26 Dekabr 2024, Cümə axşamı

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu və “Nəqşicahan” Holdinq Şirkətlər Qrupunun dəstəyi, “YUGEN” Yaradıcılıq Agentliyinin təşkilatçılığı ilə 17-21 noyabr tarixlərində yerli blogerlər muxtar respublikamıza səfər edib. Qonaqların tur proqramı çərçivəsində noyabrın 20-də “Ailə təsərrüfatı məhsulları” satış yarmarkasında iştirak etdiyinin şahidi olduq.


60 ailə təsərrüfatçısı tərəfindən 15 növdə 5877 qablaşdırılmış məhsulun çıxarıldığı Babək rayonuna məxsus pavilyonun qarşısında onlardan biri – bloger, peşəkar fotoqraf Fərqanə Quluzadə ilə söhbət zamanı dedi ki, Azərbaycanın bir çox rayonlarında olsam da, Naxçıvana ilk dəfədir, səfər edirəm. Bu vaxta qədər Naxçıvan haqqında çox oxumuşam, çox eşitmişəm, amma onu yaxından görmək bu günə nəsib imiş. Başdan-başa təbiət muzeyi olan bu torpağın insanları da gülərüz və mehribandır. Burada olduğumuz 5 gün müddətində bir-birindən maraqlı və yaddaqalan anların şahidi olduq. Ekskursiyalarımız çərçivəsində rəngarəng fotoşəkillər çəkərək öz şəxsi media hesablarımızda izləyicilərimizlə bölüşdük. Həqiqətən, Naxçıvan çoxlarının sevgi və rəğbətini qazanıb. Çox sevindirici haldır ki, bu diyar uzun illər blokada şəraitində yaşamasına baxmayaraq, inkişaf edərək çiçəklənən dövrünü yaşayır. Bu gün də səfərimiz çərçivəsində yolumuzu Naxçıvanqalada təşkil olunan “Ailə təsərrüfatları məhsullarının satış- yarmarkası”ndan saldıq. Sizləri inandırım ki, buranın nemətləri tamamilə başqa dad-tamdadır. Qiymətlər də hər kəsin büdcəsinə uyğun olacaq şəkildə, sərfəlidir. Naxçıvanda şahid olduğum, gördüyüm hər bir şey xatirəmdə həmişəlik qalacaqdır. İnanıram ki, bundan sonra da Naxçıvana sevə-sevə, böyük həvəslə səfər etmək şansını ötürməyəcəyəm.
Bloger Elçin Əmirovla Şərur rayonuna məxsus pavilyonun qarşısında alış-veriş məqamında həmsöhbət olduq. “Çoxəsrlik tarixə malik olan Naxçıvan yaradıcı insanların, o cümlədən turistlərin marağında olan ideal məkandır”, – deyən müsahibimiz bildirdi ki, Naxçıvan, həqiqətən, zəngin coğrafi mühiti, füsunkar təbiəti ilə buraya üz tutan hər kəsi özünə heyran qoyur. İlk dəfədir, səfər etməyimə baxmayaraq, heç bir yadlıq və özgəlik hiss etmirəm. Ekskursiya çərçivəsində Naxçıvanın bir çox görməli yerlərinə getdik. Qədim diyarın çoxəsrlik tarixini özündə yaşadan Möminə xatın türbəsi, Xan sarayı, Əlincəqala, zəngin təbiətin ən gözəl nümunəsi olan Batabat yaylağı, Ağbulaq İstirahət Mərkəzi insanı özünə valeh edir. Hazırda iştirak etdiyimiz yarmarkanın təşkil olunduğu bu ünvanın – Naxçıvanqalanın da çox qədim tarixə malik olması haqqında xeyli məlumat əldə etdim. Görünən odur ki, Naxçıvanda aparılan yenidənqurma və abadlıq işləri, sözün əsl mənasında, şəhərlə yanaşı, onun tarixi abidələrinin də simasını dəyişib. Ümidvaram ki, növbəti səfərimdə bu diyara yaz mövsümündə gələ biləcəyəm.
Kəngərli rayonunun pavilyonu önündə qarşılaşdığımız bloger, fotoqraf Çinarə Ələkbərova dedi: Hər zaman arzu etmişəm ki, Naxçıvanı və naxçıvanlıları yaxından tanımaq fürsətim olsun. Çox şadam ki, hazırda iştirakçısı olduğum tur bu gözəl imkanı mənə verdi. Bu qədim məskənin zəngin tarixini özündə ehtiva edən bir-birindən maraqlı eksponatlar və abidələr özləri şahid olduqları tarixdən söhbət açır bizlərə. Hətta olduğum yerlərdən fotoları sosial şəbəkədə paylaşdıqda insanlar böyük bir maraqla qarşılayır Naxçıvanın hazırkı mənzərəsini. Bu naxçıvanlılarla yanaşı, bizlərin də sevincinə səbəb olur. Çox şadıq, sevincliyik ki, Naxçıvan qısa zaman kəsiyində bu qədər inkişaf yolu keçərək qədimlik və müasirliyin çiyin-çiyinə addımladığı bir ünvana çevrilib. Bu gün isə “Ailə təsərrüfatı məhsullarının satış yarmarkası”nda iştirak etməyimiz, düşünürəm ki, mənim kimi bir çox yoldaşlarımın da marağına səbəb oldu. Naxçıvanda olduğumuz bir-neçə gündə qonaqpərvərlik və səmimiyyət gördük. Buradan geri qayıtdıqdan sonra da çalışdığım qədər ana yurdum Azərbaycanın Naxçıvan guşəsini təbliğ edəcəyəm ki, bu yerlərin füsunkarlığından, gözoxşayan gözəlliklərindən hər kəs doya-doya faydalansın.

Məcid RƏŞADƏTOĞLU

 

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR