27 Dekabr 2024, Cümə

“Şərq qapısı” – 100

“Şərq qapısı” qəzetinin yaranmasında mühüm rolu olanlar, qədim mətbuatın tarixi səhifələrini vərəqləyərkən…

Ölkəmizin ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında çap olunan, məsuliyyətli və şərəfli yol keçmiş önəmli mətbuat orqanı olan “Şərq qapısı” qəzetinin uzun və keşməkeşli yol qət etməsi, bu qəzetin yaranmasında bir çox Naxçıvan ziyalılarının əməyinin olmasını tarixi mənbələr əsasında daha yaxşı öyrənə bilərik. Belə ki, XIX əsrin ikinci yarısından etibarən Azərbaycan, Rusiya və Şərq mətbuatında iştirak edən, Naxçıvandan olan qələm sahiblərinin o dövrün mətbuatı ilə əlaqələrinin yaranması, bu regionda milli maarifçilik hərəkatının inkişafına müsbət təsir göstərməsi gələcəkdə qocaman mətbu orqanının yaranmasına səbəb olur. Həmçinin bir çox mənbədə dünyanın müxtəlif yerlərindən alınan “Tərcüman” (Baxçasaray),“Həblülmətin” (Kəlküttə), “Sürəyya”, “Pərvəriş” (Qahirə), “Əxtər” (Tehran), “Novoye obozreniye” (Peterburq), “Kavkaz” (Tiflis) və sair mətbuat orqanlarının Naxçıvan maarifçiləri arasında geniş şəkildə oxunub müzakirə olunması, eləcə də həmin dövrə təsadüf edən “Əkinçi” qəzetinin də Naxçıvanda alınıb oxunması qeyd edilir. Eyni zamanda mətbuatla əlaqələrin genişlənməsində Məhəmməd ağa Şahtaxtlının nəşr etdirdiyi “Şərqi-Rus” qəzeti də mühüm rol oynamışdır. Cəlil Məmmədquluzadənin yaratdığı və baş redaktoru olduğu “Molla Nəsrəddin” jurnalında da Naxçıvanın qələm sahibləri fəal iştirak etmişlər. Bütün bunlar isə qədim, birəsrlik tarixi yolu qət etmiş, xalqının keçmişi ilə gələcəyi arasında körpü salan “Şərq qapısı” qəzetinin yaranmasına zəmin yaratdı.

 

Naxçıvanda ilk mətbuat orqanının yaranması…

Qeyd edək ki, Naxçıvanda 1921-ci il 1 noyabr tarixində Naxçıvan Sosialist Şura Cümhuriyyətinin Cavanlar İttifaqının Ölkə Komitəsinin orqanı olan “Cavanlar həyatı” qəzetinin nəşrə başlaması ilə burada ilk qəzet nümunəsi çap edilmişdir. Qəzetin redaktoru Naxçıvanın qələm sahiblərindən Həmid Mahmudov olmuşdur. Qeyd edilir ki, vərəqə formasında olan bu qəzet cəmi iki ay fəaliyyət göstərir. Həmin ilin dekabr ayından etibarən Naxçıvanda “Füqəra səsi” adlı yeni bir qəzet çap olunmağa başlayır.
Öyrəndiyim mənbələrə görə xüsusi qeyd edək ki, Naxçıvanda son bir əsrdə davamlı şəkildə nəşr olunan mətbuat orqanı “Şərq qapısı” qəzetidir. Naxçıvan Xalq Komissarları Şurasının dəstəyi ilə nəşrə başlayan qəzet 1922-ci ilin aprel ayından etibarən kiçik fasilələrlə bu günümüzədək fəaliyyətini davam etdirmişdir. Qəzetə Həmid Mahmudov, Əhməd Həşimov, Həsən Əlizadə, Əvəz Sadiq, Abbas Gülməmmədov və başqaları ötən əsrin 20-30-cu illərində redaktorluq etmişlər.1933-1935-ci illərdə isə Azərbaycanın Xalq yazıçısı Əli Vəliyev “Şərq qapısı”nın redaktoru vəzifəsində çalışmış və qəzetin ictimai təsir imkanlarını, vətəndaşlıq missiyasını artıran ciddi və kəsərli yazılar çap etmişdir. Həmçinin qeyd edilir ki, Naxçıvanda XX əsrin 30-cu illərində qısa müddətdə “Ədəbiyyat qəzeti” adlı mətbuat orqanı da fəaliyyət göstərmiş, qəzetə Mirzə İbrahimov redaktorluq etmişdir. Eləcə də “Ədəbiyyat qəzeti”nin “Şərq qapısı”nın əlavəsi kimi çap edildiyi də ehtimal olunmuşdur.

Dünyadan, eləcə də ölkəmizin tarixindən
bəhs edən qocaman qəzet…

1941-1945-ci illər, İkinci Dünya müharibəsi dövründə “Şərq qapısı” qəzetinə redaktorluq edən yazıçı-publisist Məhəmmədəli Tarverdiyev arxa və ön cəbhə həyatını əks etdirən bir çox tarixi hadisələrə toxunmuş, səfərbərlik və vətənpərvərlik ruhunda yazılar çap etmişdir. “Şərq qapısı” qəzeti müharibədən sonrakı dövrlərdə tarixi yolunu davam etdirmişdir. Belə ki, müxtəlif illərdə “Şərq qapısı” qəzetinə redaktorluq etmiş Manaf Xudiyev (1953-1956), Fərman Tağıyev (1956-1960), Məmməd Bektaşi (1961-1962) və Hüseyn İbrahimov (1962-1965) dövrün ruhunu əks etdirməklə bərabər, regionda baş verən yeniləşmənin, digər ictimai meyillərin inkişafına da diqqət yetirmişlər. Rəsmi dövlət qəzeti olan “Şərq qapısı” Naxçıvan Vilayət Partiya Komitəsinin orqanı olmaqdan əlavə “Ədəbiyyat və incəsənət” qəzetinin də funksiyalarını həyata keçirmişdir. Xüsusən də qeyd edilir ki, XX əsrin 50-ci illərinin ikinci yarısından sonra “Şərq qapısı” qəzetinə Məmməd Bektaşinin və yazıçı Hüseyn İbrahimovun redaktorluq etdiyi dövrdə ədəbiyyat və incəsənət məsələlərinə diqqət daha da qüvvətlənmiş və eyni zamanda qəzetdə tənqidi yazılar da çap olunmağa başlamışdır. Qəzet nömrələrində tənqidi xarakterli kiçik xəbərlərlə bərabər, felyeton janrında yazılar da yer almışdır ki, həmin yazılar nöqsanları göstərən və diqqəti irəliyə doğru inkişafa yönəldirirdi. “Şərq qapısı”qəzetində, ümumiyyətlə, XX əsrin 60-70-ci illər ideologiyasının təbliği ilə yanaşı, həm də ölkə həyatına, xalq amilinə, sadə insanların qayğılarına həsr olunan yazılar çap edilmişdir. Təbii ki, bu dönüş qocaman qəzetin gələcək müstəqillik dövrü üçün mühüm addım idi.

XX əsrin 70-ci illərindən etibarən “Şərq qapısı” qəzetinin fəaliyyətində yeni tarixi dövrün başlanması…

Ümummilli lider Heydər Əliyevin qısa zaman kəsiyində Azərbaycanı Sovet İttifaqının qabaqcıl respublikaları səviyyəsinə çatdırması və milli-mənəvi dəyərlərin inkişafına xüsusi diqqət yetirməsi mətbuatda gedən milliləşmə prosesinə də öz təsirini göstərmişdir. Həmin dövrdə ölkə mətbuatlarında, həmçinin “Şərq qapısı” qəzetində Azərbaycanın tarixi, Naxçıvanın keçmişi, çoxəsrlik ənənələrin və milli mədəniyyətin təbliği ilə əlaqədar məsələlərin işıqlandırılmasına başlanılmışdı. Bu dövrdə “Şərq qapısı”na Rəşid Qazıbəyov (1965-1970), Vahid Bağırov (1970-1975), Sənubər Kərimova (1975-1985), Akif Axundov (1986-1990) redaktorluq etmiş, qəzet qurucu-maarifləndirici istiqamətdə fəaliyyət göstərmiş, muxtar respublikanın ədəbi-mədəni mühitinin işıqlandırılmasında mühüm rol oynamışlar. Bütün dövrlər ərzində “Şərq qapısı” qəzetinin ən mühüm funksiyası “Ədəbiyyat qəzeti” kimi fəaliyyət göstərməsi idi. XX əsrin 70-ci illərində “Şərq qapısı”nın ədəbiyyat məktəbində cavan yazıçı və şairlər kimi formalaşanlar sırasında Elman Həbib, Asim Yadigar, Muxtar Qasımzadə, Vaqif Məmmədov, Xanəli Kərimli, Rafiq Babayev, İbrahim Yusifoğlu, Bayram İsgəndərov, Əbülfəz Ülvi və başqaları olmuşdur. Son dövrlərdə isə “Şərq qapısı” ədəbiyyat məktəbinin ədəbi mühitinə Hüseyn Bağır, Elxan Yurdoğlu və başqaları gəlmiş, bu qocaman mətbu orqan onların həyatında, yaradıcılıq fəaliyyətlərində mühüm rola malik olmuşdur. Bununla bərabər, “Şərq qapısı” qəzeti ölkəmizin bütün tarixi hadisələrini, həmçinin Naxçıvanda yaşayıb-yaratmış sənətkarları öyrənmək üçün ən mötəbər mənbədir. Bu qəzetin məktəb mühitində yetişib formalaşan onlarla tanınmış tənqidçi və ədəbiyyatşünaslar olmuşdur. Onlardan Lətif Hüseynzadə, akademik İsa Həbibbəyli, Yavuz Axundlu, Məhərrəm Cəfərli, Hüseyn Həşimli, Əsgər Qədimov, Elbəyi Maqsudov, Fərman Xəlilov, Yusif Səfərov, Seyid Surə, İman Cəfər, Seyfəddin Eyvazov, Əbülfəz Əzimli, Ramiz Qasımov və başqalarının adlarını çəkə bilərik. Eyni zamanda bir çox tanınmış tarixçi və arxeoloq alimlər, dilçilər və təbiət elmlərini təmsil edənlərin də inkişafında “Şərq qapısı” qəzeti xüsusi yer tutur. Akademik İsmayıl Hacıyev, Tariyel Talıbov, AMEA- nın müxbir üzvləri Qadir Qədirzadə, Fəxrəddin Səfərli, Əbülfəz Quliyev, Zəhmət Şahverdiyev, həmçinin Vəli Baxşəliyev, Sevindik Vəliyev, Ağarza Rüstəmov, Musa Quliyev, Emin Arif, Nazim Bababəyli, Qadir Əliyev və başqaları “Şərq qapısı”ndan böyük elmə vəsiqə almışlar.

“Şərq qapısı” yoxsa “Sovet Naxçıvanı”…

“Şərq qapısı” qəzeti aparıcı istiqamətini müəyyən etməsi ilə müstəqil dövlətçilik ideallarının carçılarından birinə çevrilmişdir. Elə buna görə də muxtar respublikanın mətbuat orqanı olan “Şərq qapısı” qəzeti fəaliyyətində böyük strateji mənaları ifadə etdiyi üçün sovet dövlətinin ən yüksək dairələrini düşündürməli olmuşdur. Məhz bu səbəbdən, sovet hökuməti bəhanələr gətirərək 1979-cu il 30 oktyabr tarixli Qərarına əsasən “Şərq qapısı” qəzetinin adı “Sovet Naxçıvanı” adı ilə dəyişdirilmiş və hər iki dildə nəşrini davam etdirməli olmuşdur. Ayrı-ayrı mətbuatşünaslar, ədəbiyyatşünaslar – ziyalılarımız qeyd edir ki, qəzet adını dəyişsə belə, qəzetin yaradıcı kollektivi “Şərq qapısı”nın ənənələrini qoruyub saxlamış və daha da inkişaf etdirmişdir. Rus dilində nəşrə başlayan “Sovetskaya Naxiçevan” qəzetindən təkcə ideoloji tribuna kimi yox, həm də muxtar respublikanın daha geniş miqyasda tanıdılması üçün istifadə edilmişdir. Və nəhayət, yerli ziyalıların səyi ilə 10 il sonra 1989-cu ildə “Şərq qapısı” adı yenidən bərpa olunmuşdur.

1990-cı ildə “Şərq qapısı” qəzetinin nəşri tarixində
daha bir mühüm addım…

Yaxın tariximizdən də məlum olduğu kimi, 1990-cı il 19 yanvarda SSRİ dövlətinin dəstəyi ilə Ermənistan SSR Naxçıvan Muxtar Respublikasını işğal etmək məqsədilə muxtar respublikanın ərazilərinə genişmiqyaslı hərbi hücumlar təşkil etmişdir. Sovet dövlətinin rəhbərliyindən heç bir dəstək ala bilməyən yerli əhalinin tələbi ilə 1990-cı il 20 yanvarda Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Ali Soveti Bakıda baş vermiş qanlı hadisələrə etiraz əlaməti olaraq Naxçıvanın SSRİ-nin tərkibindən çıxması haqqında qərar qəbul etmişdir. “Şərq qapısı” qəzeti həmin qərarı çap etməklə müstəqil Naxçıvan Muxtar Respublikanın mətbuat orqanı funksiyasını həyata keçirmişdir. O zamanlar bütün qəzetlərdə məcburi şəkildə yazılan “Bütün ölkələrin proletarları, birləşin” şüarı 1990-cı ilin yanvar-fevral aylarında “Şərq qapısı” qəzetinin 8 sayında dəyişdirilmiş “Birlik və demokratiya uğrunda” çağırış şüarı ilə çap olunmuşdur. Bu təkcə “Şərq qapısı” qəzetinin yox, sovet mətbuatının da tarixində nadir hadisə idi. Və beləliklə, 1990-cı ildən Azərbaycanda ilk müstəqil qəzet kimi nəşr edilən “Şərq qapısı” ölkənin və xalqın milli maraqlarına xidmət göstərmişdir. Həmçinin Azərbaycan Respublikası dövlət müstəqilliyi qazandıqdan sonra “Şərq qapısı” qəzeti xalqımızın milli dövlətçilik və maarifçilik yollarındakı tarixi zəfərlərini, ənənələrini və böyük əzmini salnaməyə çevirməkdə davam etmişdir. Ölkənin mətbuat tarixində və müasir inkişafında xüsusi yer tutan “Şərq qapısı” qəzetinə müstəqillik dövründə Səxavət Kəngərli, Məmməd Məmmədov, və digərləri redaktorluq etmişlər. Hazırda “Şərq qapısı” qəzeti ideya-siyasi xəttini qoruyub saxlayır, qəzet informasiya imkanlarını genişləndirir. Son illərdə əsl publisistika məktəbinə çevrilən “Şərq qapısı” qəzeti tutduğu şərəfli yolu uğurla davam etdirərək ötən il ölkəmizdə 30 illik həsrətə son qoyan Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin 2020-ci il 27 sentyabr tarixində verdiyi əks-hücum əmri ilə başlanan Vətən müharibəsi, 44 günlük Zəfər yürüşü, Azərbaycan Ordusunun qələbə qazanması ilə başa çatması, bütün bu qısa zaman kəsiyindəki hadisələri öz nömrələrində geniş şəkildə əks etdirir.

Bir gənc jurnalistin düşüncəsində “Şərq qapısı”
qəzetinin yeri…

Tarixən fəaliyyətində yaşlı nəsillə yeni nəsil qəzetçilərinin birgə işləməsi, bununla bərabər, gəncliyə yol göstərilməsi, gələcəyin peşəkarlarının yetişməsində məlumat və söz xəzinəsi olan “Şərq qapısı” jurnalistika məktəbinin özünəməxsusluğu danılmazdır. Qəzetdə müxtəlif mövzularla, çox profilliliklə cəmiyyət həyatının bütün əsas sahələrini əks etdirmək “Şərq qapısı” qəzetində çalışan jurnalistin, ən azı, bir neçə sahə üzrə ixtisaslaşması zərurətini meydana çıxarır. “Şərq qapısı” məktəbi anlayışı, ilk növbədə, bu qəzetin mühitində yetişib-formalaşan yaradıcı nəsilləri əhatə etməklə bərabər, həm də muxtar respublikada yeni mətbuatın da formalaşması və inkişafına yol açan, işıq salan mayak mənasını daşıyır. Naxçıvan Muxtar Respublikasının rayon qəzetləri “Şərq qapısı” lokomotivinə qoşulmuşdur. “Şərq qapısı” bu böyük mətbuat qatarını inamla və yüksək məsuliyyətlə irəli aparır.
Mənim “Şərq qapısı” qəzeti ilə ünsiyyətim iki il öncə başlayıb. Bildirməliyəm ki, “Şərq qapısı” qəzetinin biz gənc jurnalistlərin iş fəaliyyətində rolu əvəzolunmazdır. İlk qələmi əlimə verib məqalələr yazmağı öyrədən də elə bu qəzetdir. Hazırda iş otağımda stolüstü kitabıma çevrilən “Şərq qapısı” qəzeti hər gün yeni informasiyalar verərək mənim və mənim kimi bir çox yeni gənc jurnalistlərin yetişməsində və püxtələşməsində əsas mənbədir. Sevərək oxuduğum məqalələr vasitəsilə yazıda sujet xəttində düzgünlüyü, həmçinin ardıcıllığı öyrənirəm. Ən əsası isə gənc jurnalistlərə qucaq açan qəzet rəhbəri və kollektivinin biz gənclərə doğma münasibət göstərib yazmağa həvəsləndirməsi və yazılan məqalələrə ən böyük qiyməti verərək “Şərq qapısı”qəzetində nəşr etməsi onu deməyə əsas verir ki, göstərilən bu qayğı və dəstəklə gələcəkdə muxtar respublikamızda daha da çox işinin mütəxəssisi olan jurnalist ordusu yaranacaq.

“Şərq qapısı”nın sətirlərində Naxçıvan
diyarının ritmi döyünür…

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin təsisçisi olduğu “Şərq qapısı” qəzeti inamla demək olar ki, bu gün Naxçıvan Muxtar Respublikasının canlı sözünə çevrilib. İdeya və cəlbedici yazıları ilə Naxçıvanın taleyini, çətinliklərini və uğurlarını çoxcildlik külliyyatlarında yaşadıb nəsildən-nəslə çatdıran sanballı salnamələri “Şərq qapısı”qəzeti özündə yaşadır.
Xüsusi olaraq qeyd edim ki, bu gün müstəqil və inkişaf dövrünü yaşayan Azərbaycan Respublikasında olduğu kimi, onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında da mətbuata, jurnalistlərə qayğı ön sıradadır. Bunun ən bariz nümunəsi 2021-ci il 1 iyun tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri cənab Vasif Talıbovun “Şərq qapısı”qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə Sərəncam imzalamasıdır. Bu Sərəncam birəsrlik yol gələn, keçmişdən bu günə qədər qəzetdə fəaliyyət göstərən qələm sahiblərinin xatırlanmasına və bu gün mənim kimi bir çox gənc jurnalistlərin bu qəzet ətrafında toplaşmasına səbəb oldu. Əminliklə deyə bilərəm ki, ulu diyarımızın sakinləri, ziyalılar bu qərara çox sevinclidir. Bütün bunlara görə bir gənc jurnalist kimi dövlətimizə minnətdarlığımı bildirirəm.

Səriyyə SALAHOVA
“Arazın səsi” qəzetinin məsul katibi
“Şərq qapısı”qəzetinin 100 illik yubileyi münasibətilə
keçirilən yaradıcılıq müsabiqəsinə təqdim edilir.

 

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR