06 Dekabr 2024, Cümə

Naxçıvan Muxtar Respublikasında torpaqların mühafizəsi, ondan səmərəli istifadə olunması məqsədilə münbitliyin bərpa olunması, eləcə də ekoloji cəhətdən təmiz və keyfiyyətli bol məhsul istehsal olunması mühüm əhəmiyyət kəsb edir. Elə məhz buna görə də bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində  əkin dövriyyəsinə cəlb edilmiş torpaqlar genişləndirilmiş, yeni suvarma şəbəkələri qurulmuş, yaşıllıq sahələri artırılmışdır. Bütün bunlar isə ekoloji vəziyyətin yaxşılaşdırılmasına, kənd təsərrüfatı məhsulları istehsalının artımına, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsinə təsir göstərmişdir.Torpaqların münbitliyinin artırılması əhalinin həyat şəraitinin yaxşılaşdırılması ilə yanaşı, həm də gələcək nəsil üçün böyük imkanlar yaradır. 

 

Qürurla deyə bilərik ki, muxtar respublikanın şəhər və qəsəbələri ilə yanaşı, ən ucqar kəndlərində belə, sosial həyat üçün lazım olan bütün əsaslar yaradılıb. Qeyd edilənlərə uyğun olaraq, şəhər və qəsəbələrdə yaşayan əhalinin istirahətinin səmərəli təşkili, yaşıllıqların artırılması, torpaqların ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün bağ təsərrüfatının yaradılması və istifadəsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən 2019-cu il 10 dekabr tarixdə Qərar qəbul edilmişdir. Qərara əsasən Babək rayonunun ərazisindəki Uzunoba Su Anbarı ətrafında yerləşən 20 hektar istifadəsiz torpaq sahəsi bağ təsərrüfatı yaradılması, vətəndaşların istifadəsi üçün ayrılmışdır. Ayrılmış torpaq sahəsi 800 kvadratkilometr hissələrə bölünməklə 193 bağ təsərrüfatının yaradılmasına imkan verir.
Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Bağ təsərrüfatı üçün torpaq sahəsinin ayrılması və istifadəsi Qaydaları” təsdiq edilmişdir. Bu Qaydalar torpaq sahələrinin bağ təsərrüfatlarının yaradılması məqsədilə vətəndaşlara verilməsi və istifadəsinə dair münasibətləri tənzimləyir. Bağ təsərrüfatının obyektləri bağ sahəsi və bağ sahəsi üzərində mövcud olan bina, tikili və infrastruktur vahidlərindən, subyektləri isə bağ sahəsinin dövriyyəsində iştirak edən şəxslərdən, müvafiq icra hakimiyyəti orqanlarından və bağ istifadəçilərindən ibarətdir. Qeyd edək ki, bağ evi vətəndaşların mövsümi istifadəsi, müvəqqəti qalması ilə əlaqədar məişət və digər ehtiyaclarını ödəmək üçün inşa etdiyi əsas və yardımçı tikililərdir.
Bağ ərazilərinin təşkili ərazinin təbii-iqtisadi şəraiti, həmçinin mühəndis, nəqliyyat və sosial infrastrukturu nəzərə alınmaqla əlverişli hesab edilən, dövlət mülkiyyətində olan torpaq sahələri hesabına həyata keçirilir və vətəndaşların istirahəti, öz ehtiyacları üçün kənd təsərrüfatı bitkilərinin becərilməsi məqsədilə, bağ evləri və yardımçı təsərrüfat tikililəri inşa etmək hüququ ilə onların istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan torpaqların istifadəçiləri torpaqdan təyinatı üzrə istifadə etmək, qadağan edilmiş bitkilər istisna olmaqla kənd təsərrüfatı bitkiləri becərmək və məhsul üzərində mülkiyyət hüququnu həyata keçirmək, torpaq sahəsində su ehtiyatlarından ehtiyacı üçün istifadə etmək, razılaşdırılmış layihə əsasında bağ evi və yardımçı tikililər inşa etmək, qurğular quraşdırmaq hüququna malikdirlər.
Məlumat üçün bildirək ki, ayrılmış torpaq sahələrində bağ təsərrüfatlarının yaradılması məqsədilə ilkin mərhələdə 30 ədəd modul tipli evin quraşdırılmasına başlanılmış və artıq 15 evdə işlər yekunlaşdırılmışdır. Belə ki, ərazidə 10 ədəd 2 otaqlı (47 kvadratmetr) və 5 ədəd 3 otaqlı (52 kvadratmetr) modul tipli evlər quraşdırılmışdır. Hər ev üçün ayrılmış torpaq sahəsi çəpərlənmiş və abadlaşdırılmışdır. Ərazidə müasir su, kanalizasiya, elektrik və yol infrastrukturu qurulmuşdur. Modul tipli evlərin detalları dünyanın yüzdən çox ölkəsində layihələr həyata keçirmiş Türkiyənin “Karmod” şirkəti tərəfindən istehsal olunmuşdur. Şirkətin məhsulları özündə son texnologiyaları, yüksəkkeyfiyyətli komponentləri birləşdirməklə yanaşı, qısa müddət ərzində böyük layihələrin həyata keçirilməsinə imkan verir.
Evlərin quraşdırılması üçün Türkiyədən mütəxəssislər dəvət olunmuş və işləri həyata keçirən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin işçiləri üçün təcrübə keçmişdirlər. Bununla da işçilər artıq modul tipli evlərin qurulması işlərini tam olaraq həyata keçirirlər.
Evlərin qurulmasında istifadə olunan panellərin içi EPS materialı ilə izolyasiya olunmuşdur. Çöl divarların qalınlığı 10 santimetr, daxili divarların qalınlığı isə 6 santimetrdir. Birləşdirici elementlər olaraq qalvanizli U və H polad profillərdən istifadə edilmişdir.
Hazırda ərazidə əlavə 15 evin də quraşdırılması üçün işlər davam etdirilməkdədir. Belə ki, evlərin beton konstruksiya işləri yekunlaşdırılmışdır və qısa zamanda evlərin quraşdırılması başa çatdırılacaqdır.

Nuray Əsgərova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR