26 Dekabr 2024, Cümə axşamı

Xəbər verdiyimiz kimi, 17 noyabrdan etibarən yerli blogerlərin muxtar respublikaya səfəri təşkil olunub. Noyabrın 18-də isə qonaqlar ilk olaraq “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi və Qarabağlar Türbə Kopmpleksi ilə yaxından tanış olublar. Axşam isə Saat Meydanında təşkil olunan konsert proqramı onlarda xoş təəssürat yaradıb. Səfər zamanı biz də qonaqlarımızı müşayiət etdik və təəssüratlarını öyrəndik.

 

 

Aynişan Quliyeva – müğənni, bloger: – İlk olaraq onu deyim ki, Naxçıvana ilk səfərim bu qədim diyar barədə yaddaşımda dərin təəssüratlar yaratdı. Gözəl təbiəti, təmiz havası, qonaqpərvər insanları... Hazırda Qarabağlar türbəsindəyik, bura çox ecazkardır. Naxçıvanın digər tarixi abidələri kimi, bu türbə də məni yeri, memarlıq üslubu, inşasına sərf olunmuş materialların orijinallığı və digər bənzərsizlikləri ilə heyran etdi. Xüsusilə kompleksin xanəgah hissəsində yerləşən eksponatlar böyük marağıma səbəb oldu. Xalqımızın tarixini, adət-ənənələrini, məişətini özündə əks etdirən saxsı və mis qablar, daş dəstər və həvəngdəstələr, eyni zamanda toxuculuq nümunələri – xalqımızın məişət mədəniyyəti haqqında məlumatlar bizdə keçmişimizlə bağlı dolğun təəssürat yaratdı.
Cəfər Nəcəfov: – Naxçıvana bu, ikinci səfərimdir. Təxminən 15-20 il bundan əvvəl gəlmişdim, bu şəhərə. O vaxt Şərur və Ordubadda olmuşdum. Artıq iki gündür ki, buradayıq. İnsanı cəlb edən əsas nüans şəhərin təmizliyi, tıxacın olmaması, havası, suyu... Qarşıma kim çıxır soruşuram ki, nədən razı, nədən narazısan? Naxçıvanda narazı olduğunuz nə isə var? Hər kəs bu şəhərlə bağlı yalnız xoş fikirlər söyləyir. İnsanları səmimi, canayaxındır. Yaşayış üçün çox əlverişli şərait var. Xüsusilə də qiymətlər Bakı ilə müqayisədə çox ucuzdur. Dünən axşam tur yoldaşlarımla bir neçə mağazada olduq, sizi inandırım, Bakıda tapa bilmədiyimiz bəzi məhsullar burada qarşıma çıxdı. Noyabrın 21-dək Naxçıvandayıq. İnanıram ki, bu günlər ərzində gəzib, görəcəyimiz daha çox yerlər, daha maraqlı məqamlarla rastlaşacayıq. “Söylədiniz ki, təqribən, 15-20 il əvvəl Naxçıvanda olmuşam. Bəs həmin illərdəki Naxçıvanla bugünkü Naxçıvanda hansı dəyişiklikləri gördünüz?” – sualına müsahibimiz belə cavab verdi: “Qədimiliyi qoruyub saxlamaqla bu qədər müasirlik... Xüsusilə də taksilər, doğrudan da, təqdirəlayiqdir. Bütün sürücülər eyni formada, taksilər bir modeldə və eyni rəngdə. Bir də ən çox diqqətimi çəkən nüans nə idi? Şəhər daxilində taksi ilə hansı istiqamətə gedirsən get, qiymət stabil və çox sərfəlidir. Bir də iki gün ərzində tanış olduğumuz məkanlardan Duzdağ Fizioterapiya Mərkəzi mənə ecazkar təsir bağışladı. Səhiyyə ocağının möhtəşəm quruluşu, orada yaradılan müasir şərait bizdə xoş təəssüratlar yaratdı. Fikrimcə, Duzdağ kimi möcüzəvi məkanın özünəməxsus cəhətlərini təbliğ etmək, dünyaya tanıtmaq biz gənclərin üzərinə düşən mənəvi borcdur. Biz Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini də ziyarət etdik, burada nadir eksponatlarla tanış olduq. Ulu öndərin xatirə əşyaları böyük marağımıza səbəb oldu. Qədim abidələrimizin mükəmməl şəkildə bərpası, təbiət ərazilərimizin qorunması hər kəsdə böyük maraq yaratdı.
Vəfa Əlizadə: – Düzünü deyim, ilk dəfədir ki, Naxçıvanda oluram. Etiraf edim ki, Naxçıvanla bağlı tam fərqli təəssüratlarla qarşılaşdım. Öncə onu söyləmək istərdim ki, buranın insanları çox qonaqpərvərdir. Şəhərin hüzur dolu aurası sanki insanlara da öz təsirini bağışlayıb. Təmiz, gözəl, mehriban, mülayim insanları var. Şəhər çox təmizdir. Bu təmizlik məni özünə valeh etdi. Xüsusilə də şəhərin təmizliyi ilə məşğul olanların kişilər olması diqqətimi cəlb etdi. Bu mənzərəni burada qadına verilən dəyər, qadına göstərilən hörmət hesab etmək olar. Bakıdakı intensiv yaşayışdan sonra Naxçıvan insanı sakit, hüzurlu hiss etdirir. Və düşünürəm ki, bu xoş aura mənim kimi Naxçıvana ilk dəfə gələnləri yenidən buraya gəlməyə sövq edəcək.
Sabina Orucova: – Əvvəlcə onu qeyd edim ki, Naxçıvanda tamamilə fərqli atmosfer var. Elə bil ki, dünyanın heç bir yerində insanı keçmişlə bu qədər qovuşduran ikinci bir məkan yoxdur. Həmişə deyirdilər ki, Naxçıvan tarixi yerdir, orada çoxlu memarlıq abidələri var. Təbii ki, şəkillərdə görməklə, eşitməklə, ora getmək, o hissi yaşamaq eyni deyil. Biz artıq iki gündür ki, buradayıq. O qədər çox muzeylər, tarixi abidələr gəzmişik ki... Gəzib-gördüyüm yerlərdən ən təsirlisi dahi rəhbər Heydər Əliyev Muzeyi oldu ki, burada biz ulu öndərin istifadə etdiyi əşyalarla tanış olduq, onlara toxunduq. Bu hissi sözlərlə ifadə edə bilmərəm. Hər birimiz çox duyğulandıq, mənim kimi digər tur iştirakçılarının da gözləri doldu. Poeziya vurğunu olduğum üçün ən çox sevdiyim şair Hüseyn Caviddir. Bura Cavidin diyarı olduğundan, xüsusilə Naxçıvana gəlmək, bura ilə tanış olmaq istəyirdim. Proqramımızda Hüseyn Cavidin ev-muzeyini ziyarət planımız olmasa da, sabah qismət olsa, mütləq oraya da getməyi planlaşdırıram. Bir də burada diqqətimi, xüsusilə bir nüans çəkdi, sanki Naxçıvanda çalışan hər kəs çalışdığı sahə üzrə xüsusi təlim keçib. Məsələn, yerləşdiyimiz oteldəki təmizlik işçilərindən tutmuş, restorandakı ofisiantlara qədər öz işlərini peşəkarcasına bilməklə yanaşı, insanlarla davranış və danışıq şəkli çox mədəni səviyyədədir.
Nərmin Knyaz İctimai televiziyanın əməkdaşı: – Bu, gözəl diyara mənim ikinci gəlişimdir. Xüsusən Naxçıvanın əsrarəngiz təbiətini, havasını çox sevirəm. Diqqətimi çəkən məqamlardan biri isə ətraf mühitin təmiz və səliqəli olmasıdır. Ümumiyyətlə, Naxçıvan barəsində harada oxusaq görərik ki, qədim tarixi abidələri ilə zəngindir. Bunlardan biri də Əlincə qalasıdır. Xalqımızın qədim mədəniyyəti və tarixinin izlərini özündə yaşadan bu qalanın qüdrəti, yenilməzliyi haqqında tarix kitablarından oxuyub filmlərdə görmüşük. İndi, aradan yüzilliklər keçdikdən sonra hər kəs bu qalanın əzəmətini ilkin formada görərək tanış olur. Əlincə qalası qartal yuvasıtək əlçatmazdır, – desəm yanılmaram. Bunu bizə qala ətrafında dövrə vuran qartallar xatırlatdı. Qədim tariximizə toxunmaq, igidlik və yenilməzlik ruhunu duymaq istəyənlər bu qalaya mütləq gəlməli və görməlidirlər. Biz də buraya gəlmişkən fürsətdən istifadə edərək əməkdaşımızla veriliş hazırlamaq qərarına gəldik. “Bir şəhər və 24 saat” televiziya proqramında bu qısa müddət ərzində Naxçıvanda olduğumuz müddətdə gəzdiyimiz, gördüyümüz yerləri çalışacağıq ki, obyektiv şəkildə tamaşaçılarımıza çatdıraq.
Elçin Əmirov: – Naxçıvana ilk dəfədir ki, səyahət edirəm. Deyə bilərəm ki, bu diyarın bənzərini heç yerdə görməmişəm. Baxmayaraq ki, mən çox ölkələrə səyahət etmişəm. Naxçıvanın yaşıllığı, təmizliyi, abadlığı və səliqə-sahmanı insanı məftun edir. Buranın turizm potensialı mühüm əhəmiyyəti ilə seçilən yerlərdən biridir. Və yaradılmış infrastruktur imkan verir ki, muxtar respublikaya üz tutan turistlərin sayı daha da çox olsun. Naxçıvan öz tarixi, mədəni abidələri ilə Bakıdan bu qədim diyara səfər edən digər həmkarlarım kimi məni də özünə heyran etdi. Sanki, bu gözəl şəhərə ekskursiya ilə keçmişə qayıdıb yaşı əsrə bərabər olan tarixi vərəqləmək, gözümüzün qarşısında kinolent kimi canlandırmaq imkanı qazandırdı. Naxçıvana səfərimizdə bir daha əmin oldum ki, bu diyarın az qala hər qarışı, hər daşı özündə tarix yaşadır.
Şəfiqə Cəfərova – bloger: – Naxçıvan mənim hər zaman maraq dairəmdə olub. Çox şadam ki, bu turda mən də iştirak edirəm. Təəssüratlarım çox gözəldir. Qeyd edim ki, Naxçıvanın abidələri, xüsusilə Əlincəqala bu qədim yurdun tarixi keçmişini özündə yaşatmaqla bərabər, müasir dövrdə turizm potensialının artmasına xidmət edir. Qalaya qalxdıqca diqqətimi cəlb edən məqam pilləkənlərdə də tarixin yaşamasıdır. Həqiqətən, bu qalanın dünya mədəniyyət tarixində xüsusi yeri və əhəmiyyəti var. Qala divarları və bürclər əzəmətli görkəmi ilə Naxçıvan memarlıq məktəbinin qədim izlərini özündə yaşadır. Əlincə, demək olar ki, Naxçıvan tarixi abidələr və görməli yerlər üzrə səyahət turizminin ən ideal məkanlarındandır. Uca dağın başında yerləşən qala elə kənardan turistlərə gəl-gəl deyir. Ümumiyyətlə, Naxçıvanda harada olduqsa, çox zəngin təəssüratlar əldə etdik. Bu qədim Azərbaycan torpağına yenə gəlməyi düşünürəm.

Gülcamal TAHİROVA
Aytac CƏFƏRLİ

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR