30 Dekabr 2024, Bazar ertəsi

Ailə təsərrüfatlarımız

Şərabçılıq bir çox xalqların süfrə mədəniyyətində önəmli yerlərdən birini tutur. Ölkəmizin təbii-coğrafi şəraiti də üzümçülük üçün münbit sayıldığından burada şərabçılığın inkişafı tarixən diqqət mərkəzində olmuşdur. Azərbaycanda yetişən üzüm və ondan alınan şərablar bütün dövrlərdə yüksək qiymətləndirilmişdir. Məsələn, 1886-cı ildə Tiflisdə nəşr edilmiş “Vinodeliye na Kafqaze” (“Qafqazda şərabçılıq”) adlı iqtisadi oçerkdə qeyd olunur ki, düzgün hazırlanıb saxlanılarsa, Azərbaycan şərabları müvəffəqiyyətlə Fransanın Bordo şərabını əvəz edə bilər.

 

Naxçıvan Muxtar Respublikasının ərazisi də hər zaman üzümçülük üçün münbit sayılıb. 1727-ci il “Naxçıvan sancağının müfəssəl dəftəri”ndə əhalinin mühüm məşğuliyyəti kimi üzümçülük haqqında hərətərfli məlumat verilir. Eyni zamanda çar Rusiyası dövrünə aid mənbələrdə Naxçıvanda geniş üzüm sahələrinin olduğu haqqında məlumatlar var. Lakin muxtar respublikada üzümçülüyün əsas inkişafı ümummilli lider Heydər Əliyevin 1969-cu ildə ölkəmizə rəhbərliyə gəlişindən sonra olmuşdur. Görkəmli dövlət xadiminin rəhbərliyi ilə ölkəmizin bir çox regionlarında, o cümlədən muxtar respublikada üzüm sahələrinin həcmi genişləndirilmiş, 1981-ci ildə Naxçıvanda 103 min 543 ton məhsul tədarük edilmişdir. Ancaq bütün bunlara baxmayaraq, SSRİ-də M.S.Qorbaçovun hakimiyyətə gəlməsi alkoqolizmlə mübarizə pərdəsi altında Azərbaycanda üzüm plantasiyalarının da vəhşicəsinə dağıdılmasına səbəb olmuşdur.
Üzümçülüyün yenidən dirçəldilməsi, bu sahədəki ənənələrin bərpa edilməsi, yeni üzümlüklərin salınması müstəqilliyimizin bərpasından sonrakı dövrə təsadüf etmişdir. 2002-ci ildə “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuş, 2011-ci il dekabrın 15-də “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” qəbul edilmiş və icrası uğurla başa çatdırılmışdır. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə təsdiq edilmiş muxtar respublikanın sosial-iqtisadi inkişafı haqqında, o cümlədən meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət proqramları muxtar respublikada üzümçülüyün inkişaf etdirilməsinə də geniş imkanlar açmışdır. Son illərdə Kəngərli rayonunda da üzümçülüyün inkişafı ilə bağlı mühüm addımlar atılmış, yeni üzüm bağları salınmışdır.

Bu bölgəmizdə üzümçülük sahələrinin inkişaf etdirildiyi yaşayış məntəqələrindən biri Çalxanqala kəndidir. Bu yaşayış məntəqəsinin münbit torpaqları, sakinlərin əməksevərliyi son illər burada üzümçülüyün sürətli inkişafına şərait yaratmışdır. Üzümçülün inkişafı isə şərabçılıq ənənələrinin də davam etdirilməsinə yeni imkanlar açmış, kənddə onlarla ailə təsərrüfatı bu işlə məşğul olmağa başlamışdır. Onlardan biri də Dünyamalıyevlər ailəsidir. Ailə başçısı Mətləb Dünyamalıyev uzun illər müxtəlif dövlət qurumlarında çalışsa da, öz təsərrüfatından ayrılmamış, zəhmətkeşliyi ilə ailəsinin dolanışığını təmin etmişdir. Son illərdə muxtar respublikamızda ailə təsərrüfatlarının fəaliyyəti üçün yaradılmış şərait onu da bu istiqamətdə daha fəal olmağa sövq etmişdir. Bir neçə il bundan əvvəl fərdi ailə təsərrüfatını quran Mətləb Dünyamalıyev muxtar respublikada keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalında iştirak etmişdir. Hətta 2019-cu ildə “Aktiv ailə təsərrüfatı” müsabiqəsinin nəticələrinə görə I yerə layiq görülmüşdür. Əməyinə verilən qiymət onu və ailə üzvlərini daha da həvəsləndirmiş, yeni nailiyyətlər qazanmağa ruhlandırmışdır.
Dünyamalıyevlər ailəsinin həyətyanı sahəsində bir çox meyvə, cəviz, badam ağacları var. Ailə üzvləri hər il satış yarmarkalarında müxtəlif meyvələrdən hazırlanmış araq, mürəbbə və kompotlar alıcılara təqdim edirlər. Üzümçülük isə xüsusi diqqət göstərilən sahələrdəndir. Hazırda ailəyə məxsus 1 hektardan çox üzüm bağı var. Keçən il buradan 5 ton üzüm tədarük edilib. Ondan 200 litr üzüm arağı, 800 litr isə çaxır istehsal olunub. Ümumilikdə isə ötən il “Ailə təsərrüfatı məhsulları”nın satış yarmarkasına 400 litr çaxır, 50 litr araq çıxarılıb.
Mətləb Dünyamalıyevlə təsərrüfatı ilə bağlı bir neçə dəfə həmsöhbət olmuşuq. Bu zəhmətkeş təsərrüfatçının şərabın hazırlanması ilə bağlı fikirləri isə özünəməxsusluğu ilə seçilir. Müsahibimiz deyir ki, şərab üçün o, bağçasında sırf qara üzüm yetişdirir. Üzüm yığıldıqdan sonra yaxşıca yuyulur. Bir gün sonra isə gilələnir və gildən hazırlanmış xüsusi qablara – küpələrə doldurulur. Tarixdən də məlumdur ki, qədim zamanlardan şərabın, ümumilikdə isə əksər ərzaq məhsullarının saxlanılması üçün gil qablar ən yaxşı vasitə hesab olunub. Beləliklə, üzüm gilələnib küpələrə doldurulduqdan sonra qabın ağzı bağlanır və yeddi gün bu vəziyyətdə saxlanılır. Bu müddət ərzində üzümün şirəsi çıxır. Bundan sonra şirə süzülür və ayrı-ayrı qablara doldurulur. Həmin qablarda ağzı açıq vəziyyətdə üzərinə nazik tənzif çəkilərək saxlanılır. Bu proses 15-20 gün davam edir və həmin müddət ərzində 2-3 dəfə süzgəcdən keçirilir və şərab hazır olur. Yaxşı çaxırın hazırlanması üçün qaydalara yaxşı əməl olunmasını bildirən təsərrüfat sahibinin dediyinə görə, keyfiyyətli məhsul, ondan hazırlanacaq çaxırın da keyfiyyətli olması anlamına gəlmir. Bütün proseslər diqqətdə saxlanılmalı, gigiyenik qaydalara ciddi əməl olunmalıdır.
Təsadüfi deyil ki, Mətləb Dünyamalıyevə məxsus ailə təsərrüfatında hazırlanan üzüm şərabı alıcılar tərəfindən rəğbətlə qarşılanır. Həmsöhbətimiz deyir ki, artıq bir neçə ildir, paytaxt Naxçıvan şəhərindəki iri ticarət mərkəzlərinin əksəriyyəti, eləcə də digər müştərilərimiz bu şərabdan sifariş edirlər. O ki qaldı məhsulun qablaşdırılmasına, Mətləb Dünyamalıyev deyir ki, qablaşdırma üçün xarici ölkələrdən, əsasən də, Türkiyə və Ukraynadan, eləcə də paytaxt Bakı şəhərində istehsal olunmuş müasir şüşə butulkalardan istifadə edir. Ailə təsərrüfatlarına yaradılmış şəraitin nəticəsində artıq belə şüşə qabları gətirmək çətin deyildir. Müxtəlif ölçülərdə və dizaynda istehsal olunmuş şüşə butulkalar məhsulun ticari görüntüsünə də əlavə dəyər qatır.
Hər il hazırladığı yüz litrlərlə çaxırın, araq məhsullarının alıcılar tərəfindən böyük rəğbətlə qarşılandığını bildirən Mətləb Dünyamalıyev ailə təsərrüfatları üçün nəzərdə tutulan builki satış yarmarkasına da hazırlaşdığını bildirir. Onu da qeyd edir ki, cari ildə bağdan 5 ton 800 kiloqram üzüm yığıb. İndiyədək 100 litr üzüm arağı, 1500 litr çaxır hazırlayıb. Əlavə olaraq 30 litr də alça arağı çəkib.
Bunu da əlavə edək ki, Mətləb Dünyamalıyev təsərrüfatında limon da yetişdirir. Bu sahədə də təcrübəsi olan təsərrüfatçı hazırda 30 ədəd limon ağacı olduğunu bildirir və əlavə edir ki, geniş həcmdə olmasa da, limon satışını da həyata keçirir. Qurduğu təsərrüfatın hər bir zəhmətinə qatlaşan ailə üzvləri çəkdikləri əziyyətin bəhrəsini də görürlər. Təsadüfi deyil ki, adları sadalanan məhsulun satışı üçün birbaşa təsərrüfatın özünə müraciət edənlər də çox olur. Mətləb Dünyamalıyev əldə etdiyi bütün bu uğurlara görə dövlətimizə minnətdarlığını bildirir, yaradılmış şəraitdən bundan sonra da layiqincə yararlanacağını deyir.
Bəli, bu gün muxtar respublikamızda ailə təsərrüfatlarına böyük dövlət qayğısı göstərilir. Onlara təsərrüfatlarını yaratmaq üçün lazımi yardımlar olunur, istehsal etdikləri məhsulun satışı üçün hərtərəfli şərait yaradılır. Mətləb Dünyamalıyev kimi zəhmətkeş, öz işini bilən və sevən təsərrüfatçılar isə bu imkanlardan istifadə edərək daxili bazarın tələbatını ödəməyə çalışırlar.

Səbuhi HƏSƏNOV

 

 

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR