Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunmasında yaşayış məntəqələrinin və istehsalat sahələrinin təbii qazla təminatını həyata keçirmək üçün Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətində təsdiq olunmuş iş planına əsasən ardıcıl tədbirlər görülür.
Ötən ay muxtar respublikanın şəhər və rayonlarından daxil olan müraciətlərə əsasən 90 mənzil (ev) və müxtəlif təyinatlı obyektlər qazlaşdırılmışdır ki, bunun 85-i əhali, 5-i qeyri-əhali abonentidir.
Hesabat dövründə Qaz İstismar Xidmətinə tabe şəhər, rayon qaz istismarı idarələrinin qəza-dispetçer sahələrinə 104 nömrəli 24 saat aktiv olan qaynar xəttinə təbii qaz istehlakçılarından qazsızması, qaztənzimləyicilərin nizamlanması, elektron sayğacların kilidə düşməsi və qəza-bərpa işlərinə görə, ümumilikdə, 1166 çağırış daxil olmuşdur. Çağırışlara vaxtında baxılmış, təbii qazın nəqli bərpa edilmişdir.
Ötən ay muxtar respublika qaz şəbəkəsində 619 qazsızması aşkarlanmış, texniki istismar və texniki təhlükəsizlik qaydalarının tələblərinə müvafiq olaraq sızmalar aradan qaldırılmışdır. Ay ərzində yeni qaz boru xətlərinin quraşdırılması, yenidənqurma, abadlıq işlərin görülməsi zamanı qaz boru xətlərinin yerinin dəyişdirilməsi, yaşayış binalarında təmir tikinti, korroziyaya uğramış yeraltı yol, qapı keçidlərinin yerüstü keçidlərlə əvəz edilməsi işlərinin görülməsi ilə əlaqədar müxtəlif diametrli polietilen və dəmir borulardan istifadə olunmuşdur.
Naxçıvan Regional Peşə Tədris Mərkəzində təşkil edilən Qaz avadanlıqlarının istismarı və təmiri üzrə qazpaylayıcı stansiyalarının operatoru peşəsinin ixtisasartırma kursunu bitirən 10 müdavimə sertifikat verilmişdir.
Muxtar respublikada yerli qaz istismarı idarələrinin işçiləri tərəfindən qaz cihazlarından təhlükəsiz istifadə qaydaları haqqında abonentlər arasında maarifləndirmə və izahat işi aparılmışdır.
Naxçıvan Muxtar Respublikası
Qaz İstismar Xidməti