01 Noyabr 2024, Cümə

Və ya Qələbə tablosunun xəyalı eskizləri

Millət vəkili, Azərbaycan Respublikasının Əməkdar rəssamı, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, millət vəkili Ülviyyə xanım Həmzəyevaya açıq məktub

 Hörmətli Ülviyyə xanım, müstəqil Azərbaycanın, başda Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev olmaqla qalib ordumuzun, müzəffər xalqımızın Böyük Zəfər bayramının möhtəşəm ildönümünə hazırlaşdığı bir zamanda sizinlə həmsöhbət olmağımı, yəqin ki, təbii qəbul edərsiniz, çünki layiq olduğunuz bu yüksək titullardan çox-çox əvvəl mən sizi rəssam Ülviyyə kimi tanımışam... Onda ki hələ özünüz demişkən rənglər sizi, siz rəngləri təzə-təzə kəşf edirdiniz. Və illər keçdikcə Mehriban Sultanın “Ülviyyənin rənglər dünyası” yazısı bələdçim oldu, sizin abstrakt, avanqard üslubunuzun heyranı oldum, yaradıcılığınızı izlədim.

Sərgilərinizdə Naxçıvanımızın tanınmış şəxsiyyətlərinin portretlərinə baxdıqca hər dəfə bir dərin məna, yeni ideya tapıram; zamanın yetişdirib püxtələşdirdiyi simanın xarakter cizgiləri, ömür yolu, peşəsi, intellekti, arzuları əks olunur bu portretlərdə...

Qızım Aynurun toyuna hədiyyə olaraq işlədiyiniz tablo qarşısında saatlarla dayanıb tamaşa edərək məna çalarları axtarmaqdan yorulmuram...
Sizin layihənizlə ucaldılan, xalqımızın ermənilərin törətdikləri soyqırımı qurbanlarının faciəsini əks etdirən abidə elə bil haqq səsini göylərə ucaldan xeyirxah qüvvələrin sehrli pıçıltısını qulaqlarda əks-səda etdirir...
Şah əsəriniz hesab edirəm bu abidəni!
Şükürlər olsun yaradanın qüdrətinə! 44 günlük Vətən müharibəsində haqq, ədalət zəfər çaldı! Qəhrəman xalqımız, rəşadətli sərkərdə Ali Baş Komandan, Prezident cənab İlham Əliyev və dünya hərb tarixində yeni səhifələr açan yenilməz ordumuz birləşərək dəmir yumruğa döndü, erməni işğalçılarını məhv edərək torpaqlarımızı azad etdi. Qarabağımızı özümüzə qaytardı!
Möhtəşəm Zəfər Bayramının ildönümünə yaxınlaşdıran hər gün bizə o müdhiş sentyabrdan başlanan 44 günü anbaan yenidən yaşatdı. Müharibənin 1-ci, 2-ci... 10-cu... 18-ci, 20-ci günləri rəşadətli ordumuz, Vətəni canından çox sevən igid əsgərlərimiz düşməni məhv edərək geri oturtdu. Çoxlu sayda canlı qüvvə və hərbi texnikası göyə sovrulan qorxaq erməni ordusu geri qaçmağa üz tutdu. Canlı-canlı izlədiyimiz cəbhədən qələbə xəbərləri, Ali Baş Komandan cənab İlham Əliyevin hər gün televiziya vasitəsilə xalqa müraciət edib qürurla kənd və şəhərlərimizin işğaldan azad olunmasını elan etməsi hər bir azərbaycanlı ailəsinin sonsuz sevincinə səbəb oldu. Torpaqlarımızın bütövlüyü uğrunda gedən Vətən müharibəsində Naxçıvan oğullarının da misilsiz şücaət və qəhrəmanlıqları tarixə düşdü!

“Torpaq, uğrunda ölən varsa, Vətəndir!” – deyiblər. “Şəhidin gəlir, qarşıla, Naxçıvan!” şüarı həyatımızın çağırışına çevrilmişdi o günlərdə. Başda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov olmaqla, Naxçıvan Hava Limanında hər dəfə böyük bir izdiham şəhid tabutlarını qarşılayıb dəfn olunacaqları kəndə yola salırdı... Şəhid tabutunu qaldıran kişilərin beli bükülmürdü, alınları açıq idi. Başlarını dik tutaraq bir çiyinlərində tabut – ucalardan uca bir şəhidlik zirvəsi boyda dağ, o biri çiyinləri ilə döyüşə gedən əsgər inadı ilə şəstlə, sıra ilə addımlayırdılar!
Yeganə övladını şəhid verən ana da, şəhid ərinin tabutuna girən gənc qadın da, iki övladı şəhid olan ata-ana da “Vətən sağ olsun!” – dedi. Amalı, qayəsi namus, qeyrət, vətənpərvərlik olan naxçıvanlı üçün Vətənin uzağı-yaxını, böyüyü-kiçiyi olmaz!
Vətən Azərbaycandır! Qarabağ Azərbaycandır!
Xəyalımda elə bil dünəndir… Şuşanın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər! Qəhrəman əsgərlərimizin dişi ilə, dırnağı ilə, əli-ayağı ilə, başlıcası isə Vətən sevgisi ilə, alışıb yanan ürəyi ilə dağlara dırmaşaraq erməni işğalçılarına divan tutması! Ali Baş Komandan cənab İlham Əliyevin “Şuşa işğaldan azad edildi! Şuşa bizimdir!” deməyi ilə bizim mənzildə tavan silkələndi! Haray qopdu! Hamımız bir-birimizi qucaqlayıb sevincdən ağladıq! Küçələrdə Azərbaycan bayrağı ilə şütüyən maşınların fitindən göy üzü tutulurdu. Budur naxçıvanlının üzünü görmədiyi, uğrunda canını verdiyi Vətənin bir parçasına olan məhəbbəti! Böyük Vətən sevgisi, vətənpərvərlik, Azərbaycançılıq ehtirası!
Ülviyyə xanım! Vaxtilə “Mənim Vətənimdə sülh olarsa” müsabiqəsinin qalibi kimi müsahibə zamanı Mehriban Sultanın “Qələbə tablosunu necə təsvir edirsiniz?” sualına belə cavab vermişdiniz: “Qələbə mövzusunda işləmək hər bir sənət adamının, eləcə də rəssamların ən müqəddəs arzusudur, onu çəkəcəyimiz gün isə uzaqda deyil”. Uzaqgörən bəşəri ideyanın zamanı olmur! Düz iyirmi il bundan əvvəlki qələbə arzunuz – gözünüz aydın, gözümüz aydın – reallaşdı! Düşmənlərə gözdağı olan qələbəmiz mübarək! İndi meydan sizindir, rəssam xanım! Vətənimin zəngin təbiətindən doğan rənglərlə elə bir tablo yaradıb dünyanın daş divarından asın ki, müasir texnologiyalardan, kompüter montajlarından xali rənglər dünyası sizin fırçanızla dil açıb danışsın, dostlar sevinib qürurlansın, fəxr eləsin, düşmənlərin qamaşan gözləri tutulsun...
Sizinlə həmsöhbət olub qələbə sevincini paylaşmağıma səbəb 30 ildən sonra Şuşada keçirilən Vaqif poeziya günlərindən qayıdandan sonra “Şərq qapısı” qəzetində dərc olunan səfər təəssüratlarınız oldu. Məmnuniyyətlə Şuşa ziyarətçisini canlı-canlı ziyarət edərdim!
Və beləcə, şirin duyğularla yaşadığım günlərin birində qızım Mehriban xanım işdən gələndə çantasından bir qutu çıxarıb mənə uzatdı. Üstündə qələbəmizin atributu xarıbülbül şəkli olan, lentlə bağlanmış kiçik bir qutu! Adətən, belə qutularda qiymətli zinət əşyaları olar. Müəmmalı həyəcan və sevinclə qutunu açdım.
Qırmızı butalı parçadan tikilmiş kiçicik bir kisə! Üstündə xarıbülbül təsviri olduğu üçünmü, ya nədənsə bu parça ani olaraq mənə Qarabağ xanımlarının qədim geyiminin parçasını xatırlatdı...
– Ana, – qızım dedi: – Rəssam Ülviyyə xanım sənə hədiyyə göndərib. Şuşadan torpaq gətirib sənə! Bir ovuc qumlutəhər qara torpaq və kiçik çarpanaqlı daş parçası! Bu, münbit, qara, aran torpağı deyildi, dağ torpağı idi, başıdumanlı Şuşa dağlarının torpağı! Qəribə sövq-təbii ilə mənə elə gəldi ki, torpaq nəmdir, axı şəhid qanı ilə suvarılmışdı...
Əlimə alıb dərin nəfəslə iylədim. Qupquru torpaqdan, vallah, yenə qan iyi hiss etdim. Və mənə elə gəldi ki, o daş parçası da qədim insan məskəni olan Qarabağımızda ulu babalarımızın od əldə etdiyi çaxmaq daşından qopub düşüb! Bəlkə də, Şuşa uğrunda gedən həlledici döyüşlər zamanı çətinliklə qayalara dırmaşan qəhrəman əsgərlərimizin çəkməsi altından sürüşüb qopub bu daş...
Cıdır düzündə cövlan eləyən Qarabağ atlarının dırnağından qaçan daşa da bənzəri var onun!
Uyarı, dəyəri nə olur-olsun! Ülviyyə xanım, siz mənə “Tamahım düşüb dada bilmədiyim” bir qəfil tikəni bağışladınız: “Əziz Şuşa, sən azadsan!”, “Əziz Şuşa, biz qayıtdıq!”, “Əziz Şuşa, biz gəlmişik!” şüarlarına mənim də xitabım əlavə olundu: “Şuşa, biz qovuşduq!”.
Qovuşdurana alqış!
Şuşada Vaqif poeziya günləri möhtəşəm tarixi dönüş idi.
Öz Vətənində ulu öndər Heydər Əliyevin Sərəncamı və xüsusi səyi ilə görkəmli şair və ictimai xadim Molla Pənah Vaqifin məqbərəsi ucaldılandan sonra hər il Vaqif poeziya günləri keçirilərdi. Erməni faşizminin işğalına məruz qaldığı 30 il ərzində qürbətdə Vətən həsrəti ilə çırpınan Vaqifin ruhu ona məhrəm olan durnalara üz tutmuşdu:

Bir zaman havada qanad saxlayın,
Sözüm vardır mənim sizə, durnalar!
Qatarlanıb nə diyardan gəlirsiz?
Bir xəbər verirsiniz bizə, durnalar!

Naxçıvan diyarından “uçan durnalar” – rəssam Ülviyyə Həmzəyeva, şair-publisist Asim Yadigar və Qafar Qəribin sinələri şair Vaqifə çatdırılası şad müjdələrlə doludur, yəqin... Ancaq mən, Ülviyyə xanım, daha çox sizdən Qarabağ xanının eşikağası, siyasi xadim, ağlı, cəsarəti, hazırcavablılığı ilə Qacar kimi qaniçən istilaçı qarşısında məğrur dayanıb dövlətçilik, Azərbaycançılıq ideyası nümayiş etdirən vətənpərvər lirik şair Vaqifin rəsmini gözləyirəm, necə deyərlər, uman yerdən küsərlər.
Niyə uzağa gedək?! 44 günlük Vətən müharibəsi günlərində Prezidentimiz Ali Baş Komandan cənab İlham Əliyevin dünyanın aparıcı informasiya orqanlarına verdiyi müsahibələri, çox vaxt qərəzli suallar yağdıran jurnalistlər qarşısında göstərdiyi təmkin və siyasi müdrikliyi yada salanda dövlət başçımızı Vaqifin xələfi sanıram. Qan tökməkdən doymayan cəllad Qacar Vaqifi asdırmağa hazırlaşarkən gecə öz adamları tərəfindən öldürülən zaman necə ki, dostu nurani Vidadiyə öz hisslərini ifadə etmişdi:

Ey Vidadi, gərdişi-dövrani-kəcrəftarə bax!
Ruzigarə qıl tamaşa, karə bax, kirdarə bax!

Eləcə də haqqın-ədalətin zəfər çaldığı 44 günlük Vətən müharibəsinin xalqımızın böyük qələbəsi ilə başa çatması, erməni faşizminin darmadağın edilərək kapitulyasiya aktını imzalaması sevincini qardaş Türkiyə xalqı ilə bölüşməyimiz, Zəfər paradında Ali Baş Komandan cənab İlham Əliyevin qalib ölkənin Prezidenti kimi Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğanla bölüşməsi şair-diplomat Vaqifin dostu Vidadi ilə dərdləşməsi səhnəsini xatırladır.
Gözlərim qarşısında Səməd Vurğunun “Vaqif” dramı canlanır: Gürcü qızı Tamara azadlıq mübarizəsinə qalxan Qaçaq Eldarın dəstəsinə qoşulub ondan kömək istəyir… Demək olar ki, torpaqlarımızın bütövlüyü və işğaldan azad edilməsi uğrunda apardığımız haqq savaşı müasir hərb tarixinə qızıl hərflərlə yazılmaqla Cənubi Qafqazda sülhün, əmin-amanlığın qarantına çevrildi.
Postmüharibə dövrünü yaşayan qəhrəman xalqım böyük vüsətlə erməni vandalizminin vəhşiliklərinə düçar olmuş Qarabağda – Şuşada işğaldan azad edilmiş bütün kənd və şəhərlərimizdə abadlıq və yenidənqurma işləri aparır.
İstər ön cəbhədə, istərsə də arxa cəbhədə cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi başda Ali Məclisin Sədri cənab Vasif Talıbov olmaqla, naxçıvanlıların əməyi təqdirəlayiqdir, unudulmazdır. Dövlətçilik, Azərbaycançılıq, torpaqlarımızın bütövlüyü, müstəqilliyimizin bərpası uğrunda mübarizənin liderlik missiyasını həyata keçirən naxçıvanlılarla fəxr edirəm! Mərdlik, namus-qeyrət, milli təəssübkeşlik, kişilik mücəssəməsi naxçıvanlılarım!
Ülviyyə xanım, çox təsirləndiyim faktlardan biri 27 sentyabr – Anım Günü şəhid general Polad Həşimovun anası Səmayə xanım və Xudayar Yusifzadənin anası Radə xanımın naxçıvanlı şəhid analarının ziyarətinə gəlməsidir. Bəli! Naxçıvan tarixən qadın anaya möhtəşəm abidə ucaldan diyardır. Möminə xatın diyarı böyük şəxsiyyətlər, yetirən, böyüdüb ərsəyə gətirdiyini şəhid verən anaları ilə qururluqdur... Şəhid general Polad Həşimovun dağdan ağır anasının şəhid əsgər İlkin Muradlının anasını ziyarətə gəlməyinə dəyər, Səmayə xanım! O əsgər ki ölümü gözə alıb, özünü odun-alovun içinə atıb general komandirinin neytral zonaya düşən papağını götürüb düşmən əlinə keçməyə qoymamışdı... Papaq millətin namus, qeyrət, şərəf, ucalıq rəmzidir, onu düşmən tapdağında, işğal altında qoymaq olmazdı...
Ülviyyə xanım, dediklərim “Qələbə” tablosunun qəlbimdən keçən xəyali eskizləridir. Sizin, fırçanızın, rənglərin dili ilə daha çox sözlər deyəcəyinizə əminəm!
P.S. Hər il sentyabr ayı girəndə 74 il əvvəl olduğu kimi, burnuma bənövşəyi rəngli mürəkkəbin ətri gəlir. Atam cibindən çıxarıb həvəslə qaşıyıb yonduğu mürəkkəb həbini qaynamış suyu soyudaraq mürəkkəb hazırlayar, anam ona bir-iki damcı limon duzu şirəsi qatardı ki, çürüməsin... Ətrinə bax bunun! Dəftər-kitabımıza da, əllərimizə də, hətta ağ məktəbli önlüyümüzə də dəyərdi bu mürəkkəbdən...
Ötən il adamlar sentyabr ayını başqa libasda gördülər. “Qanlı-qadalı sentyabr”, “Qan iyi gələn sentyabr”, “Sentyabr ayında göydən qızılı payız yarpaqları tökülmək əvəzinə göz yaşları töküldü”, “Şəhidlər ayı” kimi ritorik ifadələr eşidilirdi. Qınamıram xalqımı. Yaşadıq müharibə ilə açılan sentyabr səhərlərini. Nə xoş ki bu səhərlər anbaan, günbəgün bizi Vətən müharibəsinin Qələbəsinə gətirib çıxardı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi haqqın, ədalətin zəfər çalması ilə – Qələbəmizlə tarixə düşdü. 2021-ci il sentyabr ayının 27-si Anım Günü kimi yadda qaldı. Ölkənin hər yerində Anım Günü şəhidlər yad edildi, onların ruhu qarşısında məğrur başlar əyildi, şəhid məzarları Vətən torpaqlarının bitirdiyi gül-çiçəklərə qərq oldu! Həmin gün paytaxt Bakının küçə və prospektləri ön cərgədə Ali Baş Komandan cənab İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva olmaqla, 3 minə yaxın şəhidin portretini götürmüş əhalinin – əsgər və zabit ordusunun anım yürüşü ilə coşdu!
Bir ölüb min doğulan xalqıq! Bu xalqın birliyi qarşısında heç bir düşmən tab gətirə bilməz. Sentyabr ayını isə böyük qələbəmizin zəfər açarı hesab edək! Sentyabr bilik bayramı ayıdır. Bu ayda o ətirli bənövşəyi rəngli mürəkkəbə 11 nömrəli peronu batırıb “Ana”, “Vətən” sözlərini yazmışıq. Bu mürəkkəblə qol çəkib imza etməyi öyrənmişik. Daş pero, diyircəkli qələmlə, avtoqələmlərlə, ən nəhayət, kompüterlərlə qazandığımız biliklərlə ən müasir texniki idarəetmələr ilə dünyaya milli varlığımızı sübut edib. Qələbəmizin də, ildönümünü bayram etdiyimiz o zəfərin də mənbəyi bənövşəyi rəngli ətirli mürəkkəb qoxulu sentyabrdan başlayan biliklərimizdir.
Sentyabr “Bilik bayramı” ayıdır! Bu ay “Vətən sevgisi” adlı tarix dərsini öyrətdi bizə!


Nubar ABDULLAYEVA

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR