30 Dekabr 2024, Bazar ertəsi

Yüksək dəqiqliklə işlənib hazırlanan, məntiqi ardıcıllıqla biri digərini tamamlayan Dövlət proqramları əhalinin yüksək iqtisadi fəallığını stimullaşdırır, bölgələrdə yaşayış səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına, şəhər və rayonların hərtərəfli tərəqqisinə yol açır. Muxtar respublikanın davamlı, sürətli inkişafı təkcə iqtisadi deyil, həm də dərin sosial məzmunlu mənəvi məsələdir. Başqa sözlə, burada insan amili öz həlledici təsirini göstərir, insanların sosial-iqtisadi fəallığı və təşəbbüskarlığı mühüm rol oynayır. İşgüzar sahibkarlıq təşəbbüslərinin yüksək səviyyədə dəstəklənməsi, ən yeni texnologiyalara söykənən aqrar-sənaye komplekslərinin yaradılması, yüngül sənayenin, qida sənayesinin inkişaf etdirilməsi, əhalinin yüksək məşğulluğunun təmin edilməsi təkcə mərkəzdə deyil, bölgələrimizdə də öz bəhrələrini verir. 

 

Muxtar respublikada bölgələrin iqtisadi inkişafını şərtləndirən mühüm meyarlardan biri də ailə təsərrüfatlarının inkişaf etdirilməsidir. Muxtar respublikada insanların ailə biznesi kimi sahibkarlıq təşəbbüsləri hər zaman yüksək olub və onlar müqayisəli üstünlüklərə malikdirlər. Bu gün muxtar respublikada kiçik və orta sahibkarlığın, ailə biznesinin və təsərrüfatlarının inkişafını təşviq etmək, eləcə də regional inkişafa töhfə vermək məqsədilə bir sıra mühüm layihələr icra olunur.

Ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq, əhalinin məşğulluğunun artırılması sahəsində əlavə imkanlar yaratmaq məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən ailə təsərrüfatlarına dövlət maliyyə dəstəyi göstərilir.Verilmiş güzəştli kreditlərdən səmərəli şəkildə istifadə etməklə ailələr öz kiçik ailə təsərrüflarını gözlənilən səviyyədə, uğurla qurmaları və bu təsərrüfatları daim inkişaf etdirməyə, genişləndirməyə çalışmaları bu sahədə müsbət təcrübənin formalaşdığını deməyə əsas yaradıb. Cari ilin ötən dövrü ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən heyvandarlıq, arıçılıq, bağçılıq, limonçuluq təsərrüfatlarının, unlu-qənnadı məmulatların, süd məhsullarının istehsalı, meyvə-tərəvəzin konservləşdirilməsi, yabanı bitkilərin konservləşdirilməsi, meyvələrin qurudulması, kompost istehsalı sahəsinin yaradılması məqsədilə 72 ailə təsərrüfatına 1 milyon 76 min 700 manat dövlət maliyyə dəstəyi göstərilib, ailə təsərrüfatları 4500 ədəd 27 çeşiddə tara ilə təmin edilib.

Ailə təsərrüfatı sahiblərinə öz təsərrüfatlarını müxtəlif sahələrdə inkişaf etdirmələri məqsədilə noyabrın 17-də Şahbuz rayonunun Ağbulaq kəndində biznes layihələri təqdim olunub. Rayonun Ağbulaq, Gömür, Aşağı Qışlaq və Kolanı kəndlərinin ailə təsərrüfatı sahiblərinin iştirakı ilə keçirilən tədbirdə ailə təsərrüfatçılarına meyvə və tərəvəzlərin qurudulması, meyvə lavaşası, meyvə araqları, süd və arıçılıq məhsullarının, qızılgül mürəbbəsi və digər istehsal sahələrinin, həmçinin müxtəlif meyvə bağlarının salınması üçün 12 layihə təqdim olunub, layihələrin həyata keçirilməsi üçün görüləcək işlər, avadanlıqların alınıb gətirilməsi, məhsul istehsalı və satışının təşkili ilə bağlı məsələlər müzakirə olunub. Şahbuz rayonunun turizm bölgəsi olması və bir sıra kənd təsərrüfatı məhsullarının istehsalı baxımından daha da əlverişliliyi ailə təsərrüfatlarının inkişafına öz təsirini göstərir. Ona görə də təsərrüfat sahibləri dövlət dəstəyindən yararlanaraq bu sahədə fəaliyyətlərini daha da genişləndirməyə maraq göstərməli, istehsalın artırılması və çeşid müxtəlifliyinin daha çox olmasına önəm verməlidirlər.
Hazırladıqları məhsulları özlərinə məxsus brend adı altında satışa çıxarmaları ailə təsərrüfatlarının işlərini inkişaf etdirməyə, bazara yeni məhsullar təqdim etməyə daha da həvəsləndirir. Ailə təsərrüfatlarında istehsal olunan məhsulların tanıdılması, təşviqi və sərgisi məqsədilə “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərgi salonunda 55 ailə təsərrüfatının 19 növdə 87 çeşiddə məhsulunun nümayişi təmin olunub. Şəhər və rayonlarımızda fəaliyyət göstərən ticarət obyektlərində ailə təsərrüfatı məhsulları guşələrinin yaradılması muxtar respublikada belə məhsulların çeşid və rəqabət qabiliyyətinin stimullaşdırılmasında, istehlakçıların ekoloji təmiz ərzaq məhsulları ilə təmin edilməsində mühüm rol oynayıb.
Ailə təsərrüfatlarının sayının artması istehsal olunan məhsulların satışını zərurətə çevirmiş, bu məqsədlə Naxçıvan şəhərindəki mərkəzi bazarda hər həftənin şənbə və bazar günləri ailə təsərrüfatlarının istehsal etdikləri məhsulların sаtış yаrmаrkаsı təşkil olunmaqdadır.
Noyabrın 20-si və 21-i Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Ailə təsərrüfatı məhsulları” satış yarmarkasına 453 ailə təsərrüfatı tərəfindən 540 çeşiddə 41 mindən çox qablaşdırılmış məhsul çıxarılması da bu sahə ilə məşğul olan ailə təsərrüfatçılarının fəaliyyətinin genişləndirilməsinə, məhsullarının rəqabət qabiliyyətinin artırılmasına şərait yaradıb.
İstehsalın mühüm şərtlərindən biri keyfiyyət amilidir. Bu istiqamətdə ötən dövr ərzində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində faəliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ailə təsərrüfatlarının istehsal etdikləri məhsulların keyfiyyətinə mütəmadi olaraq nəzarət edilir. Bu məqsədlə cari ilin ötən dövrü ərzində ailə təsərrüfatlarında hazırlanan 268 halda məhsullardan orta nümunələr götürülərək Mərkəzi Qida Sınaq Laboratoriyasında analizləri aparılıb, nümunələrin keyfiyyət və təhlükəsizlik göstəricilərinin qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi müəyyən edilib.
Bütün bunlar onu deməyə əsas verir ki, muxtar respublika iqtisadiyyatının bütün sahələrində dövlət dəstəyi ilə ailə təsərrüfatlarının formalaşmasına geniş şərait yaradılır, onların öz potensiallarından səmərəli istifadə etmələri üçün əlverişli mühit formalaşdırılır.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR