08 Oktyabr 2024, Çərşənbə axşamı

Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”. Bu gün ölkə Prezidentinin rəhbərliyi ilə dahi şəxsiyyətin ideyalarının həyata keçirilməsi, lider-xalq birliyinin nəticəsində yenilməz Azərbaycan Ordusu 44 gün ərzində işğal olunmuş torpaqlarımızı azad etdi. Dövlət-xalq-ordu birliyi, xalqın liderinə olan inamı tarixi Qələbəni təmin etdi. Ərazi bütövlüyümüz bərpa olundu. Üçrəngli bayrağımız işğaldan azad edilən ərazilərdə dalğalanır.


Bu gün ölkəmizdə olduğu kimi, muxtar respublikanın digər guşələrində də yaradılan Bayraq meydanları dövlət atributlarımıza olan sevgi və hörmətin göstəricisi, qələbənin simvoludur.
Noyabrın 8-də – Zəfər Günündə Kəngərli rayon Bayraq Meydanı istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş torpaqları azad edilməlidir, müstəqil dövlət kimi Azərbaycan bütün ərazisinin sahibi olmalıdır, öz sərhədlərinə tam nəzarət etmək hüququna nail olmalıdır”. Ulu öndərin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz İkinci Qarabağ müharibəsində torpaqlarımızı işğaldan azad etmiş, Azərbaycan düşmən üzərində tarixi Qələbə qazanmışdır. Əgər 1993-cü ildə ümummilli liderimiz Azərbaycanı parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas edərək Milli Qurtuluşa qovuşdurmuşsa, bu yolu uğurla davam etdirən ölkə Prezidentinin rəhbərliyi ilə 2020-ci ildə torpaqlarımız işğaldan azad olunmuş, ərazi bütövlüyümüz tam təmin edilmişdir.

“Şanlı tariximizə çevrilən Vətən müharibəsi Azərbaycan xalqının mübarizliyini, yenilməzliyini və birliyini bir daha dünyaya nümayiş etdirdi”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 3 dekabr tarixli Sərəncamına əsasən 8 noyabr ölkəmizdə Zəfər Günüdür. Dövlət başçısının Sərəncamında qeyd olunduğu kimi, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu.
Ali Məclisin Sədri Zəfər bayramı münasibətilə şəhid ailələrini, müharibə iştirakçılarını və veteranları, Naxçıvandakı ordu, birləşmə və hissələrin şəxsi heyətlərini, muxtar respublika əhalisini təbrik etmiş, Bayraq Meydanının qurulmasında əməyi olanlara, iştirakçılara təşəkkürünü bildirmişdir.

“Üçrəngli bayrağımızı şəhidlərimizin əziz xatirəsinə və Zəfər Gününün Şərəfinə qaldırırıq”, – deyən Ali Məclisin Sədri qurğunu işə salmış, üçrəngli dövlət bayrağımız əbədi yüksəkliyə ucalmışdır.
Yeni Azərbaycan Partiyası Kəngərli rayon təşkilatının sədri, Ali Məclisin deputatı Sevda Quluyeva minnətdarlıq edərək demişdir ki, muxtar respublikada uğurla həyata keçirilən quruculuq işləri bütün bölgələrimiz kimi, yeni yaradılmış Kəngərli rayonunu da abadlaşdırıb. Rayonun bütün yaşayış məntəqələrində kompleks quruculuq işləri görülmüşdür. Muxtar respublikanın ayrılmaz həyat ritminə çevrilən bu inkişafın təməlində ulu öndər Heydər Əliyev yoluna, siyasi və nəzəri irsinə sədaqət, qətiyyətli mövqe, düzgün idarəetmə dayanır. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbənin ildönümündə Bayraq Meydanının açılışı rayonumuza ən böyük töhfə, dövlət atributlarımıza göstərilən diqqət və ehtiramın yüksək ifadəsi olmaqla, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində də müstəsna əhəmiyyətə malikdir. Sevda Quluyeva rayon ictimaiyyəti adından Zəfər Günü münasibətilə təbriklərini çatdırmışdır.
Bayraq Meydanı ilə tanışlıq zamanı məlumat verilmişdir ki, 2,5 hektar ərazini əhatə edən Bayraq Meydanının tikintisinə bu ilin iyul ayında başlanılmışdır. Bayraq dirəyinin hündürlüyü postamentlə birlikdə 40, meydanda dalğalanan bayrağın uzunluğu 16, eni isə 8 metrdir. Milli ornamentlərin – buta, xarıbülbülün əks olunduğu memarlıq elementləri ilə dizayn edilmiş Bayraq Meydanında müasir işıqlandırma sistemləri quraşdırılmış, gülkarlıqlar salınmışdır. Həmçinin meydanın ətrafında da geniş abadlıq işləri görülmüş, suvarma sistemi qurulmuş, avtomobil dayanacağı yaradılmışdır.
Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov göstərilən diqqət və qayğıya görə rayon ictimaiyyəti adından minnətdarlıq etmişdir.
Ali Məclisin Sədri Bayraq Meydanında vətənpərvərliklə bağlı tədbirlərin keçirilməsi, ərazidə yaşıllıqların artırılması və qurulanların qorunması barədə tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

 

 

 

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR