07 Dekabr 2024, Şənbə

Yunan əfsanələrinin birində qeyd olunur ki, Prometey odu tanrılardan oğurlayaraq insanlara gətirir. Bunu bilən tanrılar qəzəblənir və Prometeyi cəzalandırmaq məqsədilə onu Qafqaz dağlarının zirvəsində zəncirləməyi tapşırırlar. Burada qartal onun qaraciyərini hər gün didib yeyərmiş. Hər dəfə onun didilmiş qaraciyəri yenidən sağalarmış. (Əfsanədəki bu məqam bugünkü elm tərəfindən də sübut olunub – qaraciyər insanda özünü bərpa edən yeganə orqandır). Beləliklə, Prometey otuz il ərzində əzab çəkərək qaraciyərini qartala yedirtmişdir. İnsanlar əbədi işığa qovuşmuşdu, amma Prometey bunun cəzasını ağır ödəmişdi. Bu əfsanəni səbəbsiz xatırlamadım. Qafqazda yerləşən Azərbaycan da bir dövlət olaraq dəfələrlə parçalanmış, istilaya məruz qalmış, işğal edilmiş və hər dəfəsində də gücünü toplayaraq ayağa durmağı bacarmışdır. Azərbaycan xalqı bütün tarixi dönəmlərdə müstəqillik uğrunda daim mübarizə aparmış, bu istəyindən bir an olsun belə, geri çəkilməmişdir. 

 

Vətənimizin parçalanması tarixi XIX əsrin əvvəllərində Rusiya və İran arasında gedən müharibədən başlayır. Məhz bu müharibə Azərbaycanı ikiyə parçalayan Gülüstan və Türkmənçay müqavilələrinin imzalanmasına gətirib çıxardı. Adətən, sülh müqavilələri bir daha qan tökülməsin deyə, bağlanılır. Amma həmin müqavilələr Azərbaycanı elə amansızlıqla parçaladı ki, onun kəsdiyi yerdən hələ də qan axır. Bu müqavilədən sonra isə tək sevinən ermənilər oldu. Çünki Türkmənçay müqaviləsindən sonra Azərbaycan torpaqları hesabına Ermənistan dövləti yaradıldı. Türkmənçay müqaviləsindən əvvəl ermənilər sərgərdan bir toplum olublar. Buna görə də tarixçilər erməniləri “Türkmənçayın övladları” adlandırırlar. Yaşanan tarixi ədalətsizliyə baxmayaraq, Azərbaycan yenə ayaqda durdu və öz müstəqillik mübarizəsinə davam etdi. Nəhayət, XX əsrin əvvəllərində Azərbaycan xalqının çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində Birinci Dünya müharibəsi dövründə Şimali Azərbaycanda müsəlman Şərqinin ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Müstəqillik əldə edən Azərbaycan odu əldə edərək insanlara bəxş edən Prometey kimi, bəlkə də, ondan da artıq sevincli idi. Çünki azadlıq var olmaqdır, yaşamaqdır, yaşatmaqdır. Təəssüf ki, o zaman bu sevincimiz cəmi 23 ay davam etdi. Azərbaycan yenidən bolşevik rusların əsarəti altına düşdü. Prometey kimi, o da cəzalandırıldı. Amma onun cəzası 30 il yox, 70 il davam etdi. Bu illər ərzində xalqımızı öz dilindən, milli-mənəvi dəyərlərindən ayırmaq istəyənlərin millətimizə yaşatdıqları bütün çətinliklərə, zülmlərə baxmayaraq, Azərbaycan daim ayaqda durdu. Qolumuza vurulan 70 illik zəncirin ilk halqası 1990-cı ilin noyabr ayının 17-də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda qaldırılan üçrəngli, ay-ulduzlu Azərbaycan bayrağının dalğası ilə qırıldı. 1991-ci ilin oktyabrın 18-də isə müstəqilliyimiz yenidən bərpa edildi. Bu dəfə onu buxovlayan zəncirləri tamamilə qıran xalqımız min bir çətinliklə yenidən öz müstəqilliyinə qovuşdu.
Azərbaycanın dünyaya bir Günəş kimi doğacağından qorxanlar yenə də boş durmadılar. “Türkmənçayın övladları”nın arxasında dayanan qüvvələr bu dəfə də Qarabağımıza göz dikdilər. Yenicə müstəqillik əldə edən və hələ ordusu formalaşmamış bir ölkəyə gözdağı vermək üçün Qarabağı işğal etməklə qalmayıb insanlıq tarixində misligörülməmiş cinayətlər törətdilər. Odlar yurdu düz 30 il bu nifrət alovuyla alışdı, amma kül olmadı, qığılcım alıb yenidən doğdu. Nəhayət, ordumuz illərin qisasını alaraq 2020-ci ilin sentyabr ayında başlanan müharibədə düşməni ona bəslədiyi nifrət alovuyla yandırıb külə döndərdi. Azərbaycan oğullarının odlu nəfəsindən çıxan bu yanğın düşməni öldürdükcə Qarabağa can gəlirdi. İşğalçıdan təmizlənən ana yurd gül-çiçək açaraq payız fəslində azadlığın xoşətirli baharını yaşadı. Vətən torpağı igidlərimizin qanı ilə sulandıqca müqəddəslik qazandı, and yerimizə çevrildi. Qarabağına qovuşduqdan sonra artıq Azərbaycanda bütün fəsillər dirçəlişi xatırladan yaz fəsli kimidir. Azərbaycanın işğal olunan torpaqlarında açan azadlıq çiçəkləri bütün dünyanı heyrətə saldı. Çünki biz təkcə zəfər qazanmadıq, biz arxamızda dünyanın öyrənə biləcəyi çox izlər buraxdıq.
Birillik zəfər tariximizdə Şuşa dastanının ayrı bir yeri vardır. Sıldırım qayalara dırmanan Vətən oğulları öz yarına qovuşmaq üçün qayaları yaran Fərhaddan daha güclü və cəsarətli idilər. Onların da mübarizəsinin təməlində arzusuna çatmaq, Vətən sevgisinə qovuşmaq vardı. Onların “yarı” əzəmətini dağlardan alan, vüqarı və qüruru ilə gözoxşayan Şuşa idi. O Şuşa ki igid oğullarımızın onu fəth etməsi ilə düşməni birdəfəlik diz çökdürdü, hərbi kapitulyasiya aktını imzalamağa məcbur etdi.
O Şuşa ki özündə tariximizin minillik izlərini yaşadır. O Şuşa ki Cabbar Qaryağdıoğlunun, Xan Şuşinskinin səsini, dahi Üzeyirin musiqisini illərdir, qoynunda saxlayır. Mədəniyyətimizə, ədəbiyyatımıza, incəsənətimizə böyük tarixi şəxsiyyətlər bəxş edərək muğamımızın beşiyinə çevrilib. O Şuşa ki adında özü boyda tarixi yaşadır. Onun uğrunda qayalara dırmanan igidlərimiz topun, tüfəngin qarşısına süngü-bıçaqla çıxdılar. Dünya bu sevda qarşısında heyrətdən dondu, dili tutuldu. Çünki burada haqqı, ədaləti bərpa edən igidlərimiz, eyni zamanda bir məhəbbət dastanı yazdılar. Elə bir dastan ki bundan sonra da dünya tarixində dillərdən düşməyəcəkdir. Bu savaşda insanlıq tarixində cəsarətin, gücün, ağlın, yenilməzliyin simvoluna çevrilən Prometeyin ruhu da Azərbaycan igidlərinin qarşısında baş əydi. Öz dözümlülüyü, mübarizliyi, qorxmazlığı, cəsarəti, igidliyi ilə yenilməzlik simvoluna çevrilən xalqımız oddan-atəşdən qorxmayan Simurq quşu kimi dəfələrlə atəşə atılsa da, yanmadı, sönən odun külü içərisindən dirilib çıxdı. Artıq Azərbaycan bayrağı bir qartala dönüb Qafqaz dağlarının ən yüksək zirvəsində qanad çalır.

İlahə ALLAHVERDİYEVA
Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə
III kurs tələbəsi

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR