06 Dekabr 2024, Cümə

Müasir dövrdə iqtisadiyyatın ən aparıcı, eləcə də stimullaşdırıcı sahəsi olan bank sistemi hər bir ölkənin, cəmiyyətin davamlı inkişafının təmin edilməsində və gücləndirilməsində mühüm rol oynayır.


Muxtar respublikada da bu sahənin normal fəaliyyəti diqqətdə saxlanılmış, yeni bank və filiallar yaradılmış, maddi-texniki baza gücləndirilmişdir.
1 oktyabr 2021-ci il tarixə muxtar respublikada 22 bank strukturu mövcud olmuşdur ki, bunun da 19-u bank və bank filialları, 2-si bank olmayan kredit təşkilatı, 1-i isə kredit ittifaqıdır.
Muxtar respublikanın banklarında hesablaşma və kassa xidmətləri, depozitlər, əmanətlər, kreditlər, bankomat, pos-terminal, lizinq əməliyyatları, pul köçürmələri, kommunal xidmətlər, internet və mobil bankçılıq, SMS məlumatlandırma və xarici valyuta mübadiləsi əməliyyatları aparılır.
Azərbaycan Respublikasının ilk regional bankı olan “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti 2008-ci il 11 sentyabr tarixdə fəaliyyətə başlamışdır. Milli və beynəlxalq banklararası ödəniş sistemlərinin üzvü olan bankın bu gün Bakı şəhərində filial, şöbə və mübadilə şöbəsi, Naxçıvan şəhərində filial və mübadilə şöbəsi, Şərur, Ordubad, Culfa, Kəngərli və Şahbuz rayonlarında filialları fəaliyyət göstərir.
Muxtar respublikada əhaliyə göstərilən bank xidmətlərinin səviyyəsinin yüksəldilməsi istiqamətində təkcə 2020-ci ildə və cari ilin 9 ayında “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur, Kəngərli və Şahbuz rayon filiallarının, Kapital Bankın Ordubad filialının inzibati binalarının tikintisi başa çatdırılmış, “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Culfa rayon filialının inzibati binasının tikintisi davam etdirilmişdir.
2021-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 164 milyon 893 min 700 manat kredit verilmişdir ki, bu da 2017-ci ilin müvafiq dövründəki göstəricidən 6,9 dəfə çoxdur.

Yanvar-sentyabr aylarında
iqtisadiyyata kredit qoyuluşu, min manat

2021-ci ilin doqquz ayında verilmiş kreditlərin 18 milyon 336 min 800 manatı və yaxud 11,1 faizi qısamüddətli, 146 milyon 556 min 900 manatı və yaxud 88,9 faizi uzunmüddətli kreditlər olmuşdur. Cari ilin ötən dövründə ümumi kreditlərin 25 milyon 69 min 800 manatı sahibkarlıq subyektlərinə verilmişdir ki, bunun da 8 milyon 580 min manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 16 milyon 489 min 800 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq edilmiş 2013-2015-ci illəri əhatə edən “Naxçıvan Muxtar Respublikasında elektron ödəniş məkanının formalaşdırılması və nağdsız hesablaşmaların həcminin artırılması” üzrə Tədbirlər Planının, “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın uğurlu icrası, “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın icrası məqsədilə həyata keçirilən mühüm tədbirlər maliyyə sabitliyinin və ümumi inkişafın təminatında mühüm rol oynamışdır.
Həyata keçirilən tədbirlərin nəticəsidir ki, internet və POS-terminallar vasitəsilə nağdsız ödənişlərin həcmi 2017-ci ilin yanvar-sentyabr aylarında 23 milyon 115 min 297 manat olduğu halda, 2021-ci ilin müvafiq dövründə bu göstərici 85 milyon 860 min 778 manat təşkil etmişdir. 2021-ci ilin yanvar-sentyabr aylarında internet və POS-terminallar vasitəsilə nağdsız ödənişlərin həcmi bir il öncəyə nisbətən 33,6 faiz artmışdır.
1 oktyabr 2021-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 179571-ə çatmışdır ki, bunun da 168032-si və ya 93,6 faizi aktiv hesablardır. 1 oktyabr 2017-ci il tarixə isə açılmış bank hesablarının sayı 21022, aktiv hesabların sayı isə 20936 vahid təşkil etmişdir.
1 oktyabr 2021-ci il tarixə muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1502-yə çatdırılmışdır ki, bu da 1 oktyabr 2017-ci il tarixə olan göstəricidən 245 vahid çoxdur.
Muxtar respublikada bank sektorunda əldə olunmuş uğurlu nəticə kimi 2021-ci ilin yanvar-sentyabr aylarında dövriyyəyə buraxılan pul kütləsi ilə bankların kassalarına daxil olan pul kütləsi arasında fərq azalmış, məxaricdə emissiyanın xüsusi çəkisi 21,6 faiz təşkil etmişdir. 2017-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 35,7 faiz olmuşdur.
1 oktyabr 2021-ci il tarixə muxtar respublika ərazisində fəaliyyət göstərən bank strukturlarında 13 milyon 221 min 100 manat əhali əmanəti mövcud olmuşdur ki, bu da 1 oktyabr 2017-ci il tarixə olan göstəricidən 88,4 faiz çoxdur.
İqtisadi fəaliyyətin bütün sahələrini maliyyə axını ilə təmin edən bank sistemi makroiqtisadi sabitliyin qorunub saxlanılmasına, iqtisadi aktivliyin təmin olunmasına yeni imkanlar yaradır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR