Zəfər yolum heç də hamar olmayıb,
Raketlərin qanadında uçmuşam.
Gəzib Qarabağın dörd tərəfini,
Dəmir, polad qollarımla qucmuşam.
Qarabağım, toy-düyünün mübarək!
Azərbaycan, Zəfər Günün mübarək!
Gəlmişəm yuxudan oyadam səni,
Həsrətli illəri verək yellərə.
Yenidən yığışaq Cıdır düzünə,
Yallı getmək üçün verək əl-ələ.
Qarabağım, toy-düyünün mübarək!
Azərbaycan, Zəfər Günün mübarək!
Göylər də yandırıb çıraqlarını,
Bizimlə qeyd edir böyük zəfəri.
Ələnir qəlblərə sevinc yağışı,
Yuyur könüllərdən qəmi, kədəri.
Qarabağım, toy-düyünün mübarək!
Azərbaycan, Zəfər Günün mübarək!
Gözün-başın aydın, Arazım, Kürüm,
Gözün-başın aydın, Bakı, Naxçıvan.
Gözün-başın aydın, mavi Xəzərim,
Gözün-başın aydın, Can Azərbaycan.
Qürur günün, Zəfər Günün mübarək!
Ana Vətən, toy-düyünün mübarək!
Gözün-başın aydın, türk qardaşlarım,
Gözün aydın, Ali Baş Komandanım,
Sənin rəşadətin, şücaətinlə,
Yenidən doğuldu Azərbaycanım!
Doğum günün, Zəfər Günün mübarək!
Azərbaycan, toy-düyünün mübarək!
Rövşən HÜSEYNOV