27 İyul 2024, Şənbə

Milli-mənəvi birliyimiz,Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük şanlı Qarabağ müharibəsində özünü daha bariz şəkildə göstərdi. Əsrlərin sınağından çıxmış, türk əcdadlarımızın bizlərə miras qoyduğu torpaqlarımızın ərazi bötüvlüyü uğrunda apardığımız haqq savaşındaqəhrəman oğullarımız düşmənin məkirli siyasətini məhv edərək, tariximizin səhifələrinə adlarını qızıl hərflərlə yazdırdı. Torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda fədakarlıq göstərən qəhrəmanlarımızın, o cümlədən Vətən müharibəsində fəal iştirak edən Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun şəhidlik məqamına yüksələn hərbiçilərinin xatirəsi isə dövlətimiz, xaqımız tərəfindən hər zaman əziz tutulur, onların mənalı ömür yollarının hər bir gəncə örnək olması üçün tədbirlər təşkil edilir. Bu silsilə tədbirlərin davamı kimi, noyabrın 6-da Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun təlim-tədris Mərkəzində 44 günlük şanlı Vətən müharibəsində əldə etdiyimiz böyük qələbəyə həsr olunmuş "Zəfər yolumuz" adlı tədbir təşkil edilib. Tədbirdə əvvəlcə dövlət himni səsləndirilib və müharibədə şəhadət zirvəsinə yüksəlmiş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

 

Tədbiri giriş sözü ilə mayor Yalçın Ağayev açaraq bildirib ki, 44 günlük ikinci Qarabağ müharibəsində rəşadətli ordumuzun qazandığı zəfər, tariximiz üçün böyük önəm daşımaqdadır. 30 il müddətində düşmən taptağı altında qalan əzəli-əbədi torpaqlarımızda bu gün dalğalanan üç rəngli Azərbaycan bayrağı xalq-ordu birliyimizin sarılmaz iradəsindən, güclü dəyanətindən xəbər verir.

Vurğulanıb ki, Vətən müharibəsində məğlub edilən düşmən Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı birləşmələrinin gücünə “Günnüt əməliyyatı” dan bələd idi. Hərbi qulluqçularımız “Hamı bir nəfər, bir nəfər hamı üçün” şüarı ilə irəliləyərək düşmənin bir çox canlı qüvvəsini, texnikasını məhv edib bayrağımızı Şuşa şəhərində dalğalandırdı və dövlətimizə, xalqımıza əbədi zəfər gətirdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızın azadlığı uğrunda həyata keçirdiyi əks-hücum əməliyyatında öz şücaəti ilə seçilərək şəhidlik məqamına yüksələn qəhrəman Vətən oğullarının əziz xatirəsi daim böyük hörmət və ehtiramla yad edilir, şəhid ailələri və qazilərimiz dövlətin hərtərəfli qayğısı ilə əhatə olunur.

Polkovnik Fariz Sərxanov çıxış edərək diqqətə çatdırıb ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə tariximizin səhifələrinə qızıl hərflərlə yazıldı. Bu gün Azərbaycan xalqı üçün əlamətdar, möhtəşəm bir gündür. Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun apardığı haqq savaşımızda torpaqlarımızın azad olunması Ermənistan ordusunun məğlubiyyəti və qələbəmizlə sona çatdı. Bu tarixi günü yaşatmaq və gələcək nəsillərə ötürmək bizim müqəddəs borcumuzdur. Çünki Vətən sevgisi bütün sevgilərdən daha ali bir hissdir. Ana və Vətən sözlərinin bir yerdə söylənilməsi vətənə sevgimizin hədsiz olmasından irəli gəlir. Böyük Vətən müharibəsi isə əslində Vətən sevgisinin bir addım öndə olduğunu bir daha sübut etdi. Vətənin igid oğulları bu torpaq üçün ölümün gözünə dik baxdılar. Hər kəsin dilində tək şüar oldu "Vətən sağ olsun !".

Böyük Vətən müharibəsinin iştirakçısı, qazi, leytenant Rauf Əbdülrəhimov çıxış edərək bildirib ki, Vətən müharibəsində Naxçıvan ordusunun hərbiçiləri də öz şücaətləri, qəhrəmanlıqları ilə dillərə dastan oldular. Onların həmin ağır günlərdə, sərt döyüşlərin getdiyi bir zamanda etdikləri fədakarlıqlar hələ uzun illər dillərdə deyiləcək. Təəssüf ki, ordumuzun igidlərindən bu şanlı zəfər gününü görmək nəsib olmayan, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimiz oldu. Amma onlarla çiyin-çiyinə vuruşan, döyüş yoldaşalrı onların qanını yerdə qoymadı. Çətin də olsa ordumuzun sarsılmaz iradəsi, dəyanəti ilə biz bu gün böyük qələbənin sevincini yaşayaraq fərəhlənirik. Sözsüz ki, bu gün bizə bu sevinci, bu qüruru yaşadanların içərisində ən çox borclu olduğumuz al qanları ilə tarix yazan şəhidlərimizdir. Onların yalnız bir amalı, bir şüarı var idi "Nə olursa olsun, təki torpaqlarımız düşmən tapdağından xilas edilsin". Bu müqəddəs yolda mərdliklə, igidliklə döyüşdülər və öz adlarını əbədiyaşarların cərgəsinə yazdırdılar. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyirik.

Cəbrayılın işğaldan azad edilməsi uğrunda fəallıq göstərən, qazi Mirməhəmməd Seyidov çıxış edərək qeyd edib ki, Azərbaycan dövləti və xalqı 44 günlük Vətən müharibəsi zamanı böyük qələbənin, parlaq zəfərin qazanılması üçün mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımıza sancmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə həsr olunmuş silsilə tədbirlər həyata keçirilir. Bu gün Azərbaycan dövləti şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər. Həmçinin Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olundular. Məhz, şəhid ailələrinin, qazilərin, hərbçilərin sosial məsələlərinin həlli istiqamətində görülmüş bütün işlər sübut edir ki, dövlət hər zaman öz əsgərinin yanındadır. Sözsüz ki, bu addımlar Vətənə xidmət edən əsgəri, zabiti, hərbiçini ruhlandıran ən müfəssəl addımdır. Hələ müharibənin çətin zamanlarında belə xalqımız "Dəmir yumruq" kimi birləşərək mətinlik, mərdlik nümaiş etdirdi. Bunun nəticəsində 30 ildir əsarətdə olan torpaqlarımız qəhrəman ordumuzun sayəsində cəmi 44 gündə öz sahiblərinə qovuşdu. İnanırıq ki, bundan sonra üçrəngli bayrağımız daim Şuşada, Kəlbəcərdə, bir sözlə Qarabağda əbədi dalğalanacaq.

Hərbi hissələrin bədii özfəaliyyət kollektivlərinin ədəbi-bədii kompozisiya ilə çıxış etdiyi tədbirdə Heydər Əliyev adına Hərbi Liseyin kursantları və Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdləri tərəfindən vətənpərvər mövzuda şeirlər və mahnılar bədii qiraət edilib, mövzu ətrafında çıxışlar olub.

Tədbir  Naxçıvan Qarnizonu Hərbi Orkestrinin vətənpərvərlik mövzusunda səsləndirdiyi marş ilə başa çatıb.

Məcid RƏŞADOĞLU

 

 

 

ARXİV

İyul 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR