07 Dekabr 2024, Şənbə

Mən Vətən sevgisini ilk nənəmdən öyrənmişəm...
3 yaşım var idi, Səməd Vurğunun “Azərbaycan” şeirini nənəm cümlə-cümlə deyərək öyrətmişdi mənə. “Vətən” və “Ana” kəlmələrinin müqəddəsliyini, bu sevgilərin heç nə ilə əvəz olunmayacağını ilk dəfə özümü dərk edəndən nənəm aşılayırdı:

El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!

misralarını Vətən eşqiylə dolub-daşan körpə qəlibimə yeridirdi. Mənə mütləq oxu, savadlı qızım ol deyirdi... Bəli, Azərbaycanı da bu gün vətənpərvər, savadlı, ziyalı insanlar qorudu, yenidən var etdi...


Uşaqlığımdan çox şey xatırlaya bilmirəm, amma bəzi nüansları əsla unutmaram. 5 yaşında olduğum zamanlar onda elektriklər iki saat fasilə ilə verilirdi. Çıraq işıqlı bir axşam “Fatihə” surəsini də eyni qaydada nənəm öyrətdi mənə... Çətinlik çəkəndə bu surəni oxu, yadında saxla, həm də peyğəmbərlərimiz, onlara yoldaş olan şəhidlərimiz üçün oxu! Arxasınca isə oxuduğun dualar bu çıraq işığının qaranlıq otağı aydınlatdığı kimi bütün dünyanı aydınladacaq deyərdi. Müharibə dövrü ordumuza kömək üçün oxudum, bu gün isə “Fatihə” surəsini oxuyaraq demək istəyirəm ki, ey qəhrəman şəhidlərimiz, ruhunuz şad olsun, Qarabağımız azaddır, sizin qanınız, canınız bahasına...Siz hər zaman nurlar içində uyuyun, bizim görünməyən qəhrəmanlarımız...
Ailəmdə aşılanan Vətən sevgisi oxuduğum məktəbdə və təhsil aldığım universitetdə daha kamil şəklini alıb.
Təhsil aldığım Dırnıs kənd tam orta məktəbində vətənpərvərlik hissləri ən yüksək səviyyədə şagirdlərə aşılanırdı. Nənəm kimi danışan, bizə yol göstərən onlarla müəllimim oldu. Oxuduğum məktəbin 6 şagirdi Dırnıs Şəhidlər xiyabanında uyuyan, 1918-ci ildə erməni soyqırımları zamanı Azərbaycana köməyə gələn qardaş Türkiyə ordusunun komutanı Həsən Bəşir Əli oğlu ilə bir yerdə uyuyur. Onlardan 4-ü Birinci Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsini fəth edib. Bu kəndin neçə qəhrəman oğlu Qarabağ döyüşlərində iştirak edib qazi olub. Onlardan biri də mənim atam idi...
Qarabağ Azərbaycandır, Vətən sevgisidir, o nəsillərdən-nəsillərə hədiyyə, əmanətdir. Bu müqəddəs sevgini qorumaq bizim ən ali məqsədimizdir. 27 il qəlbinə daş basıb bu sevginin, bu ərməğanın düşmən zəncirlərindən sülh yolu ilə azad olunmasını gözləyən xalqımın igid oğulları 10 noyabrda döyüş meydanında qanları ilə qələbə marşı çaldılar. Qarabağ torpağını, Cıdır düzünü, İsa bulağını, xarıbülbülü sevindirdilər. Qarabağı 44 günə canları, qanları, analarının, övladlarının, doğmalarının göz yaşları bahasına öz gerçək sahibinə qaytarıb, erməni işğalçılığına son qoydular. Minlərlə qəhrəman bu yolda öz şirin canını qurban verdi, bir çoxları isə öz sağlamlığını... Vətən üçün... Can Azərbaycan deyəndə Vətənin yaraları sızlamasın, yarımçıq qalmasın deyə, – öz həyatlarını yarımçıq qoymağa razı oldular, gələcək üçün olan bütün ümidlərini, arzularını yurdumuzun bütöv olması üçün fəda etdilər. Məncə, xalqımın Vətən sevgisi genetikdir. Bizim damarlarımızda qanla bərabər, bu sevgi axır, o qan ki şəhidimiz can verəndə ulu torpağımıza düşüb onu bəsləyir, qoruyur, yaralarına məlhəm olub onu var edir...
Öz qanı ilə torpağını bəsləyən Vətənini bütöv edən əbədiyaşar igidlərimizdən, Dırnıs kəndinin Vətən müharibəsində iştirak edən 50-yə yaxın hərbi qulluqçusundan biri də Dırnıs kənd tam orta məktəbinin məzunlarından kapitan Nəcəfov Vüqar Aydın oğlu idi. Vüqar 1988-ci ildə Ordubad rayonunun Dırnıs kəndində anadan olub. Ailədə 2 bacı bir qardaş olublar. Ailəli idi. 2 övladı ondan Vətənə əmanət qaldı... 2016-cı il Aprel döyüşlərində, eləcə də Lələtəpə uğrunda döyüşlərdə iştirak edib. İkinci Qarabağ müharibəsi başladığı andan döyüş bölgəsində olub, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. 2 oktyabr döyüşləri zamanı kapitan Vüqar Nəcəfov yaralı əsgərlərini düşmənin atəş nöqtələri altından çıxarmaq istəyərkən artilleriya atəşinə tuş gələrək şəhidlik zirvəsinə yüksəlmişdir. Vətən sevgisi ailədən, məktəbdən, universitetdən, var olduğun cəmiyyətdən görüb-götürdüyün dəyərdir. Ailəsində, oxuduğu məktəbdə, hərbi liseydə, akademiyada hər zaman vətənpərvər duyğularla əhatə olunan Vüqarın rəşadətli, vüqarlı həyat yolu Qarabağla başladı, Qarabağla bitdi... Şəhidlər ölmür, onlar hər zaman yaşayacaqlar... Vüqar da daim qəhrəman komandir olaraq yaddaşlarda qalacaq, övladlarının xatirəsində sızlayan acı, qürur dolu hisslərlə var olacaq...
Şəhadətindən sonra cənab Prezident tərəfindən “Vətən uğrunda” medalına, Xocavəndin, Füzulinin, Cəbrayılın azad olunmasına görə medallara layiq görülüb...
Bakalavr təhsilimi aldığım, hazırda magistratura pilləsində təhsilimə davam etdiyim Naxçıvan Dövlət Universitetində də 6 il ərzində Vətən, dövlət, xalq sevgisi duydum mən. Bunun səbəbidir ki, Vətən müharibəmiz başlayan zaman tələbələr cəbhəyə yollanmaq üçün könüllü müraciət edərək, düşməni məhv etməyə hazır olduqlarını deyirdilər. Universitetimizin bir çox tələbələri qazi oldu, 3 tələbəsi isə şəhidlik məqamına ucaldı...
Onlardan Yüksəl Əlizadə 1996-cı il iyunun 5-də sabiq prokurorluq əməkdaşı mərhum İlqar Əliyevin ailəsində dünyaya göz açmışdır. Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə I kurs tələbəsi olan Yüksəl 2017-ci ildən Gəncə Şəhər Prokurorluğunda böyük mütəxəssis vəzifəsində çalışmışdır. 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı könüllü şəkildə Səfərbərlik Xidmətinə müraciət edərək orduya yazılmış, sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə yollanmışdır. Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Yüksəl Əlizadə noyabrın 9-da Xocavənd döyüşləri zamanı 19 güllə yarası alaraq qəhrəmancasına şəhid olmuşdur.
Şəhid tələbələrimizdən Kərimli Orxan Akif oğlu 6 oktyabr 2001-ci ildə Göyçay rayonunda anadan olmuşdur. 2018-ci ildə Göyçay rayon 7 nömrəli tam orta məktəbi bitirmiş və həmin ildə 512 balla Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasının qiyabi şöbəsinə qəbul olmuşdur. 2019-cu il oktyabrın 9-da isə hərbi xidmətə yollanmışdır. Orxan Daşkəsən rayonunun mənfur düşmənlər tərəfindən qəddarcasına atəşə tutulması zamanı şəhid olmuşdur. Universitetdə təhsil aldığı illər ərzində hər zaman nümunəvi davranışı, vətənpərvərliyi və intellekti ilə fərqlənən Orxan Göyçay rayonunun Şəhidlər xiyabanında dəfn edilmişdir.
Naxçıvan Dövlət Universitetinin 3-cü şəhid tələbəsi isə Osmanlı Teymur Saday oğludur. Osmanlı Teymur 1995-ci il mayın 31-də İsmayıllı rayon Cülyan kəndində anadan olub. Orta təhsilini İsmayıllı rayon 1 saylı tam orta məktəbdə aldıqdan sonra, ali təhsilini Azərbaycan Dillər Universitetinin Fransız dili-tərcüməçilik bölməsində davam etdirib. Hərbi səfərbərliyə yollanmazdan əvvəl həm çalışır, həm də Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasında ikinci təhsilini davam etdirirdi. Zəfər müharibəsinə könüllü gedən Teymur oktyabr ayının 3-də Vətən müharibəsinin Suqovuşan cəbhəsində qəhrəmancasına şəhid olmuşdur...
Vətən müharibəsindəki qisas hissini alovlandıran, səngərlərdə əsgəri üçün əsl vətənpərvərlik örnəyi olan Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun “Mən səngər generalı yetişdirmişəm”, – deyən anası Səmayə nənə ilə görüşümüzdə, Fəxri xiyabanda generalımızın ziyarətindəki hislərimi izah etməyə cümlələr kifayət etməz. Onun haqqında nə desək, nə yazsaq mübarizliyini, qəhrəmanlığını ifadə etməyə yetməyəcək... Əlimizdən gələn yalnız onların əziz xatirəsini uca tutmaqdır, bir ömür ona və onun əsgərlərinə minnətdarıq, borcluyuq.....
Xalqımızın mübarizliyi, Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuzun rəşadəti Vətənimizi hər zaman var edəcək... Qarabağ üçün minlərlə şəhidimiz, qazimiz oldu, çox ağladıq, amma yaralarımız sızladıqca daha da gücləndik, dəmir yumruq olub, düşmənin başını əzib onu kapitulyasiya aktı imzalamağa məcbur etdik. Bundan sonra da hər zaman düşməni məhv etməyə hazır olub, bu zəfəri bizə bəxş edən şəhidlərimizin əziz xatirəsini uca tutacağıq!
Vətən sevgisinin, şəhidləri xatırlamağın, onlardan danışmağın saatı, günü, yeri olmur...Onlar bizim hər zaman qəlbimizdədir. Şəhidlərimizin uca ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa, cansağlığı diləyirik. Zəfəriniz ən dəyərli əmanətimizdir!

Təbrizə Bağırova
Beynəlxalq münasibətlər və diplomatiya
ixtisası üzrə II kurs magistr, Universitet Tələbə Elmi Cəmiyyətinin sədri

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR