Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər oktyabr ayında da davam etdirilmişdir. Xidmət tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan 38 əcnəbi aşkarlanaraq qanunvericiliyin tələblərinə uyğun barəsində müvafiq tədbirlər görülmüşdür.
Ötən ay Dövlət Miqrasiya Xidmətinə, ümumilikdə, 1187 müraciət daxil olmuşdur. Onlardan 668-i əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi, müvəqqəti olma müddətinin uzadılması, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olmuşdur. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılmış, müvafiq qərarlar qəbul edilmişdir.
Ötən dövrdə olduğu yer üzrə qeydiyyatla bağlı 519 müraciət qeydə alınaraq icrası təmin olunmuş, həmin müraciətlərdən 207-si elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilmişdir.
Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq maarifləndirmə tədbirləri aparılmışdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin
mətbuat xidməti