükəsizliyinin təmin edilməsi sistemli, kompleks yanaşma tələb edir. Ölkəmizdə informasiya təhlükəsizliyinin təmin edilməsinin qanunvericilik bazasının formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm qanunlar, normativ aktlar, sərəncamlar qəbul edilmişdir. Bu sahədə əlaqədar qurumlar tərəfindən konseptual, təşkilati, elmi-metodoloji, qanunvericilik, maddi-texniki əsasların yaradılması üzrə iş aparılır.

Qloballaşan dünyada informasiya-kommunikasiya texnologiyalarının (İKT) yeniləşməsi sürətlə davam edir. Bu yeniləşmənin əhəmiyyətinə böyük önəm verən Azərbaycan bu sahəyə xüsusi diqqət yetirir.

Dünyada internetdən istifadəçilərinin sayı durmadan artır, ona münasibət də dəyişir. Bu gün yeni media informasiyanın əldə edilməsi və cəmiyyətə çatdırılması istiqamətində ənənəvi media ilə rəqabət aparır. Bu bir reallıqdır ki, yeni medianın informasiya təminatı və informasiya təhlükəsizliyinin təmin edilməsində rolu getdikcə artır.

Prezident İlham Əliyevin bu il aprelin 17-də imzaladığı “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında” Fərman məhz ölkəmizdə həmin infrastrukturun tərkibinə daxil olan sistemlərin, informasiya-kommunikasiya şəbəkələrinin və avtomatlaşdırılmış idarəetmənin təhlükəsizliyinin gücləndirilməsi məqsədinə xidmət edir.

İnformasiya təhlükəsi dedikdə sistemə dağılma, konfidensiallığın pozulması – sirrin üstünün açılması, xidmətdən imtina formasında ziyan vurulmasına səbəb ola bilən müdaxilələr nəzərdə tutulur. Meydana çıxma səbəblərinə görə təhlükələr təbii və süni xarakterli olur. Bu, qəsdən də edilə bilir, bilməməzlikdən də baş verir.
İnformasiya təhlükəsizliyinin aspektləri əlyetənlik, tamlıq və məxfilikdir. Bizim bir çox informasiya şəbəkəsi sahibləri məlum təhdidlərdən başqa, DoS-hücum, Botnet və Fişinq kimi təhdidlərin də olduğundan xəbərsizdirlər.

 

Muxtar Respublikada fiber optik kabel xətləri üzərində qurulan iri tutumlu telekommunikasiya şəbəkələri elektron xidmətlərin inkişaf etdirilməsinə, o cümlədən elektron hökumət, bank, maliyyə, vergi, təhsil, səhiyyə və digər sahələr üzrə elektron xidmətlərin inkişafına təkan verib. Naxçıvanın beynəlxalq transavroasiya fiber optik magistrallarına 2, qlobal internet sisteminə 4 tərəfli çıxışı vardır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 15 iyul tarixli Fərmanına əsasən “Elektron hökumət” portalı yaradılıb. “Bir pəncərə” prinsipi əsasında fəaliyyət göstərən 33 dövlət təşkilatı tərəfindən hazırda 291 elektron xidmət istifadəçilərə təqdim olunur. Bundan əlavə, dövlət və ictimai təşkilatlara elektron poçt ünvanları və domen adları verilib, həmin təşkilatların internet səhifələri hazırlanaraq qlobal şəbəkədə yerləşdirilib. Naxçıvan Muxtar Respublikası İdarələrarası Elektron Sənəd Dövriyyəsi sistemi lokal şəbəkə daxilində fəaliyyət göstərir. Buna görə də bütün sənədlər və yazışmalar Elektron Sənəd Dövriyyəsi Sisteminin serverində tam təhlükəsiz şəraitdə saxlanılır.

Noyabrın 30-u Beynəlxalq informasiya təhlükəsizliyi günüdür.

Milli eyniləşdirmə sisteminin iki vacib elementinin - biometrik eyniləşdirmə sisteminin və elektron imza infrastrukturunun yaradılması, onların imkanlarının səmərəli şəkildə birləşdirilməsi və istifadəsi təkcə bu problemin həllində deyil, ümumiyyətlə, informasiya məkanının təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaqdır.

 

Hüseyn Əsgərli
Naxçıvan Dövlət Universitetinin müəllimi,

 İnformasiya-Kommunikasiya
Texnologiyaları və Elektron təhsil şöbəsinin müdiri

 

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR