06 Dekabr 2024, Cümə

Ordubad rayonunda 2020-2021-ci tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinin müzakirəsi keçirilib. Tədbiri giriş sözü ilə açan Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov qeyd edib ki, Ali Məclis Sədrinin diqqət və qayğısı nəticəsində rayonda müasir təhsil infrastrukturu yaradılıb, bütün təhsil müəssisələri üçün ən yeni tələblərə cavab verən binalar tikilib, maddi-texniki bazası gücləndirilib. Təkcə 2021-ci ilin ötən dövründə Ordubad şəhər 1 nömrəli, Əndəmic və Nüsnüs kənd tam orta məktəblərinin infrastrukturu yenilənib. Hazırda isə Vələver, Dırnıs və Pəzməri məktəblərində quruculuq işləri aparılır.


Elşad Məmmədov qeyd edib ki, muxtar respublikada müəllim əməyinə verilən yüksək qiymətin nəticəsidir ki, 2021-ci ilin ötən dövründə rayonun müəllimlərindən 2-si “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülüb, 1-i isə “Tərəqqi” medalı ilə təltif olunub.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, Ordubad Rayon Təhsil Şöbəsinin tabeliyində 32 tam orta, 2 ümumi orta məktəb, 4 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Hazırda ümumtəhsil məktəblərində 465 sinifdə 5155 şagird təhsil alır ki, onların da təlim-tərbiyəsi ilə 855 müəllim məşğul olur. Təhsilə göstərilən dövlət qayğısı sayəsində rayonun bütün ümumtəhsil müəssisələrində müasir tədris şəraiti yaradılıb. Məktəblərdə 665 kompüter və 85 elektron lövhə quraşdırılıb. Məktəblərin kitabxanaları 100 minə yaxın latın qrafikalı bədii ədəbiyyat və 94 mindən çox dərsliklə təmin olunub, bütün təhsil müəssisələrində idman zalları, açıq idman qurğuları, istilik sistemi quraşdırılıb, 6 məktəbdə STEAM kabinəsi yaradılıb. Hazırda 9 məktəbdə STEAM kabinəsi yaradılır. Müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqələrdə son 3 ildə 125 gənc kadr müəllim kimi fəaliyyətə başlayıb, 16 gənc kadr isə müxtəlif vəzifələrə təyin olunub.
Bildirilib ki, Ordubad Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin 2020-2021-ci tədris ili üzrə 259 məzunundan 240-ı və ya məzunların 92,7 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak edib. Onlardan 168-i ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olub, 21 məzun imtahanlarda 500-700 bal arası nəticə göstərib. Təhsildə qazandıqları nailiyyətlərə görə məzunlardan 1-i “Gümüş” nişana, 3-ü isə fərqlənmə attestatına layiq görülüb.
Sonra rayon təhsil şöbəsinin əhatə etdiyi məktəblərin dördillik fəaliyyəti ayrı-ayrılıqda müzakirə edilib. Bildirilib ki, rayonun 10 məktəbinin məzunlarının hamısı, 5 məktəbinin isə məzunlarının 73 faizdən çoxu ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olub. Təhsil naziri rayonda fəaliyyət göstərən 32 tam orta məktəbdən 15 məktəbin nəticəsinin yaxşı olduğunu bildirib, həmin məktəblərin kollektivlərinə təşəkkür edib.
Sonda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən ötən tədris ilində keçirilən qəbul imtahanlarında ən yüksək nəticə göstərən 15 məktəbə diplomlar təqdim edilib.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR