8 Noyabr – Zəfər Günü ilə əlaqədar Naxçıvan Qarnizonu Hərbi Orkestrinin ifasında konsert proqramı olub. Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin qarşısında təşkil edilən konsertdə hərbi marşlar və Zəfər Gününə həsr olunan, vətənpərvərlik mövzusunda bir-birindən maraqlı musiqi nömrələri, mahnılar səsləndirilib. Şəhər sakinlərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi konsert tədbir iştirakçılarında əsl bayram əhvali-ruhiyyəsi yaradıb. Orkestrin ifası tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
* * *
Noyabrın 8-də Naxçıvan şəhərində Zəfər yürüşü keçirilib. Zəfər Günü münasibətilə keçirilən yürüşdə yeniyetmə və gənclərlə yanaşı, çoxsaylı şəhər sakinləri də iştirak ediblər. Yürüş iştirakçıları Türkiyə və Azərbaycan bayraqlarını dalğalandırıb, “Bir millət, iki dövlət”, “Qarabağ Azərbaycandır!”, “Əziz Şuşa, sən azadsan!” kimi şüarlar səsləndiriblər. Naxçıvan şəhərindəki Bayraq Meydanı Kompleksini, Şəhidlər xiyabanını ziyarət edən iştirakçılar Vətən uğrunda canlarından keçən qəhrəmanlarımızı da hörmət və ehtiramla yad ediblər.
44 günlük müharibənin qələbə ildönümü bayraqlarla bəzədilmiş avtomobillərin hərəkəti ilə də müşayiət olunub.
* * *
Naxçıvan Dövlət Universiteti Yeni Azərbaycan Partiyası ərazi ilk partiya təşkilatının təşəbbüsü, Naxçıvan Dövlət Universiteti tələbə təşkilatlarının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “Zəfər” flaşmobu təşkil olunub.
1300-ə yaxın tələbənin iştirak etdiyi flaşmobda Naxçıvan Dövlət Universitetinin ərazisində “8 Noyabr – Zəfər Günü”, “44 gün” yazıları və ölkəmizin xəritəsi təsvir edilib.
* * *
Noyabrın 6-da Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində 44 günlük şanlı Vətən müharibəsində əldə etdiyimiz böyük qələbəyə həsr olunmuş “Zəfər yolumuz” adlı tədbir təşkil edilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və müharibədə şəhadət zirvəsinə yüksəlmiş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə mayor Yalçın Ağayev, polkovnik Fariz Sərxanov, Vətən müharibəsi iştirakçıları, qazilər leytenant Rauf Əbdülrəhimov və Mirməhəmməd Seyidov çıxış ediblər.
Hərbi hissələrin bədii özfəaliyyət kollektivlərinin ədəbi-bədii kompozisiya ilə çıxış etdiyi tədbirdə Heydər Əliyev adına Hərbi Liseyin kursantları və Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdləri tərəfindən vətənpərvər mövzuda şeirlər və mahnılar bədii qiraət edilib, çıxışlar olub.
Tədbir Naxçıvan Qarnizonu Hərbi Orkestrinin vətənpərvərlik mövzusunda səsləndirdiyi marş ilə başa çatıb.
* * *
Əlahiddə Ümumqoşun Orduda 8 Noyabr Zəfər Günü təntənəli şəkildə qeyd edilib, xidmətdə və döyüş tapşırıqlarının icrasında fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.
Silsilə tədbirlərdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Dövlət Himnimiz səsləndirilib.
Tədbirlərdə 8 Noyabr - Zəfər Günü münasibətilə şəxsi heyətə təbriklər çatdırılıb, 44 günlük müharibə ilə qazanılan Qələbədən danışılıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi ordu quruculuğu siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində 2016-cı ilin Aprel və 2018-ci ilin Günnüt zəfərlərini qazandıq, 2020-ci ildə 44 günlük Vətən müharibəsini şanlı qələbə ilə başa vurduq. Naxçıvan Muxtar Respublikasında Ali Məclis Sədrinin qayğısı ilə yeni hərbi hissələrin yaradılması və mövcud hərbi hissələrdə infrastrukturun müasirləşdirilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində uzun illər müxtəlif mərhələlərdən keçərək formalaşmış Əlahiddə Ümumqoşun Ordunun qazanılan şanlı qələbədə xüsusi payı vardır.
Çıxışların ardından Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularına müxtəlif orden və medallar, vaxtından əvvəl və növbəti hərbi rütbələr, fəxri fərman, pul mükafatı və qiymətli hədiyyələr təqdim edilib.
Bayram tədbirləri Əlahiddə Ümumqoşun Ordunun birləşmə, hissə və bölmələrində, Təlim-Tədris Mərkəzlərində təşkil olunan konsert proqramları ilə davam edib.
Xəbərlər şöbəsi