22 Dekabr 2024, Bazar

“Şərq qapısı” – 100


“Şərq qapısı” ifadəsi tarixi ədəbiyyatlarda, tarixi kitablarda, adətən, ticarət mərkəzlərinin kəsişdiyi nöqtələr, inkişaf etmiş şəhərlər və dövlətlər arasında ticarətin əsas mərkəzi kimi istifadə olunub. Məhz elə biz də öz tariximizi vərəqlədikcə, Azərbaycanın iri ticarət mərkəzlərindən biri olduğunu, xüsusilə Naxçıvan şəhərinin Şərqə açılan yol – tarixi İpək yolunun üzərində yerləşməsini müşahidə edə bilərik.

 

Qədim zamanlardan başlayaraq iri karvan yollarının bu şəhərdən keçməsi Naxçıvan şəhərinin sosial-iqtisadi cəhətdən dövrün tələblərinə uyğun inkişaf etməsinə və təbii ehtiyatlarının ticarət məqsədilə dünya ölkələrinə ixrac edilməsinə şərait yaratmışdır. Sosial-iqtisadi, mədəni, dini və sair proseslərin önəmli sübutlar kimi qalması və bir dəlil kimi formalaşması sahəsində ötən əsrin əvvəllərində Azərbaycanın uzaqgörən şəxsiyyətləri tərəfindən gün üzünə çıxarılan, adı ilə əməli bir olan, tək qayəsi Vətənə xidmət edən bir qəzet formalaşdı. Bu qəzet müəyyən zaman dönəmlərində fərqli adlarla, ana dilimizlə yanaşı, rus dilində də fəaliyyət göstərməsinə baxmayaraq, onun fədailərinin tək məqsədi inkişaf, xalqa, Vətənə xidmət olduğundan çətinliklərlə üzləşməsinə rəğmən Şərqin qapısı Naxçıvanın “Şərq qapısı” qəzeti kimi əsrlərə sığmayan birəsrlik çinar kimi qollanıb-budaqlandı.
Ümummilli lider Heydər Əliyevin dediyi kimi: “Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim iqtisadi yolumuzdur”. Bu baxımdan iqtisadiyyatın dinamik inkişafı üçün daim təhlillər aparılmalı, əvvəlki illərlə müqayisələr edilməli və ərazinin təbii ehtiyatları, insan resursları düzgün qiymətləndirilməlidir. Bu müqəddəs missiyanı isə məhz Naxçıvanda “Şərq qapısı” qəzeti öz üzərinə götürdü. Varlığımızın bir əsrə bərabər dövrünü bizimlə birlikdə addımlayan bu qəzet hər zaman iqtisadi biliklərin, inkişafın fərqli-fərqli sahələrini təbliğ edib, ziyalılarımızın fikirlərini, məqsədlərini ictimaiyyətə çatdırmaqla inkişaf pillələrinin təməlini sağlam şəkildə formalaşdırmışdır. Bu gün də “Şərq qapısı” qəzeti muxtar respublikanın güclü iqtisadiyyatın meydana çıxmasında, təkmilləşməsində mayak rolunu oynayır.
Muxtar respublika zəngin təbii sərvətlərə, güclü iqtisadi potensiala və sanki təbii sədlərlə mühafizə olunan coğrafi mövqeyə malikdir. Hansı ki Araz çayında Zəngəzur-Dərələyəz silsiləsinə doğru uzanan, ərazi baxımdan elə də geniş arealı əhatə etməməsinə rəğmən hər qarışı təbiətin bir möcüzəsi ilə bəzədilibdir. Araz çayından başlayaraq, Batabat yaylaqlarına doğru uzanan iqtisadi potensialı gün üzünə çıxaran, təbliğ edən bu qəzetin qət etdiyi keşməkeşli yollara nəzər saldıqca bizim bu gün müşahidə etdiyimiz təbii mineral sular zavodunun, daşduz mədənlərinin, meyvə-tərəvəz bağlarının, elektrik enerjisi istehsalının və bunun kimi digər fəaliyyət sahələrinin necə formalaşdırılmasını müşahidə etmək olur. Səhifələrində “Badamlının mineral suları” (1948), “Darıdağ mərgümüşlü mədən sularının müalicəvi və kurort əhəmiyyəti” (1952), “Qafqazın turist xəritəsi” (1957) kimi minlərlə yazı dərc olunan bu qocaman mətbuat orqanı iqtisadiyyatımızın inkişaf yoluna ötən əsrdə də işıq tutmuşdur. Yeri gəldiyi zaman dövrün tələblərinə uyğun olaraq tənqidi məqalələrlə çıxış etməklə lazımi işlərin görülməsi üçün də güclü təkan rolunu oynamışdır. Qəzet XX əsrin sonlarına yaxın azadlığına qovuşan respublikanın haray səsindən biri, ən önəmlisi olmuşdur. 1990-cı illərin ağır dövrlərində azadlığını təzə əldə etmiş bir dövlətin iqtisadi gücünün formalaşması üçün çatışmayan cəhətləri, görüləcək işləri, iqtisadi potensial və nəticələri ənənəsi üzrə mütəxəssis dili ilə qələmə almışdır. Həmin illərdə hələ bazar iqtisadiyyatının başlanğıc dövrünə qədəm qoyan muxtar respublika iqtisadiyyatının formalaşması və inkişafı üçün əhalinin maarifləndirilməsi və məlumatlandırılması baxımından istehsal sahələrinin necə formalaşdırılması, kənd təsərrüfatı məhsullarının texniki göstəriciləri, qulluq qaydaları haqqında silsilə yazılar dərc olunmağa başlanmışdır. Həmçinin bazar iqtisadiyyatı terminlərinin izahlı lüğətlərini tirajlamaqla yeni formalaşan iqtisadiyyatın əsas elementlərini işin düzgün qurulması istiqamətinə yönləndirmişdir.
Ötən əsrin sonlarına yaxın müstəqilliyini təzəcə əldə etməsinə baxmayaraq, daxili sosial- iqtisadi inkişaf proqramları ilə yanaşı, xarici ticarət əlaqələrinin formalaşdırılması və həyata keçirilməsi haqında “Məqsədimiz xarici bazara çıxmaqdır” (1998) adlı yazının dərc olunması iqtisadi potensialın istehsala və dolayısı ilə ixraca yönəldilməsinə stimul yaratmışdır. Qeyd etmək lazımdır ki, qəzetdə dərc olunan iqtisadi potensial, münbit torpaqlar, zəngin təbii ehtiyatlar və perspektivlər haqqında mütəxəssis yazıları ardıcıl qəbul edilən Dövlət proqramları ilə möhkəmləndirilmiş və bundan sonra həmin Dövlət proqramlarının təhlili, icrasına nəzarəti və nəticələri haqqında dərc olunan yazılar bu sahələrin sürətlə inkişafına təkan verməklə, əhalinin rifah səviyyəsinin yüksəldilməsinə, muxtar respublikanın iqtisadi gücünün artmasına şərait yaratmışdır. İllər ötdükcə qəzetin səhifələri o ağır günlərin çətin iqtisadiyyatından, bu gün inkişaf etmiş Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatına kimi yazıları davamlı şəkildə tirajlamış və nəticə etibarilə, muxtar respublikanın inkişaf edən iqtisadiyyatının formalaşmasında özünəməxsus dəstxəti ilə iz qoymuşdur.
PS: “Şərq qapısı” qəzeti bir məktəbdir. Onun səhifələrini vərəqlədikcə insan özünü bir anlığa qəzetdə yazılan yazıların əhatəsində hiss edir və elə bir duyğu yaranır ki, sanki sən də həmin dövrlərdə yaşamısan, bu anları öz gözünlə görmüsən. Bunun isə çox sadə bir cavabı var: Qəzetdə yazılanlar bizim öz ürəyimizdəki arzuları, istəkləri əks etdirir, ideallarımızın reallaşmasına xidmət edir.

Qəzənfər BAYRAMOV
Məqalə “Şərq qapısı” qəzetinin 100 illiyi
münasibətilə keçirilən yaradıcılıq
müsabiqəsinə təqdim edilir.

 

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR