06 Dekabr 2024, Cümə

“Yarımçıq qalmış arzular”dan... “Zəfər Günü”nə!

Adlarını şanlı tariximizə qızıl hərflərlə yazmış Cümhuriyyət qurucularının yarımçıq qalmış arzularını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 70 il sonra – 1990-cı ilin noyabrında, məhz elə Naxçıvan torpağından başlayaraq reallığa çevirəcəkdi...

 

Naxçıvanın tarixinə, mədəniyyətinə böyük diqqət və qayğı ilə yanaşan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov müstəqil dövlətçilik tariximizdə xüsusi əhəmiyyət kəsb edən Araz-Türk Cümhuriyyətinin tarixi qiymətini verərək onun elmi tədqiq olunması məqsədilə 2019-cu ildə Sərəncam imzalamışdır. Sərəncamdan irəli gələn məsələlərin həlli məqsədilə bu günlərdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi, AMEA Naxçıvan Bölməsi və Cəmşid Naxçıvanski Muzeyinin birgə təşkilatçılığı ilə Cəmşid Naxçıvanski Muzeyində 2019-cu ildə istifadəyə verilmiş Araz-Türk Respublikasının fəaliyyətini əks etdirən VI ekspozisiya zalı restavrasiya olunaraq yenidən qurulmuşdur. Gəlin şanlı tariximizə birlikdə ekskursiya edək – muzeyin ekskursiya mətni Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondu və AMEA Naxçıvan Bölməsinin tədqiqat materiallarına əsaslanaraq hazırlanmışdır:

Araz-Türk Respublikası Naxçıvanın dövlətçilik tarixində yeni bir dövlət qurumu olaraq böyük zərurətdən – Naxçıvana əsassız iddialar edən erməni daşnaklarının hücumlarının qarşısını almaq və ana Vətəndən müvəqqəti olaraq ayrı düşmüş Naxçıvanın Azərbaycan Xalq Cümhuriyyətinə qatılmasına nail olmaq məqsədilə yaradılmışdır. Respublikanın yaradılmasının təşəbbüskarı Şərur-Dərələyəz camaatı və Naxçıvan ziyalıları olmuşdur. Araz-Türk Respublikası 1918-ci il noyabrın 18-də müstəqilliyini elan etmiş, hökumətin qərargahı Naxçıvan şəhərində Cəfərqulu xanın iqamətgahında – yəni indiki Cəmşid Naxçıvanski Muzeyinin inzibati binasında yerləşdirilmişdir. Binanın 2019-cu ildə əsaslı təmir və bərpadan sonra rəsmi açılışını edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov onun tarixi əhəmiyyətini diqqətə çatdıraraq söyləmişdir: “Bu gün açılışına toplaşdığımız bu tarixi bina 3 əsrin tarixi yaddaşını qorumaqla, xalqın azadlıq və müstəqillik epopeyasına 1918-ci ildən 1920-ci ilədək fəaliyyət göstərmiş Araz-Türk Respublikası hökumətinin fəaliyyətini də yazmışdır. Bu muzeydə Cəmşid Naxçıvanski ilə bərabər xalqımızın 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərindəki milli azadlıq və istiqlaliyyət uğrundakı mübarizəsində qəhrəmanlıq göstərən tarixi şəxsiyyətlərinin fəaliyyəti də əks olunur”.

Ekspozisiyanın birinci guşəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun imzaladığı “Araz-Türk Cümhuriyyətinin fəaliyyətinin tədqiq edilməsi haqqında” 2019-cu il 24 sentyabr tarixli Sərəncamı və cənab Vasif Talıbovun cümhuriyyət haqqında söylədiyi dəyərli fikirləri sərgilənməkdədir. Həmçinin vitrində Araz-Türk Cümhuriyyətinin Quruluş Bəyannaməsi, Araz-Türk Cümhuriyyətinin parlament üzvlərinin Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə ünvanladıqları müraciət, Araz-Türk Cümhuriyyətinin hökumət üzvlərinin siyahısı və Naxçıvan əhalisinin öz torpaqlarını (Naxçıvanı) yeni qurulan Azərbaycan Xalq Cümhuriyyətinə birləşdiyini elan etmələrini təsdiqləyən bir teleqramın mətni nümayiş olunur.
Növbəti guşədə Araz-Türk Respublikasının Dövlət Bayrağı, xəritəsi – respublikanın ərazisi 8696 kvadratkilometr, əhalisi isə bir milyondan artıq olmuşdur və cümhuriyyət haqqında yazılmış məlumatla tanış olmaq mümkündür.
Guşənin önündəki vitrində Naxçıvan nümayəndəsi Nağı Cabbarzadə tərəfindən Osmanlı Qüvvələrinə ünvanlanan teleqram, Əlimərdan bəy Topçubaşovun “Paris məktubları” silsiləsindən Naxçıvanla bağlı 6-10 noyabr 1919-cu il tarixli VI məktubu və Araz-Türk Cümhuriyyətinin qurulması ərəfəsində cümhuriyyət qurucularının IX Ordu komandanlığına ünvanladıqları bir teleqramın mətni nümayiş edilir.
Növbəti vitrində Araz-Türk hökumətinin fəaliyyəti ilə əlaqədar hökumət başçısı Əmir bəy Nərimanbəyovun adı və imzası olan arxiv sənədləri tamaşaçılara təqdim olunur.
Restavrasiya zamanı xüsusi həssaslıqla yığılan stenddə Araz-Türk Cümhuriyyətinin hökumət və parlament üzvləri, hökumətin fəaliyyətində bu və ya digər formada əməyi olan şəxslər və 1918-1920-ci illərdə Naxçıvanın müdafiəsində, sərhədlərinin qorunub saxlanılmasında, əhalinin təhlükəsizliyi və doğma diyarın digər ictimai-siyasi işlərində xüsusilə fərqlənən şəxslərin fotoşəkilləri və bu tarixi şəxsiyyətlər haqqında məlumatlar tamaşaçılara təqdim edilir. Birinci sırada mərkəzdə qoyulan şəkil yuxarıda haqqında danışdığımız 3 əsrin tarixi yaddaşını özündə yaşadan XIX əsr tarixi-mədəniyyət abidəsinin 1928-ci ildə çəkilmiş fotosudur ki, 1918-1920-ci illərdə Araz-Türk Respublikasının Naxçıvan şəhərindəki qərargahı burada fəaliyyət göstərmişdir. Stenddə: Araz-Türk Cümhuriyyətinin başçısı olmuşdur. Azərbaycanın 1918-1920-ci illər istiqlal mücahidlərindəndir. 1930-cu illərdə Bakı Dövlət Universitetində müəllim işləmiş, məşhur rəssamlar Vidadi və Toğrul Nərimanbəyovların babası Əmir bəy Nərimanbəyovun fotosu sərgilənir. Digər foto cümhuriyyətin hərbi naziri olmuş İbrahim bəy Cahangiroğluya məxsusdur. O, 1919-cu ilin aprelində 13 nəfər məsləkdaşı ilə birlikdə ingilislər tərəfindən həbs edilərək Malta adasına sürgün edilmişdir. Qənbərəli bəy Bənəniyarlı – maliyyə naziri, Məmmədbağır Rzayev – cümhuriyyətin inzibati naziri olmuşlar ki, onların da fotoları stenddə sərgilənir. Onların hər ikisi ixtisasca hüquqşünas idi. Fotodakı Bağır Rzayev isə Moskva İmperator Universitetinin məzunu idi. Zaqafqaziya Seyminin, Azərbaycan Milli Şurasının və AXC parlamentinin üzvü olmuşdur. İrəvan şəhərinin ermənilərə güzəşt edilməsinə qarşı etiraz edənlərin arasında onun da adı vardır. Bolşeviklər 1937-ci ilin noyabrında Qənbərəli bəyi güllələmiş, Bağır bəy isə 1927-ci ildə müəmmalı şəkildə intihar etmişdir.
İkinci sırada mərkəzdə I Qafqaz Ordu Korpusunun komandanı Kazım Qarabəkir Paşanın fotosu yer almışdır ki, 1918-1921-ci illərdə Naxçıvana hərbi, siyasi, maddi və mənəvi dəstəyini əsirgəməmişdir. Kazım Qarabəkir Paşanı Naxçıvan əhalisi keçmişdə və bu gün də olduğu kimi, gələcəkdə də daim hörmət və ehtiramla yad edəcəkdir. İkinci sıradakı digər şəxsiyyətlər Cəmşid Naxçıvanskinin ailə üzvləri və yaxın qohumlarıdır. Fəxrlə qeyd edək ki, 1918-1920-ci illərdə Naxçıvanın müdafiəsinin təşkilində və ictimai-siyasi həyatında Naxçıvanskilər ailəsinin mühüm xidmətləri olmuşdur. Cəmşid Naxçıvanskinin atası Cəfərqulu xan, qardaşı III Kalbalı xan, əmisi Rəhim xan, dayısı Kərim xan, əminəvələri Bəhram xan və Kamran xan Naxçıvanskilər xalqın bu ağır günlərində ona sahib çıxmış, hərbi-siyasi manevrlər edərək doğma diyarın təhlükəsizliyini təmin etmişlər. Araz-Türk Respublikasının 20 tabordan ibarət silahlı dəstələrinin yaradılmasında III Kalbalı xan müstəsna xidmətlər göstərmiş, buna görə də Azərbaycan Xalq Cümhuriyyəti III Kalbalı xana general-mayor rütbəsi təqdim etmişdir. Stenddə Naxçıvanskilər sırasını milliyyətcə türkmən olan Məhəmməd Təkinski tamamlayır – maraqlıdır, deyilmi? Araz-Türk və Azərbaycan Xalq cümhuriyyətlərinin ərazi bütövlüyü uğrunda müstəsna xidmətləri olan, Ermənistan daşnak hökuməti tərəfindən “persona non qrata” elan edilmiş bu cəsur oğlan peşəkar bir diplomat kimi adını tariximizə yazdırıb. Müharibədə bütün qohumlarını və valideynlərini itirən 2 yaşlı Məhəmmədi Naxçıvanskilər oğulluğa götürüb, zadəgan titulu ilə böyüdüb oxutmuşlar.
P.S. Bəli, bu hadisə nə film ssenarisi, nə də bədii ədəbiyyat personajı deyil. Bu, Azərbaycan türkünün 150 il bundan əvvəl də, bu gün də yaşatdığı və gələcəkdə də yaşadacağı türk-müsəlman əxlaqıdır.
Stenddə üçüncü sırada yer alan Səməd bəy Cəmillinski Azərbaycan Xalq Cümhuriyyətinin Naxçıvandakı general qubernatoru vəzifəsində çalışaraq mahalda hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu uğrunda mübarizə aparmışdır. Abbasəli bəy və Teymur bəy Makinskilər Araz-Türk Cümhuriyyətinin parlament üzvləri, Mir Hidayət Seyidov Cümhuriyyətin Ordubad diyar təmsilçisi, Ordubad Milli Müdafiə Şurasının sədri olmuşdur. Hidayət Seyidov və Makinski əmioğlanları, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin parlament üzvləri olaraq mərkəzi parlamentdə də uğurlu siyasi fəaliyyət göstərmişlər. Hidayət bəy İrəvanın ermənilərə hədiyyə edilməsi ilə bağlı qərarın əleyhinə səs verən 3 nəfərdən biri olub. Mirabbas Mirbağırov 1919-cu ildə Naxçıvanın Azərbaycana birləşdirilməsi işinə rəhbərlik etmiş maarifpərvər ziyalı bir şəxs kimi tarixə düşüb. Əli Səbri Qasımov və Mirzə Nəsrulla Əmirov ictimai-siyasi xadimlərdir. Hər ikisi 1918-1920-ci illərdə Naxçıvanda baş verən hərbi-siyasi hadisələrin fəal iştirakçıları olmuşdur. 1918-1920-ci illərdə Cənubi Qafqazda cərəyan edən siyasi gərginlik fonunda Naxçıvanın ermənilər tərəfindən ilhaq edilməsinin qarşısını alan, Qərbdən gələn işbazlar önündə millətini ləyaqətlə təmsil edərək xarici düşmənlərə qarşı mərdliklə dayanan bu qəhrəman eloğlularımızı xalqımız daim minnətlə anacaqdır.
1920-ci il iyul ayının 28-də bol­şeviklərin Naxçıvana gəlməsi ilə diyarın müstəqil dövlətçilik arzusuna növbəti dəfə əl qoyuldu. Adlarını şanlı tariximizə qızıl hərflərlə yazmış cümhuriyyət qurucularının yarımçıq qalmış arzularını Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyev 70 il sonra – 1990-cı ilin noyabrında, məhz elə Naxçıvan torpağından başlayaraq reallığa çevirəcəkdi...
Salonun növbəti guşəsində sərgilənən əşyalar cümhuriyyət qurucularından miras qalmış xatirə əşyalarıdır.
Ekspozisiyanın sonuncu bölməsində təqdim olunan kitab və dərgilər Araz-Türk Cümhuriyyətinin fəaliyyətinə həsr edilmiş elmi-publisistik əsərlərdir.
“Şərq qapısı” qəzeti vasitəsilə muzeyə qiyabi ekskursiyamızı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun muzey haqqında söylədiyi dəyərli fikirlərlə yekunlaşdırmaq istərdim: “Naxçıvan tarixinin, tanınmış hərb xadimlərinin irsinin qorunub saxlandığı Cəmşid Naxçıvanski Muzeyi xalqın tarixi yaddaş salnaməsi, eyni zamanda vətənpərvərlik təliminin, dövlətçilik ənənələrinin daşıyıcısı olan mədəniyyət mərkəzidir”.
Cəmşid Naxçıvanski Muzeyinə gəlin, yurdumun sərkərdə əzəmətini, general mundirinin qoxusunu duyun – barıt, torpaq, VƏTƏN məğlubedilməzlik qoxusunu!

Abasət NURİYEV
Cəmşid Naxçıvanski Muzeyinin direktoru

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR