Noyabrın 10-da Naxçıvan şəhərində “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir”, – deyən Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk vəfatının 83-cü ildönümündə anılıb. Türkiyənin Naxçıvandakı Baş Konsulluğu tərəfindən türk xalqının böyük öndərinin Naxçıvan şəhərində ucaldılan büstü ziyarət olunub, əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Türkiyənin Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz tərəfindən büstün önünə əklil qoyulub.
Anım mərasimində Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Vüsal Ələkbərli, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitləri, türkiyəli iş adamları və qardaş ölkənin Naxçıvanda təhsil alan tələbələri abidə önünə gül dəstələri qoyaraq Mustafa Kamal Atatürkün xatirəsinə ehtiramlarını bildiriblər.
Anım tədbiri Türkiyənin Naxçıvandakı Baş Konsulluğunda davam etdirilib.
Xəbərlər şöbəsi