30 Dekabr 2024, Bazar ertəsi

Yeni nəşrlər

Məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamı ilə qəzetin 100 illik yubileyi muxtar respublikamızda geniş şəkildə qeyd olunur. Yubiley tədbirləri ilə yanaşı, qəzetin ötən dövrdə fəaliyyəti ilə bağlı aparılmış araşdırmalar da böyük əhəmiyyəti ilə seçilir. Bu işdə qəzetin indiki yaradıcı kollektivinin əməyi danılmazdır. Təsadüfi deyil ki, yubiley ilində qəzet əməkdaşlarının bu istiqamətdə fəaliyyətinin nəticəsi olaraq yeni kitabları işıq üzü görür. Belə nəşrlərdən biri də qəzetin əməkdaşı, iqtisad üzrə fəlsəfə doktoru Əli Cabbarovun “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yeni nəşr olunmuş “Turizm “Şərq qapısı” qəzetinin səhifələrində. 1940-2021-ci illər” adlı kitabıdır. Onu da qeyd edək ki, kitab Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə dərs vəsaiti kimi çapa tövsiyə olunmuşdur. 

 

Yubiley ilinə töhfə olaraq hazırlanmış bu kitabda qəzetin 1940-cı illərdən başlayaraq bu gün üçün əhəmiyyət daşıyan turizm, tarix, mədəniyyət mövzusunda yazıları haqqında qısa məlumatlar verilir. Kitab Naxçıvan Muxtar Respublikasının təbii, tarixi-mədəni turizm ehtiyatları barədə qəzetdə dərc olunmuş yazılarla maraqlananlar üçün faydalıdır. Kitabdan bu sahə üzrə tədqiqatçılar, Turizm və jurnalistika ixtisası üzrə təhsil alan tələbələr və digər oxucular istifadə edə bilərlər.
Yeni nəşrdə qeyd olunur ki, turizmin inkişafı geniş miqyasda onun təbliğindən çox asılıdır. Turizm ehtiyatlarının tanıdılması, insanları turizm səfərlərinə sövq edən səfər təəssüratlarının paylaşılması, bu mənada, sektorun inkişafına mühüm təsir edir. Bu barədə yazılan məqalələr, hazırlanan televiziya proqramları və internet resursları turizm səyahətlərinə yollanan insanların təsəvvürlərini dərinləşdirir və edilən səyahətlər üçün motiv rolunu oynayır. Buna görə də hələ televiziya və internet kimi müasir təbliğat vasitələrinin olmadığı bir dövrdə Azərbaycanın rekreasiya-tanıtım potensialı yüksək olan Naxçıvan Muxtar Respublikasında turizmin təbliğatında “Şərq qapısı” qəzetinin rolu böyük olmuşdur. Turizm XX əsrin fenomeni olmaqla, xüsusən 1950-ci illərdən sonra bütün dünyada geniş vüsət alıb. İkinci Dünya müharibəsinin sona çatması və yeni texnologiyaların insan həyatına daxil olması ilə asudə vaxt və turizm məsələləri də artıq gündəmdə olmağa başlayıb. Ozamankı dünyada iki ən güclü dövlətdən biri olmuş Sovet İttifaqının bir parçası kimi Azərbaycan Respublikası və onun ayrılmaz tərkib hissəsi olmuş Naxçıvan MSSR-də yaşayan insanlar kommunist təbliğatı və gərgin sosializm yarışı mühitində azad səyahət və rekreasiya-turizm xidmətlərindən xeyli dərəcədə kənarda qalmışdı. Bununla bərabər, ölkənin ucqar bir bölgəsi kimi Naxçıvana insanların kənar yerlərə səyahət imkanları da zəif olub.
Müəllif qeyd edir ki, bu gün Naxçıvana səfər edən turistlərin əsas motivləri arasında qədim diyarın tarixi abidələri, təbii sərvətləri və qonaqpərvərlik elementləri ilə tanışlıq mühüm yer tutur. Qəzetin arxivinə nəzər saldıqda hələ 1940-cı illərdən başlayaraq Naxçıvanın mineral suları, yaşı min ilə çatan qədim abidələri haqqında olan məqalələri bugünkü turizm ehtiyatları haqqında dərc olunan çoxsaylı yazıların girişi kimi də qiymətləndirmək mümkündür. Şübhəsiz ki, bütün bunlar o zaman çox ciddi şəkildə aparılan kommunizm ideologiyası təbliğatı fonunda çox cəsarətli addımlar idi və həmin dövrdə mərkəzin icazəsi olmadan ayrı-ayrı bölgələrin, xüsusən də Naxçıvan kimi iki kapitalist dövləti ilə həmsərhəd olan bir diyarın turizm cazibəsindən danışmaq böyük qətiyyət və vətənpərvərlik duyğusu tələb edirdi. Məhz buna görə də 100 illik yubileyi qeyd olunan “Şərq qapısı” qəzetinin Naxçıvan Muxtar Respublikasında turizmin təbliğində çox mühüm xidmətləri olduğunu deyə bilərik. Belə ki, hələ keçmiş sovetlər dönəmində turizmin tamamilə dövlət inhisarında olduğu vaxt sərhədyanı bölgə olan Naxçıvana əcnəbi turistlərin səfərləri məhdudlaşdırılmış və qədim diyarın turizm ehtiyatları da istifadəsiz qalmışdı. Bununla belə insanların yaşadığı diyarın sahib olduğu təbii gözəlliklərini, tarixi-mədəni zənginliklərini tanıtmaq, bununla fəxr etmək kimi vətənpərvər hissləri həmişə, hər fürsətdə özünü göstərirdi. Belə unikal imkanları isə hələ 70-80 il əvvəl öncül mətbuat orqanlarından biri olan “Şərq qapısı” qəzeti yaradırdı.
Kitabda bildirilir ki, XX əsrin 50-ci illərindən başlayaraq dünyada geniş vüsət alan turizmin inkişafı bu sahənin geniş təbliğatı ilə mümkün olmuşdur. Naxçıvan Muxtar Respublikasının bir nömrəli mətbu orqanı olan “Şərq qapısı” qəzetinin tarixində turizm, tanıtım və səyahət mövzularında olan yazıları illər üzrə ümumiləşdirsək, onları ötən əsrin 40-90-cı illərini əhatə edən birinci dövr, 1991-1995-ci illəri əhatə edən ikinci dövr, 1996-2010-cu illəri əhatə edən üçüncü dövr və ondan sonrakı mərhələni özündə əks etdirən dördüncü dövr kimi dəyərləndirmək mümkündür. Təbii sərvətlərimizin turizm cazibəsi haqqında “Şərq qapısı” qəzetinin səhifələrində bir-birindən maraqlı yazıları ötən əsrin 40-50-ci illərinin nömrələrindən başlayaraq tapmaq mümkündür. O zamanlar insanların, xüsusən məktəblilərin pioner düşərgələrində istirahət etdiyi dağ-iqlim kurortları, müalicəvi sular, daha sonra yeraltı şaxtalarda fizioterapiya mərkəzi kimi hər il minlərlə turisti özünə çəkəcək Naxçıvan Duzdağı, axar çaylar, dərman otları ilə zəngin çəmənliklər kimi təbii sərvətləri haqqında olan yazılar qəzetdə tez-tez yer alırdı. Qəzetin səhifələrində ötən onilliklər ərzində Naxçıvanın tarixi abidələri və muzeylərinin də turizm cazibəsini təhlil edən yazılara da rast gəlmək mümkündür. Baxmayaraq ki, qəzet 1950-ci illərdə kütləvi kitabxanaların, klub idarələri və muzeylərin, mətbuat, nəşriyyat, kinoteatr, kütləvi-siyasi tərbiyə vasitələrinin fəaliyyətinin yüksəldilməsində mühüm rol oynamışdı, lakin əsas məqsəd, insanların sovet ideologiyasına uyğun tərbiyəsinə nail olmaq idi. Bununla yanaşı, o dövrdə “Şərq qapısı” qəzetinin səhifələrində Naxçıvanın təbii sərvətləri, tarixi abidələri, turizm potensialı mövzularında müxtəlif müəlliflərin qələmə aldığı yazılara da rast gəlmək mümkündür. Qəzetin nəşr olunduğu sonrakı illərdə də bu ənənə davam etdirilmiş və demək olar ki, hər bir nömrədə qədim diyarın tarixi zənginlikləri, təbii gözəllikləri haqqında yazı və fotoreportajlar verilmişdir.
Əli Cabbarov həmin dövrlər qəzetin səhifələrində gedən yazıları təhlil edərək bildirir ki, indiki kimi birbaşa olaraq insanları turizmə çağıran, asudə vaxtını səyahətlərdə keçirməyi təbliğ edən yazılar olmasa da, biz burada Naxçıvanın turizm imkanlarının təbliği və ümumiyyətlə, “turizm” və “turist” ifadələrinin cəmiyyətə “tanıdılmasını” görürük. O dövrlər qəzetdə Şahbuzun təbiət gözəli Batabat yaylağının ferma məqsədli deyil, gözəl turizm, istirahət guşəsi olduğu dilə gətirilir, dünya səyyahlarının səfərləri haqqında yazılar verilir, Naxçıvanın Əcəmi Seyrəngahı kimi indi də turistlərin çox axın etdiyi məkanlar, qalalar, türbə və muzeylər tanıdılırdı. Müəllif Naxçıvanın cazibədar turizm ehtiyatlarının təbliğinin, hətta Azərbaycan xalqının ən ağır günlərinin yaşandığı 1988-1994-cü illərdə də unudulmadığını diqqətə çatdırır. Qeyd edir ki, bu dövrdən başlayaraq milli özünəqayıdışla qəzet insanların vətənpərvərlik duyğularının atəşi altında alovlu yazıları davam etdirmişdi. O zamanlar Novruz bayramı şənliklərinə icazə verilməsi, müqəddəs Əshabi-Kəhf ziyarətgahına edilən səfərlərin azad olması, daha sonra sərhədyanı ticarətin liberallaşması və dünya azərbaycanlılarının həmrəylik arzularından doğan qovuşmaq istəyi qəzetdə dərc olunan yazıların da motivlərini təşkil edirdi.
Ötən əsrin 90-cı illərində muxtar respublikada bütün sahələrdə durğunluq yarandığını bildirən müəllif yazır: “…Ulu öndər Heydər Əliyevin Naxçıvanda yenidən siyasi fəaliyyətə başlaması “Şərq qapısı” qəzetinin də həyata qayıtması və ağır günlər keçirən muxtar respublikada bütün sahələrdə yeni canlanmanın əsasını qoydu. Ümummilli lider Heydər Əliyevin gərgin fəalyyəti nəticəsində sovetlərin dağılmasından və erməni təcavüzünün nəticəsində təklənmiş Naxçıvan əcnəbi jurnalistlərin, iş adamlarının və diplomatların səfər etdiyi region kimi diqqəti çəkirdi. 16 dekabr 1995-ci ildə cənab Vasif Talıbovun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi muxtar respublikanın müasir inkişafında dönüş nöqtəsi oldu. Bundan sonrakı dövrdə bütün sahələrdə, o cümlədən turizmin inkişafında da yeni mərhələ başladı. Bu dövrdən sonra Naxçıvanda həyata keçirilən elmi tədbirlər, simpozium və konfranslar, rəsmi səfərlər turizmin inkişafına mühüm təsir edən amillər olmuşdur. Qədim diyardakı abidələrin tədqiqi və bərpası, muzeylərimizin fəaliyyətinin işıqlandırılması, yeni muzeylərin yaradılması, yaşıllıqların artırılması, biomüxtəlifliyin qorunması ilə yanaşı, həyata keçirilən infrastruktur layihələri öz nəticəsini turizmin də inkişafında göstərmişdir. Naxçıvanda yeni otellərin inşası, mövcud otellərin 5 ulduzlu keyfiyyət standartları səviyyəsində yenidən qurulması, turizmin idarəolunması üzrə aidiyyəti təşkilatların müasir maddi-texniki şəraitlə təmin olunması kimi turizmin inkişafına müsbət təsir edən amillər qəzetin müxtəlif nömrələrinin ilk səhifələrində oxuculara təqdim olunmuşdur…”
Kitabda oxuyuruq ki, 2011-ci ilin ölkəmizdə “Turizm ili” elan olunması “Şərq qapısı” qəzetində də bu istiqamətdə fəaliyyətin yeni dövrün tələblərinə uyğun qurulmasına imkan vermiş, qəzetdə turizm mövzusunda geniş təhlil və təbliğ məzmunlu yazılar dərc etdirilmişdir. Bu dövrdən başlayaraq qəzetin yeni “Naxçıvan Muxtar Respublikasının turizm marşrutları” rubrikasında silsilə məqalələr, muzey ziyarətləri, əcnəbi turistlərin Naxçıvana səyahət təəssüratları, Naxçıvan haqqında xaricdə nəşr olunmuş yazılardan bəhs edən xəbərlər qəzetin səhifələrini oxunaqlı etmişdir. 2012-ci ildə qəzetin internetdə yayımlanması, ayrıca olaraq ingiliscə turizm məzmunlu məqalələrin virtual məkanda yüz minlərlə oxucuya çatdırılaraq Naxçıvana səyahətə gəlmək istəyənlər üçün əsl informasiya komfortu yaratmışdır. Həmçinin kitabda 18 mart 2016-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi” mövzusunda müşavirənin keçirilməsi, aidiyyəti təşkilatlar qarşısında ciddi vəzifələrin qoyulması öz əksini tapmışdır. Qeyd olunur ki, son illərdə muxtar respublikada turizm infrastrukturunun yaradılması sahəsində görülən işlər regiona turist axınını da gücləndirmişdir. Nəticədə, bu gün Naxçıvana gələn hər bir qonaq, hər bir peşəkar səyyah üçün Gəmiqaya zirvəsi, qədim Ordubadın cazibəsi, Əshabi-Kəhf müqəddəsliyi, Haçadağın əyilməz vüqarı, Gurbulağın, Batabatın, Ağbulağın ecazkar təbii gözəllikləri, Əlincənin əsrlərə meydan oxuyan alınmazlığı, Duzdağın şəfa möcüzəsi, Əcəmi sənətinin qüdrəti, Naxçıvanqalanın sirli tarixi unudulmaz təəssüratlarla yadda qalır. Bir sözlə, müasir Naxçıvanın 100 yaşlı “Şərq qapısı” qəzetinin səhifələrində arxivləşərək özünə yer tutan turizmlə bağlı yazılar haqqında maraqlı və təhlili məlumatları indi artıq “Turizm “Şərq qapısı” qəzetinin səhifələrində. 1940-2021-ci illər” adlı kitabdan da oxuya bilərik.

Səbuhi HƏSƏNOV

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR