08 Oktyabr 2024, Çərşənbə axşamı

Sədərək rayonunda Vətən müharibəsi şəhidləri Məmmədhəsən Sadıqlının, Rüfət Gözəlovun ok­tyabrın 30-da və Tağı Abdullazadənin isə noyabrın 2-də şəhadətə qovuşduqları gün anım tədbirləri keçirilib.


Mərasimdə iştirak edən rayon İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Vüqar Süleymanov bildirib ki, Vətən müharibəsində dövlətçilik tariximizin ən parlaq səhifələri yazıldı, düşmən üzərində möhtəşəm qələbə qazanıldı. Ordumuzun əks-hücum əməliyyatları nəticəsində düşmənə layiqli cavab verildi. Bu müharibə Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasətçi olmaqla yanaşı, həm də mahir sərkərdəlik bacarığını, çətin, ağır şəraitdə düzgün qərar vermək istedadını, dövlət-xalq-ordu birliyini bir daha bütün dünyaya nümayiş etdirdi.

Tarixin bütün dövrlərində öz vətənpərvərliyi, cəsarəti, igidliyi və qəhrəmanlığı ilə tanınan naxçıvanlılar həmişə öz sözlərini deyiblər. Vətən müharibəsində qazanılan Qələbədə də öz imzası var yurdumuzun igidlərinin. Bir aydan çox davam edən Vətən müharibəsində boy göstərən, dastan yazan igidlərimizin bəziləri qəhrəman, bəziləri qazi kimi öz yurdlarına qayıtdılar. Bu azadlıq mücadiləsində şəhidlərimiz də oldu. Naxçıvanın qeyrət qalası Sədərəyin qəhrəman oğullarından Tağı Abdullazadə, Rüfət Gözəlov və Məmmədhəsən Sadıqlı da Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizdir.

Qeyd edilib ki, şəhid məzarları başında dayananların arasında gənc­lərimiz və məktəbli övladlarımız da vardır. Burada uyuyan qəhrəmanlarımızın həyat yolu onlara əsl vətənpərvərlik nümunəsidir.
Şəhid atası, Dəmirçi kənd sakini Meydan Sadıqov deyib ki, humanist rəhbərimizin və xalqımızın sülh tərəfdarı olmasına baxmayaraq, o, mənfurlar öz caynaqlarını torpağımızdan çəkmir, əksinə, tez-tez atəşkəsi pozur, yeni torpaqlar eşqinə düşürdülər. Və həmin gün yeni bir hücumun qarşısında səbir kasası daşdı, ordumuzun əks-hücumu başlandı. Atalardan oğullara ərməğan olan sıx birliyi, dövlətə, Vətənə sədaqəti bir daha sübut edib Vətən müharibəsində qalib gəldik. Məmmədhəsən kimi yüzlərlə igid öz canını Vətənə fəda etdi. Onlar tarixin gedişini dəyişdirib yeni bir qəhrəmanlıq səhifəsi açdılar. Belə oğullarla ancaq qürur duyuruq. Düşmən sevinməsin ki, oğullarımızı şəhid etdi. Biz bir ölüb, min dirilirik!
Sədərək rayonunun Dəmirçi kəndindən olan şəhid anası Ruhəngiz Gözəlova diqqətə çatdırıb ki, bu gün Azərbaycan qadını tarixin heç bir dövründə olmadığı qədər güclü, qürurludur. Çünki oğullarımız, qardaşlarımız illər öncə xəyanət ucbatından itirilən torpaqları geri qaytardı. Əzəli torpaqlarımızı ana Vətənimizə qaytarmaqla alnımıza yazılan ləkəni sildi. O igidlər Vətəni öz anası bildilər, onun bütövlüyü uğrunda canlarından keçdilər. Dövlətimiz hər zaman biz şəhid ailələrinin yanındadır. Biz fəxr edirik ki, övladlarımız belə bir müqəddəs amal uğrunda canından keçiblər.
Sədərək döyüşlərinin iştirakçısı, şəhid atası İlham Abdullayev dövlətimizə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirərək deyib ki, muxtar respublikamızda naxçıvanlılar ötən əsrin əvvəlində də bu cəsarəti və hünəri göstərib sərhədlərimizi düşməndən qorudular. Həmin illərdə silah-sursatsız səngərlərdə günlərlə ac-susuz qalsaq da, yüzlərlə şəhid versək də, torpağımızı qoruduq. Vətən müharibəsində də torpağımızın igidləri şücaətlərini göstərdilər. Muxtar respublikamızda şəhid ailələri və yaxınları dövlətimiz tərəfindən hər cür qayğı ilə əhatə olunublar.
Sonda şəhidlərimizin ruhuna dualar oxunub, onların ailələri ziyarət edilib.

Ramiyyə ƏKBƏROVA

 

 

 

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR