Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” 2021-ci il 25 iyun tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən ardıcıl iş aparılır. Bu məqsədlə 10 noyabr 2021-ci il tarixdə Naxçıvan Müəllimlər İnstitutunda tələbələrə “Azərbaycan kinosu” haqqında mühazirə oxunmuş, “Eviniz abad” filminin nümayişi təşkil olunmuşdur.
Tədbirdə giriş sözü ilə çıxış edən Naxçıvan Dövlət Film Fondunun direktoru Mirakif Seyidov qeyd etmişdir ki, kino tarixi möcüzələr tarixidir. Elə hərəkət edən fotoşəkillərin kəşfinin özü də əsl möcüzə idi. Müasir dövrümüzün ən maraqlı və ən populyar incəsənət növü hesab edilən kino həyatımıza dərindən nüfuz etmiş və onun ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Azərbaycan kino sənətinin tarixi 1898-ci il avqustun 2-dən başlayır. Həmin dövrdəki ilk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş xronika süjetlər –“Bibiheybətdə neft fontanı yanğını”, “Şəhər bağında xalq gəzintisi”, “Qafqaz rəqsi”ndən və bir bədii kinosüjetdən –“İlişdin”dən ibarət idi. Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin “Azərbaycan Kinosu Gününün təsis edilməsi haqqında” 2000-ci il 18 dekabr tarixli Sərəncamına əsasən hər il avqustun 2-si ölkəmizdə “Azərbaycan Kinosu Günü” kimi qeyd olunur.
Azərbaycan kino sənətinin inkişafında Naxçıvan torpağının yetirdiyi sənətkarlar Qəmər Salamzadə, Rza Təhmasib, Həbib İsmayılov, Məmmədhüseyn Təhmasib, Şamil Mahmudbəyov, Ramiz Mirişli, Elxan Qasımov və başqalarının dəyərli xidmətləri olmuşdur. Unudulmaz filmlərimizdən olan “Nəsimi”, “Dədə Qorqud”, “Babək”, “Əzablı yollar”, “Gümüşgöl əfsanəsi”, “Doğma sahillər” və başqa ekran əsərlərinin müəyyən hissələri və natura çəkilişləri Naxçıvan Muxtar Respublikasında aparılmışdır.
Natiq Mirsadıq Ağazadənin rejissorluğu ilə çəkilən “Eviniz abad” bədii filmi haqqında ətraflı məlumat vermiş, sonra film nümayiş etdirilmişdir.
Film tələbələr tərəfindən maraqla qarşılanmışdır.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət
Nazirliyinin mətbuat xidməti